GÖRÜŞ TƏƏSSÜRATLARI

1944–cü ilin ortaları idi. Sənət məktəbinin müdavimi kimi Binəqədi Neft Trestinin dəqiq ölçü alətləri sexində buruqlardakı ölçü cihazlarına xidmət çilincəri işləyir, həm də axşam orta məktəbində təhsilimi davam etdirirdim. O zaman bir sıra yazıçılarımızla bərabər Əli Vəliyevin də mətbuatda çıxan məqalələrini, dərc olunan kitablarını ardıcıl mütaliə edirdim. Onu şəxsən görməyə arzu və maraq isə ilk dəfə 1930–cu illərdə nəşr edilən «Nənəmin cəhrəsi» kitabından başlanmışdı. Sonra isə «Qarlı dağlar», «Ordenli çoban», «Dostlar», «Sübut», «Cəbhə hekayələri»ni, «Qəhrəman» romanını oxumuşdum. Bu kitablarda kənd həyatına aid hadisələr o qədər aydın, sadə və şirin dildə təsvir edilmişdi ki, elə bil onların iştirakçısı olmuşdum.

Dayım Zülfü Əhmədov Bakıya partiya məktəbinə kursa gəlmişdir. Bir dəfə Ə.Vəliyevin «Cəbhə hekayələri» kitabını əlimdə görüb dedi:

Yaxşı eləyib oxuyursan. Sözü bütöv kişidir, təsibkeşdir. Onunla görüşəndə adama xoş təsir bağışlayır. Dayımın onu yaxşı tanıdığını eşidib xeyli sevindim. Ürəyimdə arzu etdiyim bu söz dilimə gəldi: «Kaş onu görəydim!» Bunu eşidən dayım dedi:

– Mən Bakıya gələndə həmişə onunla görüşürəm. Bu günlərdə onun evinə getməliyəm, şəxsi işim var. Onda səni də apararam.

Bir istirahət günü dayımın yanına getdim. Birlikdə onun (o zaman yaşadığı ünvan Çkalov 15 idi) evinə getdik. Ucqar bir dağ kənd uşağı kimi o zaman nə yazıçı, nə şair görmüşdüm, nə alim. Bütün həmyaşıdlarım kimi onları az qala qeyri-adi adam kimi təsəvvür edirdim.

Otağa daxil olanda ev paltarında bir kişi stolun üstündə banka ilə gimrik duz əzirdi. İlk baxışda onu bizim öz kəndimizdə olan kişilərə oxşadırdım. Əkinçilərə məxsus iri əlləri, qalın, sıx və uzun tüklü qaşları, səsində isə bənzərini tapa bilmədiyim bir ahəng var idi.

Məni təqdim edəndə bildim ki, bu elə hələ otuzuncu illərin ortalarında ibtidai məktəbdə oxuduğum zaman müəllimlərimdən eşitdiyim «Nənəmin cəhrəsi» hekayəsini yazan Əli Vəliyevdir. O, dayımla rayonun ümumi vəziyyətinə, camaatın güzəranına, əkin–biçin işlərinə, habelə rayon rəhbərlərinin necə işləmələrinə, Mahmudlu kəndində olan qohumlarına aid sorğu–sual apardı. Xeyli söhbət etdikdən sonra xudahafizləşib ayrıldıq. Bu ilk görüş məndə o qədər təəssürat yaratdı ki, indi də bu təəssürat şirin bir xatirə kimi qəlbimdə hifz olunmaqdadır.

APİ–də oxuyarkən mən ikinci dəfə onu S.Vurğunun «İnsan» pyesinin disputunda gördüm. Oğlu mərhum Məsudla isə APİ–yə gəlib–gedəndə tanış olmuşam. Artıq Ə.Vəliyev «Kommunist» qəzetinin redaktoru təyin edilmişdi. Buna görə də onun bütün publisistik fəaliyyətini daha müntəzəm izləyirdim. Rayona təyinat alandan sonra onun Zəngəzurdakı fəaliyyəti haqqında daha ətraflı məlumatım oldu. Laçın qəzasında müxtəlif vəzifələrdə, xüsusən «Sovet Kürdüstanı» qəzetində redaktor işləyərkən göstərdiyi fəaliyyət haqqında həmyaşıdlarımdan çox maraqlı epizodlar eşidirdim. Yazdığı bəzi əsərlərin mövzusu, bir çox qəhrəmanlarının prototipləri Zəngəzurdan götürülmüşdür. Sözün tam mənasında o, Zəngəzurun canlı ensiklopediyası idi. Öz xarakterinə görə Qubadlıda çox böyük ehtiram qazanmışdır. Əllinci illərin sonunda rayonda onunla keçirilən bir görüşdə bunun daha dərindən şahidi oldum. Bu görüşdə «Zəngəzur qartalları» kitabında bəhs olunan adamların sağ qalanları, dünyasını dəyişənlərin varisləri, ağsaqqallar, bütün ictimai təşkilatların nümayəndələri iştirak edirdi. Onun görüşdə etdiyi səmimi çıxış iştirakçıları elə cəlb etmişdi ki, bunu ifadə etməyə söz tapa bilmirəm.

Bu görüş ona görə təsirli idi ki, onu edən adam həyatın çox sınaqlarından mərdliklə çıxmış, muzdurluqdan cəmiyyətdə özünəməxsus mövqe qazanmışdır. Burada onun haqqında çıxış edən həmyaşıdları Zəngəzurda baş verən hadisələrdə onun iştirakı haqqında daqışdıqları epizodlar, doğrudan da, nəsillərə nümunə üçün çox ibrətamiz idi.

1964–cü il oktyabrın 14–də Naxçıvan MR–in 40 illik yubileyinə də’vət olunan Zəngilan-Qubadlı istehsalat idarəsinin nümayəndələri tərkibində mən də vardım. Qonaqlar «Naxçıvan» mehmanxanasında yerləşdirilirdi. S.Rəhimovu, Ə. Vəliyevi burada görəndə çox sevindim. Çünki onları xeyli müddət idi ki, görmürdüm. Çox səmimiyyətlə görüşüb rayonda vəziyyətə aid məni sorğu–suala tutdular. Çünki onlar da xeyli vaxt idi ki, Qubadlıya gəlmirdilər.

Mehmanxanada qonşu otaqlarda qalırdıq. Respublikanın rəhbərləri təcili Moskvaya çağrıldığından həmin gün yubiley sessiyası təxirə salındı. Bu, Xruşşovun vəzifədən götürüldüyü gün idi. Vaxtdan istifadə edib şəhərlə tanış olduq. Süleymanla Əlinin bir orta məktəbdə maraqlı görüşü keçirildi. «Şərq qapısı» qəzetinin redaktoru, yazıçı H.İbrahimov bizi nahara dəvət etdi. Burada müxtəlif məsələlərə aid söhbətlər getdi. Yeri gələndə bir–birinə incə zarafatlar edirdilər. Haşiyə: Mən sonralar bu zarafatların arxasında duran səmimiyyətdən bir daha dərk etdim ki, onların taleyi necə oxşar imiş!

Zəngəzurun azərbaycanlı ellərində onların adı həmişə qoşa çəkilir. Çünki Xaliq onlara həm zahiri, həm də mənəvi cəhətdən elə oxşarlıq bəxş etmişdir ki, bunu izah etmək çox çətindir. Hər ikisi əsrin başlanğıcında, Novruzda – baharın ilk günündə dünyaya göz açmışdır. Hər ikisi eyni məktəblərdə təhsil almış, eyni vaxtlarda müəllim işləmiş, eyni vaxtlarda eyni rayonlarda fəaliyyət göstərmişlər. Eyni vaxtlarda Bakıya gəlib yaradıcılıq fəaliyyətinə başlamış, Azərbaycan Yazıçılar İttifaqının həyatında hər ikisi çox fəal rol oynamış və xalq yazıçısı kimi fəxri ada layiq görülmüşdür. Hər ikisinin uca boyu, qəddi-qaməti yüz adamın içində belə seçilməsi, fiziki cəhətdən saf olması da tale oxşarlığıdır.

Totalitar rejim şəraitində, necə deyərlər, quş cınqırını çıxara bilmədiyi bir zamanda onlar öz mənəvi saflıqlarını qoruya bilmiş, həm də bir çox həmkarlarını gözləyən böhranlı məqamlardan xilas etməyə nail olmuşlar. İ.Əfəndiyev öz xatirələrində yazır: «Biz gənc yazıçılar özümüzdən yaşlı şair və yazıçılardan Səmədin və Əlinin köməyinə güvənərdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı o qədər qayğıkeş idi. Səməddə də, Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi.»

Çox qəribədir ki, tale sanki onların kədərlərini də tarazlaşdırmışdır. Belə ki, Süleymanın oğlu, respublikada seymisalogiya sahəsində tanınmış gənc mütəxəssis Şamonun vaxtsız ölümü Rəhimovlar ailəsi üçün böyük itki idi. Bu, elə Əli kişinin ailəsi üçün də böyük kədər olmuşdur.

Belə bir ağır itki Ə. Vəliyevlər ailəsinə də üz verdi. Onun oğlu, filologiya elmləri doktoru Məsudun vaxtsız ölümü də Rəhimovlar ailəsinə böyük dərd oldu. Onları tanıyanlar yaxşı bilirlər ki, Süleymanla Qələm, Əli ilə Qumru xanım çox mehriban, sədaqətli ömür–gün yoldaşı olmuşlar. Onların da hər ikisi ərlərindən əvvəl dünyalarını dəyişmişdir. Eyni kədəri hər iki ailə birgə çəkməli olmuşdur. Taleyin daha bir oxşarlığı: hər ikisi 1983–cü il ay fərqi ilə əbədiyyətə qovuşmuşdur…

1971–ci ilin yayında «Durna qatarı» kitabına material toplamaq üçün Zəngilana gəlmişdi. Onda 70 yaşı tamam olmuşdu. Bu münasibətlə təbrik teleqramı göndərmişdim. Əvvəllər isə «Zəngəzur qartalları» kitabını oxuduqdan sonra ona məktub yazmış, kitabın necə qarşılanması, oçerk yazdığı adamların qohumlarının minnətdarlığı, öz şəxsi rəyimi ona ən xoş arzularımı bildirmişdim. Görüşərkən göndərdiyim məktub, vurduğum teleqram üçün mənə öz razılığını bildirdi.

Artıq işini qurtarmışdı. Səhər tezdən getməli idi. Əli müəllim onu çox səmimi qarşıladı, şirin–şirin hal–əhval tutdu. Məhərrəm müəllim onu evə dəvət etdi. Vaxtının olmamasını nəzərə alıb getməyə tərəddüd etdi. Onun tərəddüdünü görüb söhbətə qarışdım:

– Əli dayı, – dedim – tələbənin, əsgərin, sanatoriya yoldaşlığının başqa aləmi var. Ayrılandan sonra nə vaxtsa görüşməyi arzulayırlar. O da sizin kimi bir adam ola. Məhərrəm müəllim sizi, necə deyərlər, göydə axtarırdı, yerdə, həm də qapısının astanasında əlinə düşmüsünüz. Onun sözünü necə yerə salmaq olar! Axı şairlərin xasiyyətini bilirsiniz. Onun ailəsi ilə tanış olmaq bəlkə sizə mövzu da verər. Siz qəhrəmanlardan yazırsınız. Onun arvadı Cahan xanım Sosialist Əməyi Qəhrəmanı olmasa da, 4 qızı, 6 oğlu olan Qəhrəman anadır. Bəlkə sonralar belə analardan da ikinci bir «Durna qatarı» yazmalı oldunuz. Əli müəllim gülüb razılıq verdi. Bir şərtlə ki, çox ləngitməyək.

Məhərrəm müəllim ona yaxşı süfrə açdırmışdı. Lakin Əli müəllim şəkəri olduğu üçün pəhriz saxlayırdı. Buna görə də çox az yedi. Əslində söhbət onun yeməyindən getmirdi. Biz onunla heç olmasa bir saat artıq görüşməyi qənimət bilirdik. Axı belə bir imkanın bizim əlimizə bir də nə vaxt düşəcəyini heç xəyalımıza da gətirməzdik.

Doğrudan da, onunla sonralar görüşə bilmədik. Yalnız anadan olmasının 80 illiyi münasibəti ilə təbrik teleqramı göndərdim. İki il sonra isə «Zəngəzur qartalları»ndan biri olan Əli dayı ömür zirvəsində əbədiyyətə qovuşdu.

Bu günlərdə Aydın Məmmədov adına Azərbaycan Tərcümə Mərkəzi (sədr Afaq Məsuddur) Sevil Vəliyevanın tərtibi əsasında xalq yazıçısının xatirəsinə ithaf olunmuş «Yadda qalan xatirələr» adlı kitab nəşr etmişdir. Burada 32 nəfər tanınmış yazıçı və şairin xatirəsi dərc olunmuşdur. Səmimiyyətlə yazılmış bu xatirələri adam çox məmnunluq hissi ilə oxuyur. Müəlliflər onun şəxsiyyətindən, xarakterindən konkret faktlar əsasında dolğunluqla söz açmışdır. S.Rəhimov onu «Yeri görünən», İ.Şıxlı «qəlbi üzündən oxunan», R.Rza «Ədəbiyyata həyatdan gələn», M.İbrahimov «Ürəyi uşaq ürəyi kimi təmiz», Ş.Əsgərov «Bir sözlü, bir üzlü adam», M.Dilbazi «Xalqın kişi oğlu» adlandırmışdır.

B.Vahabzadə isə onu «mənəvi atamız» kimi xarakterizə edir. Biz jurnalistlər də bunu özümüzə şamil edirik. Çünki Ə.Vəliyev bədii yaradıcılıqla bərabər, jurnalistika sahəsində uzun müddət fəaliyyət göstərmişdir.

Milli qeyrətli, cəsarətli, kişi bütövlüyü və ümumiyyətlə, mənəvi saflığı ilə indiki nəsillərə nümunə olduğu kimi, gələcək nəsillərə də nümunə ola biləcək şəxsiyyətdir Əli Vəliyev.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir