NAĞILLAŞAN ÖMÜR

İnsan özünün nə dünyaya gəlişindən, nə də gedişindən xəbəri olur. Bu iki məqam arasında yaşadığı illər isə onun fəaliyyət dövrüdür. Xoşbəxt o adamdır ki, sağlığında camaatın hörmətini qazana, dünyasını dəyişəndən sonra isə ehtiramla xatırlanıb ruhuna rəhmət oxuna. Belə adamlardan biri də Əliyev Mirağa Əli oğludur.

Bir çoxları onu Taqanroq adına 410-cu Azərbaycan diviziyasının döyüş şöhrəti ilə adsan qazanmış zabit,mülki işlərdə isə bacarıqlı kənd təsərrüfatı mütəxəssisi,qurucu və təşkilatçı,alim-pedaqoq, xeyirxah və qayğıkeş bir insan kimi tanıyırlar.

1912-ci ildə anadan olmuş Mirağanın yeniyetmə illəri keşməkeşli 1 Dünya müharibəsi, fevral, oktyabr, aprel inqilabları, vətəndaş müharibəsi, milli qırğın dövrünə düşmüşdür. Bu keşməkeşin içərisində həmişə xoşbəxt bir həyata qovuşmaq arzusu ilə yaşamışdır. Elə bu arzu ilə o, iyirminci illərdə kənddə açılmış ilk məktəbə daxil olmuşdur.

Deyirlər, saf toxum hara düşsə,mütləq cücərər. Deyəsən, tale ondan səxavətini əsirgəməyibmiş. Elə ibtidai məktəbdə, Quba Kənd Təsərrüfatı Texnikumunda müvəffəqiyyətlə oxuması bunu aydın göstərirdi. O, 1930-cu ildə Qubadlıda müəllim kimi fəaliyyətə  başlayır.1932-35-ci illərdə Laçın Heyvandarlıq Texnikumunda dərs hissə müdiri sonra isə direktor işləyir. İşgüzarlığına görə Kənd Təsərrüfatı Nazirliyində kadr hazırlığı üzrə təlimatçı vəzifəsinə irəli çəkirlər.1937-ci ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olub, 1941-ci ildə oranı müvəffəqiyyətlə bitirir.

O, elmi fəaliyyətini davam etdirmək arzusunda idi. Lakin müharibə onun bu arzusunu ürəyində qoydu. Diplomunu almamış həmyaşıdları ilə bərabər döyüşən orduya səfərbərliyə alındı. Hərbi xidmətə 335-ci artilleriya polkunun 8-ci batareyasında sıravi əsgər kimi fəaliyyətə başladı. İki aydan sonra onu həmin polkun 14-cü batereyasına, 1942-ci ilin fevralında isə 396-cı diviziyanın 696-cı minamyot batalyonuna komissar təyin olunur. Krım işğal olunandan sonra qısa müddətə Zaqafqaziya cəbhəsinin siyasi idarəsində çalışır və 1942-ci ilin iyununda 416-cı diviziyanın minamyot batalyonuna komissar təyin olunur. Artıq müharibənin bir ili arxada qalmışdı. O, bu bir ildə diqqətəlayiq döyüş hazırlığı keçmişdi. Buna görə də 1942-ci ilin fevralında diviziyanın 1386-cı polkuna komissar təyin olunur.

Diviziyanın döyüş şöhrəti haqqında çox yazılmış və deyilmişdir. Müharibə illərində respublika qəzetlərində, habelə müharibədən sonra F.E.Bokovun, R.Zeynalov və Borodetskinin «Azərbaycan oğullarının ölməz hünəri», «416 – ataların yolu oğulların yoludur», «Qafqaz dağları ətəklərindən Berlinədək» adlı kitablarında bütövlükdə diviziyanın və onun ayrı-ayrı döyüşçülərinin, zabitlərinin, o cümlədən 1386-cı atıcı polkunun komissarı mayor Mirağa Əliyevin döyüş şöhrətindən iftixarla söhbət açılır.

1943-cü ilin iyul ayında respublika qəzeti «Kommunist»də M.Əliyev haqqında yazılmış «Şərəf və namus yolunda» adlı oçerkdə onun çox strateji əhəmiyyəti olan bir təpədə mövqe tutmuş düşmən arxasına keçmək, kəşfiyyat vasitəsi ilə onu öyrənmək haqqında qaldırılan təşəbbüsü həyata keçırmək üçün 8 gün ardıcıl əməliyyat aparmaqla tapşırığı layiqincə yerinə yetirməsindən söhbət açılır. Bu əməliyyata görə o, «Qızıl Ulduz» ordeni ilə təltif olunur.

Onun ailə arxivində saxlanan cəbhə xatirələrini vərəqləyirik. Bu xatirələrdə yarım əsr bundan əvvəl keçən qanlı-qadalı illərin nəfəsi duyulmaqdadır. O yazır ki, 1943-cü ildə faşistlər hələ qələbə ümidini itirməmişdilər. Komandanlığın teleqramına görə bizim mövqe tutduğumuz Taqanroq ətrafında düşmən 500 təyyarə, 500 tank cəmləşdirmişdi. Buna görə sayıqlığı artırmaq əmri verilmişdi.

Bu işin ağırlığı biz siyasi işçilərin üzərinə düşürdü. Ona görə batalyon komissarları kapitanlar Firudun Süleymanov, İsmayıl Sayılov, Məhəmməd Heydərov, partiya təşkilat katibi Heydər Dadaşov, komsorq Ələkbərov ön mövqelərdə əsgərlər arasında geniş izahat işi aparır, onları düşmənə layiqli cavab verməyə hazırlayırdılar.

Bütün bu tədbirlər Taqanroq uğrunda avqustun 27-də gedən döyüşlərdə öz parlaq nəticəsini vermişdi. Taqanroq azad olunmuşdu.Düşmən diviziyaları mühasirəyə alınmış, 35 min əsgər məhv edilmiş, 5100 əsgər və zabiti əsir götürülmüşdür.

Melitopol uğrunda gedən döyüşlərdə ayrı-ayrı batalyonlar xüsusi ilə fərqlənmişdir. Bu döyüşlərdə fərqlənən pulemyotçu Adışirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına, Beydulla Sadıqov Lenin ordeninə, Maslov, Abbasov, Mirağa Əliyev «Qırmızı bayraq» ordeninə, mərdliklə vuruşan, igidliklə həlak olan, polkda «əfsanəvi kapitan» adlandırılan İsmayıl Sayılov isə ölümündən sonra «Vətən müharibəsi» ordeninin 1 dərəcəsinə layiq görülmüşdür.

1943-cü il oktyabrın 23-də Melitopolun tam azad edilməsində fəal iştirakına görə isə diviziyanın özü «Qırmızı bayraq» ordeni ilə təltif olunmuşdur.

416-cı Taqanroq adına diviziya Şimali Qafqazda, Stavropolda, Rostov vilayətində, Zaporojyedə 140 iri yaşayış məntəqəsi, o cümlədən Stavropol, Taqanroq, Maridial, Melitopol şəhərini azad etməkdə fəal iştirak etmişdir. Bu döyüşlərdə 1867 nəfər, o cümlədən 393 nəfər zabit müxtəlif orden və medallarla təltif olunmuşdur. Mayor M.Əliyev də onların sırasındadır. O, üç orden və 5 döyüş medalını ömrünün sonunadək sinəsində iftixarla gəzdirmişdi.

Bunu da ədalət naminə xatırladım ki, döyüş şöhrəti, təşkilatçılığı ilə nüfuz qazanmış M.Əliyev daha yüksək səviyyəli döyüş ordenlərinə layiq idi.Hətta onu təltif etmək üçün diviziya rəhbərləri tərəfindən almaq üçün müraciət də edilmişdir. Ancaq onun həyat yoldaşı Sona xanımın atası Osmanlı türkü nəslindən olması ona mane olmuşdu.

…Mirağa artıq 1000 sutka idi ki, daim ön cəbhədə ölümlə üz-üzə dururdu. Bu müddət ərzində hər bərkə-boşa düşmüşdü. Ancaq güllə heç şeyə baxmır. Dnepr çayı, Nikolayev şəhəri ətrafında gedən gərgin döyüşlərin birində – 1944-cü il fevralın 15-də ağır yaralanıb xəstəxanaya düşür. Həmin ilin noyabrına kimi uzun bir müddət müalicə olunur və dekabr ayında ikinci qrup əlil kimi ordudan tərxis edilir.

Mirağa müəllim 1945-ci ili soyuq səngərlərdə deyil, Bakıda – öz evində qarşıladı. Artıq qələbənin yaxınlaşdığına heç bir şübhə yox idi. Ancaq onun hansı gün qurtaracağını bilmək olmazdı.Nəhayət, dünyanı lərzəyə salan faşizmin məğlub edildiyi tarixi gün – Qələbə günü gəlib çatdı.

İndi bu barədə çox sakit danışılır. O günləri yaşamış adamların bu xəbəri eşidərkən necə sevindiklərini təsəvvür etmək çətindir. Onlar bəlkə 50 ildə bundan sevindirici bir xəbər eşitməmişlər.

İndi qarşıda müharibənin vurduğu ziyanı bərpa və quruculuq illəri başlanırdı. Onun kimi təşkilatçı, işgüzar adamlara isə ehtiyac az deyildi. Buna görə də öz arzusu ilə Mirağa müəllim elmi-pedaqoji yol seçdi. O zaman kənd təsərrüfatını inkişaf etdirmək üçün ixtisaslı kadrlara ehtiyac xüsusi ilə çox idi. Buna görə də onu kənd təsərrüfatı üçün kadrlar hazırlayan texnikuma direktor təyin etdilər və 1948-ci ilin martına kimi bu vəzifədə çalışmalı oldu. Bir neçə aydan sonra isə Qubadlı RPK-nın birinci katibi vəzifəsinə irəli çəkdilər.

Həmin vaxt mən APİ-ni qurtarıb rayon mərkəzindəki orta məktəbə təyinat almışdım. Mirağa müəllimi  institutdan tanısam da rayonda necə işləməsi ilə daha yaxından tanıdım. İşlədiyi üç ilə yaxın müddətdə əvvəlki neçə-neçə illərdə görüldüyündən də mədəni-quruculuq, abadlıq işləri, iqtisadiyyatı yüksəldən tədbirlər görə bildi. Həm də özünün yüksək intellekti, rəftarı, qayğıkeşliyi ilə rayonun fəallarına şəxsi nümunə göstərib camaatın nüfuzunu qazandı.

Sonralar Duvanlı, İmişli,Gəncə vilayət, Gəncə şəhər, Goranboy rayon partiya komitələrində birinci katib, kənd təsərrüfatı nazirinin müavini vəzifələrində müvəffəqiyyətlə fəaliyyət göstərməsi məhz onun yüksək mədəni rəftarı, tələbkar işgüzar adamlara qarşı son dərəcə qayğıkeş olmağı ilə bağlıdır. O illər çətinliklər çox idi. Müharibə saysız-hesabsız problemlər yaratmışdı. Camaat çox yoxsul yaşayırdı. Kişilərin çoxu cəbhədən qayıtmamışdı. Əsgər ailələri, çoxuşaqlı analar, qocalar, şikəstlər daha çox əziyyət çəkirdilər. Mirağa müəllim işlədiyi rayonlarda qarşıya çıxan bu problemlərin həllində cəbhədə olduğu kimi əsgəri tələbkarlıq və intizam nümunəsi göstərir, camaatı bacarıqla səfərbərliyə alırdı. Məktəb, yaşayış evi, istehsalat-sosial əhəmiyyətli obyektlər də tikdirdi…

Mirağa müəllim 1964-cü ildən elmi-pedaqoji fəaliyyətini yenidən davam etdirməyə başlamışdı. İxtisasca riyaziyyatçı-fizik olsa da, humanitar elmi sahəsində müdafiə etmiş və fəlsəfə kafedrasında çalışmışdır. O, alim kimi də özünün bütün yaxşı keyfiyyətləri ilə çalışdığı elmi kollektivdə yüksək nüfuz sahibi olmuşdur. Bu günlərdə 1368-ci polkun II batalyonunun keçmiş komsorqu, N.Tusi adına APU-nun fəlsəfə kafedrasının dosenti Əlislam Əliyevdən «Siz öz polkunuzun komissarı Mirağa Əliyevi necə xatırlayırsız?» deyə ona müraciət edəndə o, iftixarla danışdı:

– Mən onu 1943-cü ildən tanıyıram. Taqanroq, Melitopol uğrunda gedən döyüşlərdə onun göstərdiyi şücaəti indi də xatırlayıram. Mən 1943-cü ilin sentyabrında yaralanıb, əlil kimi tərxis olundum. Müharibədən sonra o bir sıra rayonlarda rəhbər vəzifələrdə çalışmışdır. Ondan həmişə xoş soraqlar alırdım. Eyni kafedrada işlədiyimiz müddətdə mən onun bütün keyfiyyətlərinə daha yaxından bələd oldum. Mirağa müəllim hələ öz sağlığında onu tanıyanların qəlbində unudulmaz xatirələr yaratmışdır. Xalqımızın belə oğullarını yeni nəsillərə nümunə kimi göstərmək, bu nümunədən tərbiyə işində istifadə etmək müqəddəs borcumuzdur.

Bəli, dünya nə ömrə acıyan, nə yaşa baxan dünyadır. Mirağa müəllim müharibə illərində aldığı güllə yaralarının fəsadları nəticəsində kamilləşən bir vaxtda – 1973-cü ildə öz dünyasını dəyişdi. İndi onun ömrü artıq nağıllaşmaqdadır. Ancaq bu nağıllar gələcəkdə «biri varmış, biri yox imiş…» kimi sözlərlə başlasa da, əhvalatlar xəyala deyil, burada yazdığımız 1941-45-ci il müharibəsinin real hadisələri, Mirağa kimi isə real qəhrəmanları olacaqdır. Bu hadisələrin, bu adamların yaddaşlarda nağıllaşması isə nəsillər üçün çox ibrətamizdir.

Mürsəl Qocayev, “Sərhəd“ qəzeti

N 5, 03.05.1995

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir