KİŞİ ÖLƏR, KİŞİLİK QALAR

ƏLİ VƏLİYEV – 95

Əli müəllim, Əli dayı, Əli əmi… rəsmi və qeyri–rəsmi tanıyanlar ona səmimiyyət, əlaməti olaraq  həmişə belə müraciət edirdi.

Əsrimizin ağrılı–acılı, sevincli–kədərli illəri başdan–başa onun ömründən keçmişdir. Əsrin əvvəllərində taleyinə qaçqınlıq qismət olsa da, sonrakı illərdə nökərçilikdən ona ictimai–siyasi xadim, xalq yazıçısı səviyyəsinə qədər yüksəlmək şərəfi nəsib olmuşdur. «Budağın xatirələri», «Qarabağda qalan izlər», «Zənkəzur qartalları». əsərlərini oxuyanlar, Əli müəllimin həyat və yaradıcılığı ilə tanış olanlar bunu yaxşı bilirlər.Əli Vəliyevlə baqlı onunla işləmiş həmkarlarının xatirələri xususilə səciyyəvidir. Anadan olmasının 95 illiyi ilə əlaqədar qızı Sevil xanımın, A.Məmmədov adına Azərbaycan Tərcümə və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri, Ə.Vəliyevin nəvəsi Afaq Məsudun səyi ilə 32 nəfərin xatirəsi toplanaraq kitab şəklində çap olunmuşdur.

Konkret faktlara əsaslanan bu xatirələrdə Ə.Vəliyevin şəxsiyyəti, ictimai fəaliyyəti öz əksini dolğunluğu ilə tapmışdır.

İsmayıl Şıxlı yazır: «Əli müəllim 82 il yaşadı, bütün ömrü boyu da zəhmətlə. Vəzifəli vaxtı da oldu, vəzifəsiz vaxtı da. Amma xasiyyəti dəyişmədi. Biz onu həmişə sadə, qəlbiaçıq, mehriban, tez tutulub tez açılan, hirslənməyi ilə barışması bir olan kin–küdurətsiz, qayğıkeş, uşaq təki sadəlövh bir adam kimi gördük «.

Rəsul Rza: «Mən onu 40 ilə yaxındır ki, tanıyıram. Bir insan, bir vətəndaş kimi Böyük Vətən  müharibəsinin qaynar günlərində  daha yaxından tanıdım. Əli cəbhə mühitində də mərd ,cəsarətli, təmkinli bir insan olduğunu sübut etdi».

Əli Vəliyevin doğulduğu Zəngəzur mahalı ikinci füsunkar təbiəti, həm də adlı–sanlı ikidləri, müdrik adamları ilə də məşhurdur. Xalq yazıçısı «Zənkəzur qartalları» kitabında onlardan geniş söhbət açır. Xalq şairi Məmməd Rahimin bu barədəki rəyi diqqəti xüsusilə cəlb edir: «Əli Qara oğlu şərəfli insanları axtarıb tapmış, yenidən xalqa qaytarmışdır. Qızıl axtaranlar beləcə bir qızılı tapmaq üçün bəlkə tonlarla qumu yuyub xəlbirdən keçirirlər. Əli Qara oğlu da «Zəngəzur qartalları»nı yaratmaq üçün belə bir iş görmüşdür.»

Mirzə İbrahimov öz xatirəsində rə’yini belə ümumiləşdirir: «Onun keçirdiyi ədəbi yaradıcılıq və mübarizə yollarına bütünlüklə nəzər saldıqda belə bir həqiqəti nəinki dostları, pərəstişkarları, hətta ona tənqidi yanaşanlar da etiraf edirlər ki, ürəyi uşaq ürəyi kimi təmiz, ədəbiyyatımız qarşısındakı xidmətləri böyükdür. O, xeyirxah, qeyrətli bir vətəndaş, həyatla, xalqla bağlı olan bir yazıçı, vəfalı bir dost idi».

Totalitar rejim şəraitində yüksək vəzifədə işləmək heç də asan deyildi. Belə bir mühitdə o nəinki öz mənəvi saflığını qoruya bilmiş, hətta bir çox həmkarlarını böhranlı məqamlardan xilas etməyə, onlara kömək göstərməyə müvəffəq olmuşdur. Bu barədə İlyas Əfəndiyev öz xatirələrində  çox maraqlı misallar gətirir: «Əli söüz bütöv, kara gələn bir adam kimi tanınmışdı. Buna görə də çətinliyə düşən adamların ona müraciət  etməsi təsadüfi deyildi. Doğrusu o zaman biz gənc yazıçılar özümüzdən yaşlı yazıçılardan, şairlərdən iki adamın – S.Vurğunun və Ə.Vəliyevin köməyinə güvənirdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı bir o qədər qayqıkeş idi. Səməddə, Əlidə ata–babalarımızdan, xalqdangələn  bir mərdlik var idi».

B.Vahabzadə onu mənəvi ata kimi xatırlayır. Onagörə ki, Ə.Vəliyev Laçın rayon qəzetində, Naxçıvan vilayət qəzetində çalışmış, respublikanın o zaman baş qəzeti olan «Kommunist»in redaktoru vəzifəsinə qədər çətin mətbuat yolu keçmişdir.

Əli Vəliyevin  vəfatından 15 il keçir. İndi onun kimi ziyalının aramızda olmaması təəssüf doğurur, adam qeyri–ixtiyari kövrəlir. Ancaq ondan təskinlik tapırsan ki, 1901–1983–cü illərdə xalqımızın öz gələcək  nəsillərinə nümunə ola bilən belə bir oğlu yaşamışdır. Sözümü pro­fessor Teymur Bünyadovun fikirlərilə tamamlamaq istəyirəm: «Kişi ölər, kişilik qalar, insan ölər, insanlıq qalar bu dünyada. Qoy bu kiçik yazım Əli müəllimin kişiliyinə, insanlığına  ehtiram olsun.»

Mürsəl QOCAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir