NAĞILLAŞAN İLLƏR, ƏFSANƏLƏŞƏN OĞULLAR

Ötüb getməz tarixlərdən göstərilən böyük hünər,

  O hünəri öz alnına ulduzlarla yazar göylər!

                                                         Səməd Vurğun.

Təqvimdə elə günlər var ki, bizdən dəqiqəbədəqiqə uzaqlaşdığı illərin axarında əlamətdarlığı, həyəcan-iztirabları ilə unudulmazdır. Bunu 1941-ci il 21 iyun, 1945-ci il 9 May günləri timsalında görmək olar.

1941-45-ci il müharibəsində Azərbaycanın 700 min nəfərdən çox oğlu və qızı iştirak etmişdir. Onların 300 mini döyüş meydanlarındaca əbədiyyətə qovuşmuşdur.

1942-ci ildən milli diviziyaların təşkilinə başlandı. Bu dövrdə 223, 416, 402, 77-ci Azərbaycan diviziyaları yaradıldı. Bu, Azərbaycan xalqının öz igidliyini döyüşlərdə nümayiş etdirməsinə imkan verdi. Bu və digər diviziyaların tərkibində döyüşən Azərbaycan vətəndaşlarından 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O cümlədən general-mayor H.Aslanova bu ad iki dəfə verildi. On mindən çox döyüşçü isə orden və medallarla təltif edildi.

Bu kütləvi qəhrəmanlığı Azərbaycanın bütün bölgələri ilə bərabər, bizim Zəngilanın da timsalında görmək olar. Bu balaca dağlıq rayonundan cəbhəyə 3 minə yaxın adam getmiş, onun yarısına doğma diyara dönmək nəsib olmamışdır. Sağ qalanların əksəriyyəti isə döyüş şöhrəti rəmzləri olan müxtəlif orden və medallarla geri dönmüşdür.

416-cı «Taqanroq» diviziyasında xidmət etmiş bir sıra zəngilanlıların adı diviziyanın döyüş salnaməsinə əbədi yazılmışdır. Onlardan biri 1386-cı polkun ikinci batalyonunun komandir müavini kapitan İsmayıl Sayılovdur. O, Taqanroq, Melitopol uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Əməliyyatların birində isə mühasirəyə düşüb yoldaşları ilə bərabər mərdliklə döyüşüb həlak olsa da, Melitopolun alınmasına böyük kömək göstərmişdir. O, Qoqol parkının önündə ehtiramla dəfn edilmişdir. Ölümündən sonra isə «Vətən müharibəsi» döyüş ordeninin birinci dərəcəsi ilə təltif olunmuşdur. Döyüş yoldaşları onun qisasını almaq haqqında içdikləri anda Reyxstaq qarşısında açdıqları yaylım atəşi ilə əməl etdiklərini bildirmişlər.

Həmin batalyonun xüsusi şöbəsinin zabiti kapitan Məhəmməd Heydərov iki döyüş ordeni və bir neçə medalla təltif olunmuşdur. Tərxis olunandan sonra rayonda bərpa və quruculuq işlərində diqqətəlayiq təşkilatçılıq göstərmişdir.

Belorusiya partizan dəstələrində xidmət etmiş İslam Qocayev çox uğurlu partizan əməliyyatları aparmaqda dəfələrlə şücaət göstərmişdir. Belorusiya partizan hərəkatının rəhbərlərindən biri Maşerov onun Belorusiya partizan hərəkatındakı fəaliyyətini dönə-dönə razılıq hissi ilə qeyd etmişdir.

Marşal Qavrov isə Vejnəli kəndindən olan Şaban Qocayevin bacarıqlı snayperçi kimi onun döyüşlərdə 20 faşisti öz silahının patronuna, necə deyərlər, «qonaq» etdiyindən öz çıxışında iftixarla söz aç-mışdır. Şaban kişi tərxis olunandan sonra Vejnəli Mədən Axtarış Kəşfiyyat İdarəsində çox səmərəli fəaliyyət göstərmişdir.

Respublikamız üzrə «Şöhrət» ordeninin üç dərəcəsi üzrə 25 nəfər təltif olunmuşdu. Onun biri də Müşlan kəndindən olan Vəli Quliyevdir. Bu üç dərəcə «Şöhrət» ordeni almaq Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməyə bərabər tutulur. Ehtiram əlaməti olaraq Latviyada bir məktəbə onun adının verilməsi də məhz bununla əlaqədardır.

Həmin ordenin iki dərəcəsi üzrə müəllim Nəriman Ağayev, bir dərəcəsi üzrə Vəli Mustafayev, İdris Şıxəliyev, Soltan Qardaşov və başqaları təltif olunmuşlar.

Mincivan qəsəbə gənclərindən biri olan Musa Cəfərov növbəti 3 illik hərbi xidmətini başa vurub tərxis haqqında fərman gözləyirdi. O zaman Dunay sahillərində idi. Ancaq bir yay səhərini müharibənin başlanması xəbəri ilə açdı. 21 yaşlı gənc öz yaşıdları ilə buradan cəbhəyə yollandı. O, topçu batereyası komandiri kimi Berlinədək uzun bir döyüş yolu keçdi, yalnız 1946-cı ildə tərxis olundu. Döyüş şücaətinə görə «Qırmızı Ulduz», «Qırmızı Əmək Bayrağı», «Vətən müharibəsi» ordenlərinə, habelə bir sıra şəhərlərin azad edilməsinə görə medallara və təşəkkürlərə layiq görülmüşdür. Tərxis olunandan sonra Mincivan dəmir yolunda işləmiş, «Qabaqcıl dəmiryolçu» fəxri adını almışdır. Qəsəbə elektrik şəbəkəsinin rəisi və qəsəbə sovetinin sədri işlərkən xidmətlərinə görə «Şərəf nişanı» ordeni və «Əməkdar igidliyə görə» medalı ilə təltif olunmuşdur. O, qaçqın kimi Bakının Pirşağı qəsəbəsində məskunlaşmış və Vətən itkisi dərdinə dözməyərək 1994-cü ildə dünyasını dəyişmişdir.

Baharlı kəndindən olan Ataş Rəsulov Berlinədək gedən döyüşlərdən «Qızıl Ulduz» ordeni ilə qayıtdı. Hazırda İnşaat Mühəndisləri Universitetinin dosentidir.

Müxtəlif cəbhələrdə fədakarlıqla döyüşən Allahverən Həsənov döyüş şöhrəti ordenləri sırasına Sosialist Əməyi Qəhrəmanı adının rəmzlərini də taxdı.

Məmmədxan Mustafayev texnikumu yenicə bitirib müəllimliyə başlamışdı ki, ilk səfərbərliyə alınanlardan biri oldu. Şiddətli döyüşlərin birində sağ əlindən ağır yara aldı. Məmmədxan öz peşəsindən ayrılmasını heç cür təsəvvür edə bilmirdi. Tərxis olunduqdan sonra özündə qüvvə tapıb sol əllə yazmağı öyrəndi. Hətta sağ əllə yazanlar belə onun hüsnxəttinə heyran qalırdı. O, 52 ildir ki, müəllimlik edir.

Bu gün bütün bunları ona görə xatırlamaq zəruridir ki, bu fonda nankor qonşularımız ermənilər tərəfindən məruz qaldığımız təcavüzün mahiyyətini daha dərindən dərk edək,işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə xalqımızın göstərdiyi şücaətdən ilham alıb nümunə götürək.

4-cü ilə qədəm qoyuruq ki, bir sıra rayonlarla bərabər, Zəngilan rayonu da işğal olunmuş, əhali müxtəlif yerlərdə məskunlaşmışdır. Ancaq kimin harada yaşamasından asılı olmayaraq hamı eyni arzu – torpaqlarımızın azad edilməsi və doğma yurda qayıtmaq inamı ilə yaşayır. Rayonun müharibə və əmək veteranları şurası onları öz səylərini dövlətçiliyimizin möhkəmlənməsi yolunda daha da birləşdirməyə, gənclərimizi Azərbaycan Ordusu sıralarında nümunəvi xidmət etməyə, yaşlı nəsillərin döyüş şöhrəti ənənələrindən daim nümunə götürməyə çağırır.

 

Mürsəl Qocayev, “Azərbaycan müəllimi“ qəzeti, N 34, 08.05.1997

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir