MƏN BİR HƏKİM TANIYIRDIM – “ETİRAF” QƏHRƏMANININ PROTOTİPİ

Bəxtiyar Vahabzadənin pərəstişkarlarından olan müsahiblərimdən biri ilə onun poeziyası haqqında fikir mübadiləsi edirdik. Söhbət zamanı müsahibim şairin “Göz yaşları“ şe’rini ithaf etdiyi həkim Cavanşir Babayevin kimliyi ilə maraqlandı. Yəqin ki, şe’ri oxuyan bir çox oxucular da həmin həkimin şəxsiyyəti ilə maraqlanmamış olmazlar.

Müsahibimin bu sualı yaddaşımda onunla bağlı olanları oyatdı. Axı şair öz şe’rini kimə isə təsadüfən ithaf etməz. O da Bəxtiyar Vahabzadə kimi həssas, sözün qədir və qiymətini son dərəcə yüksək tutan bir sənətkar ola!

Mən həkimi 1950–ci ildən tanıyıram. Hətta işlədiyi xəstəxanada iki həftədən artıq onun özündən müalicə almışam. Dünyasını tərk edənə kimi onunla ailəvi münasibətdə olmuşam.

Bəxtiyarla həkimin şəxsi tanışlığının hansı bir təsadüfün nəticəsində mümkün olduğu barədə geniş söhbət açmaq fikrində deyiləm. Ancaq buna şahidəm ki, həkim onun yaradıcılığına hələ əllinci illərdən pərəstiş edirdi. Bəxtiyar müəllim də ona təkcə həkim kimi deyil, həm də milli qürurlu, geniş dünyagörüşlü, sağlam məişətli və mənəviyyatlı, işıqlı bir ziyalı kimi ehtiram bəsləyirdi. “Şah və bülbül“ əf­sanəsi əsasında yazdığı və ona ithaf etdiyi “Göz yaşları“ şe’rində bu rəğbət öz əksini aydın tapmışdır.

Həkim C.Babayev əslən Şuşadan olub Qaryagində yaşamış, 1938–ci ildə ATİ–ni bitirmişdir. Təyinatla 3 il Naxçıvanda çalışmış, sonra səfərbərliyə alınıb Sovet qoşunları tərkibində İrana göndərilmiş və hərbi həkim kimi xidmət etmişdir. Bir müddətdən sonra onu Mərdəkanda hərbi qospitala baş həkim təyin etmişlər. Tərxis olunandan sonra isə F.Əfəndiyev adına 4 nömrəli xəstəxanada işləmişdir. O, tibb elmləri doktoru, professor M.Nəzirovun rəhbərliyi ilə “Brüsseloz və onun klinikası“ mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Hətta müzakirə zamanı ona tədqiqat işinə görə elmlər doktoru alimlik dərəcəsi adı vermək haqqında təkliflər də irəli sürülmüşdür. Lakin həkim bununla razılaşmamışdır.

Cavanşir Babayev ömrünün sonuna kimi Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun tropik təbabət kafedrasında tibbi–pedaqoji fəaliyyət göstərmişdir. Bu institutda təkcə Azərbaycan həkimləri deyil, sovet məkanında olan müttəfiq respublikaların bir çox həkimləri də öz ixtisaslarını artırmışlar. O, yarım əsrə qədər Azərbaycanda xalq səhiyyəsinin inkişafına fədakarlıqla xidmət etmişdir.

Lakin Qarboçovun yenidənqurma konsepsiyası əsasında gənc mütəxəssisləri yerləşdirmək bəhanəsi ilə yaşlı mütəxəssisləri öz işlərindən təqaüdə çıxmaq adı ilə kütləvi surətdə uzaqlaşdırmağa başladılar. Həkim C.Babayev də bunun qurbanı oldu. Bu haqsızlıq onu çox sarsıtdı. Elə bu vaxtlarda Qarabağ münaqişələri başladı. Vaxtı ilə qaçqınlığa məruz qalan və erməni sitəmini görmüş həkimin sarsıntısı onun infarkt keçirməsinə səbəb oldu və 1988–ci il fevralın 21–də öz dünyasını dəyişdi. Bəxtiyar müəllim dəfnində iştirak etməklə qırxı çıxana qədər ailəsi ilə birlikdə “Etiraf“ın qəhrəmanı Cahangirin prototipi Cavanşirə təziyyə saxladı.

Bəxtiyar müəllim 1988–ci ilə qədər nəşr olunan bütün kitablarının ilk mətbəə nüsxəsini avtoqrafla xatirə kimi ona bağışlamış-ır. Həmin kitablar həkimin ailə kitabxanasında qayğıkeşliklə saxlanmaqdadır. Onun “Şəbi–hicran“ poemasına yazdığı avtoqrafda həkim C.Babayevə olan münasibəti öz ifadəsini aydın tapmışdır:

“Bu əsərin yaradılmasında mənə qardaşlıq köməyi göstərən, əziz dostum, həmkarım, sirdaşım, məsləkdaşım, istinadgahım Cavanşirə müəllifdən.

Bəxtiyar.

8.1.1960–cı il”

Müsahibimin Bəxtiyar yaradıcılığına olan marağı məndə başqa bir faktdan da söhbət açmağa meyl oyatdı.

1961–ci ilin ilk ayları idi. Bakıya ezamiyyətə gəlmişdim. Həkimə təzə ev verilmişdi. Uzun illər bacısıgildə darısqal bir evdə yaşamış həkim üçün bu, əsil bayram idi. Yeni evə köçməyə mən də kömək etməli oldum. Şeyləri bir “Volqa“ maşını ilə daşıyırdıq. Öyrəndim ki, bu maşın Bəxtiyar müəllimin şəxsi maşınıdır. Köməyə göndərmişdi. Həkimə gözlədiyi vaxtdan çox tez ev verilməsinin tarixçəsi ilə maraqlandım. Bu işdə Bəxtiyar müəllimin də köməyi az olmamışdır.

Bəxtiyar müəllimlə həmyaşıd olub eyni illərdə ali məktəbdə (mən APİ–də, o isə ADU–da) oxumuş olsaq da, mənə onunla şəxsən görüşmək nəsib olmamışdı. Buna görə bir pərəstişkar kimi onunla görüşüb, tanış olmaq həvəsi məni heç vaxt tərk etmirdi. Belə bir məqamın nə vaxt düşəcəyinin çoxdan intizarında idim. 1961–ci ildə Bakıya ezamiyyətə gəldiyim zaman belə bir imkan düşdü. Cavanşir həkim Novruz bayramı qabağı Bəxtiyar müəllimlə görüşə gedərkən məni də özü ilə apardı. Ədəbiyyatımızda o zaman bir ulduz kimi parlamağa başlayan, pərəstiş etdiyim Bəxtiyar müəllimlə görüş mənim üçün son dərəcə xoş idi.

Onlar müxtəlif məsələlərə dair çox söhbət etdilər. Onların müsahibələrini diqqətlə dinləyirdim. Söhbətlərindən çox aydın nəzərə çarpırdı ki, onlar bir–birinə necə ehtiram bəsləyir və fikirləri necə üst–üstə düşürdü.

Jurnalist marağı ilə onların bu söhbət məqamını fotokameramın lentinə köçürdüm. Ancaq xəyalıma gəlməzdi ki, bir zaman Cavanşir həkim Bəxtiyar müəllimin hansı bir əsərininsə baş qəhrəmanının prototipi olacaqmış! Bu şəkil isə şairin yaratdığı obrazla görüş məqamını xatırlatmağa imkan verən qiymətli yadigara çeviriləcəkmiş.

“Şəbi–hicran“ dan sonra B. Vahabzadənin yazdığı iri həcmli “E’tiraf“ poemasını oxucular çox böyük maraqla qarşıladılar. Mən poemanı oxuyarkən istər–istəməz Bəxtiyar müəllimlə həkimin görüşünü və həmin məqamda çəkdiyim şəkli xatırladım. Çünki poemadakı Cahangir surətinin bütün mənəvi keyfiyyətləri həkim Cavanşiri xatırladırdı.

Mən Bakıya ezamiyyətə gələrkən həkimdə Bəxtiyar müəllimin üstündə “Əziz dostum, qardaşım Cavanşirə “E’tiraf“ın qəhrəmanı Cahangirə.

Bəxtiyar 10 iyun 1962“ avtoqraf yazdığı kitabını görəndə zənnimdə yanılmadığma sevindim.

Bəli, şair həkim Cavanşir Babayevin prototipi nümunəsində öz yüksək mənəviyyatı, xeyirxah hərəkəti ilə təkəbbür, eqoist Bahadur kimi prokuroru alçaldıb onu doğru yola dəvət etməyə nail olan Cahangir kimi ümumiləşdirilmiş ibrətamiz bir obraz yaratmışdır. Elə bir obraz ki, bütün nəsillər üçün o, mənəvi tərbiyə nümunəsi olacaqdır.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir