QƏZET SƏHİFƏSİNƏ BÜKÜLMÜŞ ÖMÜR

Mürsəl Qocayev 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. İbtidai məktəbi öz kəndində, natamam orta təhsilini isə qonşu Gilətağ kənd orta məktəbində almışdır.

1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1948-ci ildə oranı bitirmişdir. 1948–1949-cu tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953–1955-ci tədris illərində tədris hissəsi üzrə direktor müavini işləmişdir.

1955-ci ilin yanvarında Qubadlı Rayon Partiya Komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayonun “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir.

1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə həftədə dörd dəfə nəşr olunan rayonlararası “Kolxozçu” qəzeti fəaliyyətə başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngilan rayonları üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə qədər bu vəzifədə işləmişdir.

1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonları üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuşdur. 1965-ci ildə rayonlar ayrılıb öz qəzetlərini nəşr etməyə başladıqdan sonra isə o, “Kənd həyatı” rayon qəzetində redaktor kimi fəaliyyətini davam etdirmişdir.

1986-cı ildə təqaüd yaşına çatsa da, onu vəzifədən azad etməmişlər. Lakin 1989-cu ilin iyul ayında redaktorluq vəzifəsindən könüllü surətdə təqaüdə çıxmış və jurnalistlik fəaliyyətini rayon və respublika qəzetlərində vaxtaşırı məqalələr yazmaqla davam etdirmişdir.

Redaktor olduğu müddətdə rəhbərlik etdiyi kollektivlərə bacarıqla başçılıq etmiş, onların peşə bilik və bacarıqlarını artırmalarına hər vasitə ilə köməklik göstərmişdir. İşlədiyi müddətdə mətbəə üçün ixtisaslı işçilər yetişdirmiş, redaksiya əməkdaşlarının jurnalistika təhsili almalarına nail olmuşdur.

Vaxtilə qəzetdə fəhlə-kəndli müxbiri kimi iştirak etməyə həvəs göstərən bir sıra gənclərin universitetdə ixtisas təhsili almalarına redaksiyanın zəmanəti ilə istiqamət vermişdir. Əgər 1963-cü ildə redaksiyada cəmi bir nəfər jurnalist var idisə, sonrakı illərdə onların sayı tədricən artmışdır. Beləliklə, jurnalistlərin sayının artması nəticəsində qonşu rayon redaksiyaları arasında ilk olaraq Zəngilanın “Kənd həyatı” qəzeti redaksiyasında Azərbaycan Jurnalistlər Birliyinin ilk təşkilatı yaradılmışdır. 1980-ci illərdə 6 nəfər qiyabi, 6 nəfər isə qəzetin zəmanəti ilə əyani jurnalistika təhsili almışdır.

O zamanlar ali məktəblərə qəbul heç də asan deyildi. Lakin qəzetlərin nəşr dövriyyəsinin artması və onların fəaliyyətinin genişləndirilməsi jurnalist kadrlarına olan tələbatı artırmışdı. Redaktor kimi o, bu imkandan istifadə edərək bir qrup mətbuat həvəskarı olan gəncin jurnalistika təhsili alması üçün lazım olan bütün köməkliyi göstərmişdir. Qiyabi təhsil alanların əvəzinə özü aylarla işləmək məcburiyyətində qalmışdır.

1978-ci ildən 1990-cı ilədək Azərbaycan Jurnalistlər Birliyinin “Kənd həyatı” qəzeti redaksiyası yanında fəaliyyət göstərən ilk jurnalist təşkilatının katibi olmuşdur.

O zamanlar mətbəələrdə iş şəraiti heç də asan deyildi. Mətbəənin və redaksiyanın yerləşdiyi bina tələbatı ödəmirdi. Buna görə də onun təkidi ilə rayon rəhbərləri redaksiyanı və mətbəəni daha geniş bina ilə təmin etmişlər. Bu da qəzetin daha keyfiyyətli çıxmasına və işçilər üçün rahat iş şəraitinin yaradılmasına imkan vermişdir.

Mətbəədə, demək olar ki, qəzetin çapından başqa bütün işlər ağır əl əməyi ilə görülürdü. 1970-ci illərdə mətbəəyə 2 ədəd linotip maşını alınmasına nail olmuş, bununla da qəzetin şriftlərinin texniki üsulla yığılması təşkil edilmişdir. Bunun üçün əvvəlcə 2 nəfər linotipçi hazırlanmış və mətbəədə əl ilə şrift yığmaq kimi ağır və üzücü əməyə son qoyulmuşdur.

İşlədiyi müddətdə rayonun yaradıcı gəncləri ilə xüsusilə müntəzəm məşğul olmuş, redaksiya kollektivi vasitəsilə onlara hərtərəfli kömək göstərmişdir. Təşkil olunmuş ədəbi birlik vasitəsilə həmin gənclərə lazımi yaradıcılıq istiqaməti verilmişdir. Onlardan 15 nəfərin kitabları nəşr olunmuş, bəziləri isə Azərbaycan Yazıçılar Birliyinə qəbul olunmuşdur.

İşlədiyi dövrdə Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında təkcə oxucuların deyil, bütövlükdə təmasda olduğu bütün sakinlərin, xüsusən əmək adamlarının etibar və etimadını qazanmışdır.

Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə “Zəngilanın səsi” qəzetinin 65 illiyi münasibətilə 23 dekabr 1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” mükafatı ilə təltif olunmuşdur.

Mətbuatda uzun illər səmərəli fəaliyyətinə, publisistik yaradıcılıq uğurlarına görə “Zəngilanın səsi” (“Kənd həyatı”) qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 65 illiyi münasibətilə KİMİHİ-nin “Ustad” Ali Jurnalist Mükafatının fəxri diplomu ilə təltif olunmuşdur.

Rayon işğal olunduqdan sonra “İki sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət”, “Vətən səsi”, “Həyat”, “Zəngəzur”, “Azərbaycan müəllimi”, “Təzə həyat”, “Proqnoz”, “Kredo”, “Demokratiya”, “Press-fakt” qəzetlərində müntəzəm olaraq ədəbi-bədii və publisistik məqalələrlə çıxış etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir