DÜNYA SƏNDƏN KİMLƏR KEÇDİ
YERİ GÖRÜNƏN ADAM
Otuzuncu illərin ortaları idi. İbtidai məktəbin son sinfində oxuyarkən “Ana dilindən oxu“ dərsliyindən bir sıra yazıçıların, şairlərin yazdıqlarından parçaları tədris edərdik. Onda bir dəfə maraqlanıb sinif müəllimimiz Bəhlul Rəcəbovdan:
– Müəllim, bizim rayondan da yazıçılar, şairlər varmı? –deyə soruşdum.
– Niyə yoxdur, vardır. Biri elə bizim kənddəndir. (Müəllimimiz Əyin kəndindən idi) Süleyman müəllim, digəri isə Mahmudlu kəndində yaşayan Əli müəllimdir, –deyə cavab verdi.
Sonra S.Rəhimovun “Şamo“ adlı romanı, Ə.Vəliyevin isə “Nənəmin cəhrəsi“ hekayəsi və qəzetlərdə çıxan bir sıra məqalələri haqqında məlumat verdi.
Uşaqlara məxsus xəyalpərəstliklə elə o zaman iftixar hissi ilə onları görmək marağı qəlbimə hakim kəsildi. Əlbəttə, uzaq bir dağ kəndində uşaq kimi belə bir arzu mənə əlçatmaz görünürdü. Onun nə vaxtsə reallaşacağını heç təsəvvürə də gətirə bilməzdim. Ancaq arzu arzuluğunda qalırdı…
O zaman uzaq bir kənddə kitab tapmaq olmazdı. Olsa da ancaq müəllimlərimizdə ola bilərdi. Dərs kitablarını da müəllimlərimiz rayondan alıb gətirirdilər. Amma eşitmişdik ki, rayon mərkəzində kitab mağazası açılıbdır, orada hər cür kitablar satılır. Rayon mərkəzi isə bizim kəndlərdən 25–30 kilometr məsafədə idi. Ora ancaq atla getmək mümkün idi. Biz rayon mərkəzinin istiqamətini bilmirdik. Buna görə də həmin mağazaya getmək, kitab almaq haqqında fikirləşmirdik də!
İbtidai məktəbi qurtarıb qonşu kənddəki orta məktəbə gedəndən sonra 6–cı sinifdə oxuyarkən bir qrup məktəbli ilə birlikdə məni də əlaçıların rayon toplanışına apardılar. İlk dəfə həmin kitab satışı mağazasını görmək mənə onda nəsib oldu. Kitab rəflərində vaxtilə müəllimimizin bizə tanıtdığı Əli Vəliyevin “Qarlı dağlar“, “Ordenli çoban“ kitablarını görəndə sanki çox qiymətli bir şey tapmış oldum. Atamın mənə yemək-içmək üçün verdiyi manatları həmin kitabları və əlavə bir neçə uşaq kitabı almağa xərclədim. Beləliklə, dərslikdən əlavə ilk dəfə olaraq Əli Vəliyevin oxuduğum bu kitabı məni onun pərəstişkarı etdi.
1942–ci ilin iyul ayında məni FZO–ya (peşə məktəbinə) səfərbərliyə aldılar. Həmin məktəbi qurtarandan sonra isə Binəqədineft trestinin KİP (dəqiq ölçü cihazları) zavodunda xidmət çilingəri işləməyə başladım, həm də axşam fəhlə–gənclər orta məktəbində təhsilimi davam etdirdim. Artıq mən Əli Vəliyevin yaradıcılığını müntəzəm izləyir, nəşr olunan kitablarını diqqətlə oxuyurdum.
Dayım Zülfü Əhmədov Bakıya partiya məktəbinə kursa gəlmişdi. Vaxtaşırı görüşərdik. Bir dəfə Ə.Vəliyevin “Cəbhə hekayələrimi“ oxuduğumu görüb dedi:
– Yaxşı eləyib oxuyursan. Şirin yazır. Sözü bütöv kişidir, təəssübkeşdir. Onunla görüşəndə adama xoş təsir bağışlayır.
Dayımın onu yaxşı tanıdığını eşidib xeyli sevindim. Ürəyimdə daim arzu etdiyim bu söz dilimə gəldi, kaş onu görəydim!
Bunu eşidən dayım dedi:
– Mən Bakıya gələndə həmişə onunla görüşürəm. Bu günlərdə onun evinə getməliyəm, şəxsi işim var. Onda səni də apararam.
Bir istirahət günü dayımın yanına gəldim. Birlikdə onun (o zaman yaşadığı Çkalov 15) evinə getdik.
Ucqar bir dağ kənd uşağı kimi o vaxt nə yazıçı, nə şair görmüşdüm. Onları qeyri-adi adam kimi təsəvvür edirdim.
Otağa daxil olanda ev paltarında stolun üstündə banka ilə gimrik duz əzirdi. İlk baxışda onu bizim öz kəndimizdə olan kişilərə oxşatdım. Əkinçilərə məxsus iri əlləri, qalın, sıx, uzun tüklü qaşları, səsində isə bənzərini tapa bilmədiyim ahəng var idi.
O, dayımla rayonun ümumi vəziyyətinə, camaatın güzəranına, əkinbiçin işlərinə, habelə rayon rəhbərlərinin necə işləmələrinə, Mahmudlu kəndində olan qohumlarına aid sorğu–sual apardı.
Onun mənimlə maraqlanmasından xüsusilə xoşhal oldum. İşlədiyim müəssisə, oxuduğum axşam fəhlə–gənclər orta məktəbinə dair bir sıra suallar verdi. Sonra isə mənə təskinlik verib dedi:
– Müharibənin qurtarmasına çox qalmayıb. Təhsilini yaxşı davam etdir. Ali təhsilli mütəxəssislərə çox böyük ehtiyac olacaqdır.
Hətta mənim hansı ali məktəbdə oxumağa meylim olması ilə də maraqlandı. APİ–də dil-ədəbiyyat fakültəsində oxumaq arzusunda olduğumu bildirdikdə:
– Lap yaxşı, kənddə müəllimə həmişə ehtiyac var. Mən də elə müəllimlikdən başlamışam, –deyə mənə ürək–dirək verdi.
Xeyli söhbət etdikdən sonra xudahafizləşib ayrıldıq. Bu ilk görüş təəssüratı indi də şirin bir xatirə kimi qəlbimdə hifz olunmaqdadır.
APİ–də oxuyarkən mən ikinci dəfə onu 1945–ci ilin noyabrında S.Vurğunun “İnsan“ pyesinin disputunda gördüm. İş heyətində oturmuşdu. Artıq onda Əli Vəliyev “Kommunist“ qəzetinin redaktoru təyin edilmişdi. Buna görə də onun bütün publisistik fəaliyyətini daha müntəzəm izləyirdim. Qubadlıda işləməyə təyinat alandan sonra onun Zəngəzurdakı fəaliyyəti haqqında daha ətraflı məlumatım oldu. Laçın qəzasında müxtəlif vəzifələrdə, xüsusən Laçın rayon qəzetində redaktor işləyərkən göstərdiyi fəaliyyət haqqında həmyaşıdlarından çox maraqlı söhbətlər eşidirdim. Sözün tam mənasında o, Zəngəzurun canlı ensiklopediyası idi. Öz xarakterinə, kütləviliyinə görə Əli Vəliyev Qubadlıda çox böyük ehtiram qazanmışdır. Əllinci illərin sonunda rayonda onunla keçirilən təntənəli görüşdə buna bir daha dərindən şahid oldum. Burada çıxış edən həmyaşıdları Zəngəzurda baş verən hadisələrdə onun iştirakı haqqında danışdıqları epizodlar, doğrudan da, nəsillərə nümunə üçün çox ibrətamiz idi.
1964–cü il oktyabrın 14–də Naxçıvan MR–in 40 illik yubileyinə dəvət olunan Zəngilan–Qubadlı istehsalat idarəsinin nümayəndələrinin tərkibində mən də vardım. Qonaqlar “Naxçıvan“ mehmanxanasında yerləşdirildi. S. Rəhimovu, Ə. Vəliyevi burada görəndə çox sevindim. Çünki onları çoxdan görmürdüm. Çox səmimiyyətlə görüşüb rayonda vəziyyətə aid məni sorğu–suala tutdular. Çünki onlar da xeyli vaxt idi ki, Qubadlıya gəlmirdilər. Mehmanxanada qonşu otaqlarda qalırdıq. Respublikanın rəhbərləri təcili Moskvaya çağırıldığından həmin gün yubiley sessiyası təxirə salındı. Bu, Xruşşovun vəzifədən götürüldüyü gün idi.
Vaxtdan istifadə edib şəhərlə tanış olduq. Onların hər ikisi ilə bir orta məktəbdə maraqlı görüş keçirildi. “Şərq qapısı“ qəzetinin redaktoru, yazıçı H. İbrahimov bizi nahara dəvət etdi. Burada müxtəlif məsələlərə aid söhbətlər getdi. Yeri gələndə bir–birinə incə zarafatlar edir, atmacalar da atırdılar.
Söhbət zamanı S. Rəhimov üzünü mənə tutub dedi:
– Əgər Qubadlıya xəbər yayılsa ki, Əli Qara oğlu Süleymana ot yoldurub, bunu hoydu–hoyduya götürməyin.
Onun bu zarafatının mənasını başa düşə bilmədim. Tərəddüd etdiyimi görüb əlavə etdi:
– Dünən Əli məni dədə yurdu Sisiyana – Ağadü kəndinə aparmışdı. Elə yerləri gəzdirdi ki, ayağım yerdə durmurdu. Hər dəfə sürüşəndə əl atıb topaldan tuturdum. Ağır adamam, topal davam gətirməyib qopub əlimdə gəlirdi… Allah bilir, nə qədər topal yoldum. Çox eşitmişdim ki, bəzi adamlar bir–birlərinə deyirlər ki, sənə ot yolduraram. Bax, Əli də mənə beləcə ot yoldurdu.
Səhəri gün yubiley sessiyası, böyük bayram konserti oldu. Bir sıra gəzinti və görüşlər keçirildi və qonaqlar üçün ziyafət verildi. Bütün bu tədbirlərin hamısında onlarla birgə oldum. Bu görüşdən bir qərinədən çox vaxt keçsə də, onun təəssüratını xatırladıqca məndə xoş ovqat yaranır. Axı məktəbli olarkən adlarını ilk dəfə eşidəndə onları heç olmazsa bir dəfə uzaqdan görməyi arzu edərdim. Budur, indi mənə onlarla ən yaxın adamlar kimi birgə oturub–durmaq nəsib olmuşdur! Bu görüşdə əsl dostluğun nə demək olduğunu onların timsalında əyani surətdə bir daha dərindən dərk etdim.
1970–1972–ci illərdə Ə.Vəliyevin öz oxucularına “Zəngəzur qartalları“ və “Durna qatarı“ sənədli oçerklər kitabını təqdim etdi. Bu kitabları yazarkən o dəfələrlə Qubadlı və Zəngilana gəlmiş, haqqında yazdıqları adamların özləri, yaxud qohum–əqrabaları ilə görüşmüşdü. Bu görüş və söhbətlərin bir çoxlarının iştirakçısı olmuş, bəzi sənədlərin toplanmasında, xüsusən şəkillərin hazırlanmasında ona yaxından kömək etməyə çalışmışam.
1971–ci ilin yayında “Durna qatarı“ kitabına material toplamaq üçün Zəngilana gəlmişdi. Onda 70 yaşı tamam olmuşdu. Bu münasibətlə ona təbrik teleqramı göndərmişdim. Əvvəllər isə “Zəngəzur qartalları“ kitabını oxuduqdan sonra ona məktub göndərmişdim. Görüşərkən o da göndərdiyim məktub, vurduğum teleqram haqqında mənə öz razılığını bildirdi.
Rayon Partiya Komitəsinin ideoloji iş üzrə katibi mərhum A.Kərimovla birlikdə Sosialist Əməyi Qəhrəmanları Mehparə Məmmədova, Zeynəb Yusifova və Maral Quliyeva ilə onun görüşünü təşkil etdik. Onu qəhrəmanların çalışdıqları təsərrüfatlara apardıq.
Sonra onunla görüş təşkil etmək fikrinə düşdük. Söhbət zamanı:
– Yazacağım hər kitab oxucu ilə görüşdü. Buna görə kitabı tez yazmaq istəyirəm. Vaxtım çox azdır. Sağ olun ki, işimi tez qurtarmağa kömək etdiniz, – deyə səmimiyyətlə üzrxahlıq etdi.
Şəhər orta məktəbinin müəllimi, rayon qəzetində ədəbi birliyin aparıcısı şair Məhərrəm Mahi bir il əvvəl Mərdəkanda Ə. Vəliyevlə sanatoriyada yaxından tanış olmuşdu. Bu barədə mənə xeyli danışmışdı. Onun rayona gəlməsini eşidən kimi yanıma gəlib onu evinə qonaq dəvət etmək istədiyini bildirdi. Ancaq ehtiyat edirdi ki, sözü yerə düşər.
– Sən təklifini et. Burada utanmalı nə var ki! Mən də çalışaram ki, onu razı salım, – dedim.
Artıq söhbətlərini qurtarmışdı. Səhər tezdən getməli idi. Əli müəllim onu çox səmimi qarşıladı, şirin–şirin hal–əhval tutdu. Məhərrəm müəllim onu evə dəvət etdi. Vaxtının olmamasını nəzərə alıb tərəddüd etdi. Onun tərəddüdünü görüb söhbətə qarışdım:
– Əli müəllim, – dedim, – tələbənin, əsgərin, sanatoriya yoldaşlarının başqa aləmi var. Ayrılan yoldaşlar sonra nə vaxtsa görüşməyi arzu edirlər. O da sizin kimi bir adam ola! Məhərrəm müəllim Sizi, necə deyərlər, göydə axtarırdı, yerdə, həm də qapısının astanasında əlinə düşmüsünüz. Onun sözünü necə yerə salmaq olar, axı şairlərin xasiyyətini bilirsiniz! Onun ailəsi ilə tanış olmaq, bəlkə, sizə mövzu da verər. Siz qəhrəmanlardan yazırsınız, onun da həyat yoldaşı Cahan xanım Sosialist Əməyi Qəhrəmanı olmasa da, 4 qız, 6 oğlu olan Qəhrəman anadır. Bəlkə, sonralar belə analar-dan da ikinci bir “Durna qatarı“ yazmalı oldunuz.
Əli müəllim gülüb razılıq verdi. Bir şərtlə ki, çox ləngiməyək.
Məhərrəm müəllim ona yaxşı süfrə açdırmışdı. Əslində söhbət onun yeməyindən getmirdi. Biz onunla heç olmasa bir saat artıq sərbəst görüşməyi qənimət bilirdik. Axı belə bir imkanın bizim əlimizə bir də nə vaxt düşəcəyinə heç gümanımız da gəlmirdi.
Doğrudan da, sonralar onunla görüşməyə heç bir məqam düşmədi. Anadan olmasının 80 illiyi münasibəti ilə göndərdiyim təbrik teleqramı, əgər belə demək mümkünsə, deyərdim ki, son “görüşümüz“ oldu. İki il sonra “Zəngəzur qartalları“ ndan biri olan Əli müəllimin dünyasını dəyişməsi, onu tanıyanlarla bərabər, məni də qüssələndirdi. Ancaq onun ruhuna dua oxumaqdan başqa əlimdən nə gələrdi ki?!
Çox qəribədir ki, elə bir məqam olmur ki, Əli müəllimdən söz düşəndə Süleyman müəllimi və əksinə xatırlamamış olum. Bax, elə indi olduğu kimi.
Həmin vaxt Süleyman müəllim də xəstə yatırdı. Qohumlardan aldığımız xəbərə görə səhhəti getdikcə ağırlaşırdı. Ancaq müdriklər demişkən, ölüm haqdır, qaçmaq olmaz əcəldən… Bununla belə onun da öz dünyasını dəyişməsinə çox qalmadığını eynimə gətirəndə qəlbimdən bir sızıltı keçirdi. Bu məqamda Süleyman müəllim vaxtı ilə öz həmkarı, dostu və sirdaşı Əli Qara oğlu haqqında dediyi bu sözlər yadıma düşdü: “Onun şəxsiyyəti bir müsbət qəhrəman obrazı kimi mənim yaradıcılıq təxəyyülümdə çoxdan işləməyə başlamışdı. Uzun illərdən bəri ürəyimdə işlədiyim “Şamo“ da olan Alo kişi bizim Alıdır – Əlidir. Alının sadə, səmimi mənəviyyatının ümumiləşdiricisi, bədii boyalarla işlənən təcəssümüdür.“
“Qırılmaz tellər“ adlı xatirəsinin “İkilikdə birlik“ fəslində isə əlli illik dostluq yolunun birinci on illiyinin ətraflı təsvirini vermişdir. Onun bu təəssüratlarına, birgə keçdikləri həyat yollarına, talelərinə nəzər salarkən bu iki dost şəxsiyyətin tale oxşarlıqları diqqəti cəlb etməyə bilməz. Bəlkə də, bir çoxları bunun fərqinə varıb maraqlanmamışlar, ancaq bu çox qəribə oxşarlıqdır.
Hər ikisi bir il və bir gün (martın 21–22) fərqlə dünyaya göz açmışdır. Hətta Süleyman müəllim söz düşəndə yarızarafat, yarıciddi deyərdi ki, Əli də mənimlə eyni ildə anadan olub. İntəhası özünü bir yaş məndən cavan göstərib.
Eyni vaxtda ibtidai, orta ixtisas təhsili almış, eyni vaxtda Qubadlıda müəllim işləmişlər. Hər ikisi eyni vaxtda ictimai fəaliyyətə və yaradıcılığa başlamışdır. Hər ikisi eyni vaxtda Naxçıvanda – Ə.Vəliyev “Şərq qapısı“ qəzetində redaktor, S.Rəhimov isə Şahbuz rayonunda rəhbər partiya işində işləmişdir.
Hər ikisi Yazıçılar İttifaqının fəal, təşkilatçı üzvü, ədəbiyyata gələn gənclərin himayəçiləri olmuşdur.
Hər ikisi öz boy–buxunları ilə, necə deyərlər, yüz adamın arasında seçilən olmuşdur. Hər ikisi fiziki cəhətdən 82–83 il sağlam və gümrah, mənəvi cəhətdən təmiz və saf ömür yaşamışdır.
Bu da çox qəribədir ki, elə bil tale onların kədərlərini də tarazlaşdırmışdır:
Süleyman müəllimin oğlu, respublikada tanınmış seysmoloq Şamonun vəfatı ailə üçün çox böyük itki idi. Bu, Əli müəllimin də ailəsinə böyük kədər olmuşdur.
Belə bir kədər Əli müəllimin də ailəsinə üz verdi. Onun 41 yaşlı oğlu, filologiya elmləri doktoru Məsudun vaxtsız ölümü S. Rəhimovlar ailəsinə böyük bir dərd idi.
Onları yaxşı tanıyanlar bilirlər ki, Süleyman müəllimə Qələm xanım, Əli müəllimə Qumru xanım çox mehriban və vəfalı ömür yoldaşı olmuşlar. Onların hər ikisi öz ərlərindən əvvəl vəfat etmiş, eyni kədəri də hər iki ailə birgə çəkməli olmuşdur.
Taleyin başqa bir qəribə oxşarlığı. Onların hər ikisi eyni vaxtda 1983–cü ildə ay fərqi ilə əbədiyyətə qovuşmuşdur.
Əsrimizin bütün ictimai–siyasi hadisələrini yaşamış, həyatın bir çox sınaqlarından çıxmış Süleyman Rəhimovla Əli Vəliyev kimi ağsaqqal ziyalının həyatda yoxluğunu xəyala gətirəndə, mərhum İsmayıl Şıxlı demişkən, adamın burnunun ucu göynəyir. Ancaq adam ondan təsəlli tapır ki, belə şəxsiyyətlər yazıb yaratdıqlarını, habelə təcrübə və şəxsi nümunələrini gələcək nəsillərə böyük mənəvi sərvət kimi ədəbi bir irs qoymuşlar.
Əli Vəliyevin qoyduğu mənəvi sərvət kimi ədəbi irsdən söhbət açarkən onun jurnalistkamızdakı fəaliyyətini xatırlamamq olmaz. Çünki o, bədii yaradıcılıqla bərabər, uzun müddət jurnalistika ilə də məşğul olmuşdur. O, mətbuata 1924–cü ildə gəlmiş, Ağdam, Laçın rayon qəzetlərində, Naxçıvanda “Şərq qapısı“ vilayət qəzetində redaktor, vaxtı ilə respublikanın baş qəzeti hesab olunan “Kommunist“ qəzetində redaktor müavini, 1945–1950–ci illərdə onun redaktoru olmuş, sonra isə “Azərbaycan“ jurnalında redaktor işləmişdir.
Akademik Məmməd Arif xatirəsində yazır: “Ədəbi yaradıcılığında olduğu kimi, jurnalistika fəaliyyətində vacib məsələlərə aid kəskin məqalə və oçerklərində də özünü göstərir. Yüksək prinsipiallıq, məsələlərin dövlət səviyyəsində işıqlandırılması Ə. Vəliyevin jurnalistik fəaliyyətinin əsas prinsipləridir“.
Buna inanmaq üçün onun “Jurnalist kəndə gəlir“ povestinə, “Durna qatarı“, “Zəngəzur qartalları“ kitablarında, habelə rayonlardan seriya ilə verdiyi oçerk və digər publisistik məqalələrinə ötəri bir nəzər salmaq kifayətdir.
Yazıçının qızı Sevil xanım, oğul nəvəsi Afaq xanım çox nəcib bir iş görüb Ə. Vəliyev haqqında xatirələrin bir qismini toplayıb kitab halında çap etdirmişlər. Görkəmli yazıçı və şairlərin bu xatirələrini oxuduqca adamın gözünün qarşısında Əli müəllimin bütün xarakterinin geniş bir mənzərəsi canlanır. Mirvarid Dilbazi onu “xalqın kişi oğlu“, İsmayıl Şıxlı “qəlbi üzündən oxunan“, Rəsul Rza “ədəbiyyata həyatdan gələn“, Mirzə İbrahimov “ürəyi uşaq ürəyi kimi yumşaq“, Şamil Əsgərov “bir sözlü, bir üzlü“, Qulu Xəlilov “uşaq kimi təmiz, məkrsiz, hiyləsiz, cəfakeş“, İlyas Əfəndiyev “sözü bir, kara gələn“, Süleyman Vəliyev “yeri görünən“ adam, Bəxtiyar Vahabzadə isə “mənəvi atamız“ adlandırmışdır.
Kitabı oxuyarkən dərhal “Budağın xatirələri“ yada düşür. Onu elə “Budaq haqqında xatirələr“ də adlandırmaq olardı. Bu kitab əsrin əvvəllərində taleyinə qaçqınlıq, yoxsulluq, muzdurluq düşmüş gənc Budağın sonrakı həyat və fəaliyyəti haqqında dolğun bir salnamədir.
Ə.Vəliyev milli qeyrətli, cəsarətli, kişi bütövlüyü və ümumiyyətlə, mənəvi saflığı ilə indiki nəsillərə olduğu kimi, gələcək nəsillərə də nümunə ola biləcək bir şəxsiyyətdir. O elə bir bulaq timsallıdır ki, kim onun suyundan istifadə etsə, mütləq şəfa tapar.
Yaşlı jurnalistlər nəslinin bir nümayəndəsi kimi, mən də çoxillik fəaliyyətim dövründə həmişə Əli müəllimin şəxsiyyətindən, təcrübəsindən bəhrələnmişəm. Məhz buna görə də onu həmişə ehtiram hissi ilə yad edirəm.
Mürsəl Qocayev