QULAM MƏMMƏDLİ – 100
Ölüb gedəsidir yaxşı–yaman da,
Ölüb gedəsidir mələk–şeytan da.
Yaxşı adamların yüzillik ömrü
Neyçin qısa gəlir bizə cahanda?!
Qabil
Biz, yaşlı nəsillər, öz ömrümüz müddətində valideyn, qardaş–bacı, qohum–əqraba kədərini az çəkməmişik. Bununla bərabər, elə adamların kədərini də ondan artıq çəkməli olmuşuq ki, bizim onlarla nəinki qohumluq əlaqəmiz olmamış, heç onların üzlərini də görməmişik. Bunu taleyin xalqa bəxş etmiş olduğu iste’dadlı şəxslərin timsalında aydın görmək olar. Doğrudan da, belə nurlu simaların xidmətləri ilə öz qohumlarımızdan da artıq fəxr etdiyimiz kimi, onların öz dünyalarını dəyişməsinə də o qədər heyfsilənməli, kədərlənməli olmuşuq. Buna görə də məqam gələndə onları ehtiramla yada salmağı borc bilir və onların xalq üçün qoyub getdiyi yaradıcılıq irsi ilə təskinlik tapır, ondan böyük minnətdarlıq hissi ilə istifadə edirik.
Bu gün belə adamlardan biri – anadan olmasının 100 illiyi tamam olan mətbuatımızın cəfakeşi, onun salnaməçisi, jurnalist, publisist yazıçı, əməkdar mədəniyyət xadimi Qulam Məmmədli haqqında söz açmaq istəyirəm.
Qulam Məmməd oğlu Məmmədli başa çatmasına üç il qalan əsrimizə üç yaşında qədəm qoymuşdur. Əsrimizin 1995–ci ilində də dünyasını dəyişmişdir. Onun ömrü əsrimizin bütün ictimai–iqtisadi, elmi–texniki tərəqqisi, bir çox ziddiyyətli, milli toqquşmalar, 2 dünya müharibəsi, 1905–1917 fevral, oktyabr inqilabları, vətəndaş müharibəsi illərindən Səttarxan, Şeyx Məhəmməd Xiyabani, 1945-ci il 21 Azər hərəkatından, 70 il davam edəm totalitar rejim şəraitindən, bir sözlə, çox keşmə–keşli illərdən keçmişdir. Onun ömür günəşi Təbrizdə donsa da, onun uşaq çağlarından ömrünün günəşi qürub edən günə qədər qəlbində ikiyə bölünmüş Vətən həsrətinin ağır yükünü, sızıltısını daşımışdır. Bütün bunlara baxmayaraq, öz ömrünün mə’nasını xalqın ictimai şüurunun inkişafında görən Q.Məmmədli buna kömək üçün taleyin ona bəxş etdiyi iste’dadı öz zəhməti ilə birləşdirib onun zirvəsinə yüksəlmək üçün əsl fədailik nümunəsi göstərmişdir. Bu müddəanı söyləməyə onun ilk dəfə 1916–cı ildən başlanıb indiyədək milyonlarla qəzet və jurnal, dövrü mətbuat səhifələrində, cild–cild kitablara, qəzet–jurnal dəstlərinə çevrilmiş yaradıcılıq nümunələrinin statistikasının həcmi əsas verir.
Qulam müəllim 1930–32–ci illərdə “Kəndli qəzeti“ndə, 1932–35–ci illərdə “Azərbaycan kolxozçusu“, 1937–ci ildə “Yeni yol“ qəzetində, 1956–59–cu illərdə “Kirpi“ satirik jurnalında səmərəli fəaliyyət göstərmiş, yazıları sevilə–sevilə oxunmuşdur.
Azərbaycan oxucusu kütləvi surətdə ilk dəfə Fədainin (“Bəxtiyarnamə“), Heyran xanımın, Mirzə Əli Mö’cüzün əsərləri ilə onun toplayıb çap etdirdiyi kitablar vasitəsilə tanış olmuşlar.
1949–1982–ci illər arasında yazdığı “Şeyx Məhəmməd Xiyabani“, “Molla Nəsrəddin“ (C.Məmmədquluzadə), “Hüseyn Ərəblinski“, “Cahangir Zeynalov“, “Hüseyn Cavid“, iki cildlik “Azərbaycan Teatr tarixi“, “Üzeyir Hacıbəyov“ salnamələri oxucular tərəfindən çox maraqla qarşılanmış publisistik tədqiqat əsərlərdir.
Qulam müəllimin bu kitablarda istifadə etdiyi faktları toplayıb sistemə salmaqla arxivdə nə qədər mə’nəvi və fiziki zəhmət sərf etdiyini təsəvvürə gətirəndə onun fədakarlığına heyran qalmamaq olmur.
Biz yaşlı jurnalist nəsli üçün Qulam müəllim obyektivlik, mənəvi saflıq, öz peşəsinə vurğunluq rəmzi olmuşdur.
Yaşlı jurnalist nəslinin nümayəndəsi kimi mətbuatda fəaliyyətə başladığım 1954–cü ildən Qulam müəllimi özümə istinadgah hesab etmişəm. Onun yazdığı bütün əsərlərindən, mətbuatda dərc olunan bütün iri həcmli publisistik məqalələrindən, habelə “Kirpi“ jurnalının bütün komplektlərindən ailə kitabxanamda kolleksiya yaratmışdım.
O vaxt rayon qəzeti redaksiyalarının qarşısına müəyyən çətinliklər çıxırdı. Onların professional jurnalist təcrübə və biliyinə ehtiyacları çox olardı. Belə hallarda biz Qulam müəllimdən daim kömək görərdik. O, yaşımızdan, səviyyəmizdən, jurnalist dairəsindən geniş tanınıb–tanınmadığımızdan asılı olmayaraq, rayon qəzeti redaksiyasına çox rəğbət bəslərdi. Onu hamımıza sevdirən xüsusiyyətlərindən də biri məhz bu idi.
Azərbaycan Jurnalistlər İttifaqının qurultaylarında, plenumlarda, seminarlarda, fəhlə–kəndli müxbirlərinin toplanışlarında və keçirilən digər kütləvi tədbirlərdə ən müntəzəm iştirak edən, rayon redaktorlarına, gənc müxbirlərə konkret məsələlər barəsində nəzəri cəhətdən optimal düzgün istiqamət verən Qulam müəllim olardı. Onun cəzbedici, aydın, konkret və məntiqli çıxışı, öz fikrini ustalıqla ifadə edib dinləyiciyə çatdırmaq bacarığı bizi heyran edərdi. Mən hələ onu demirəm ki, çıxışlarındakı satirik və yumoristik məqamlar zalda həmişə sürəkli alqışlarla qarşılanardı. Teatr tamaşalarına gedənlər yaxşı xatırlayırlar: Mirzəağa Əliyev, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu səhnəyə qədəm qoyan kimi tamaşaçılar onları necə qarşılayırdılarsa, Qulam müəllim də tribunaya çıxan kimi dinləyicilər də onu elə qarşılayırdılar.
Respublikamızda “Kirpi“ jurnalı nəşr olunandan sonra rayon qəzetlərində müxtəlif rubrikalar altında “satira və yumor “ guşələri açılmışdı. Qulam müəllim rayon qəzetlərində bu guşələrin yüksək səviyyədə aparılmasına xüsusi qayğı, diqqət göstərirdi. Rayon qəzetlərində satirik guşələrdə dərc olunan materiallardan “seçmələr“ verilir və ayrı–ayrı yazılar isə bütövlükdə dərc olunurdu. Bu, qəzetlərin nüfuzunun artmasına, onun tə’sir dairəsinin genişlənməsinə, habelə satirik materialların hazırlanmasında redaksiya kollektivlərinin məs’uliyyətinin yüksəldilməsinə çox kömək edirdi.
Bir dəfə mənim rayon qəzetində yay mövsümi zamanı zəmidə baş verən yanğından və onu söndürməyə gələn yanğınsöndürən komandanın fəaliyyətindən bəhs edilirdi. Verilən bu fakt timsalında yanğınsöndürmə komandasının işi ciddi tənqid olunurdu. Həmin yazı eyni ilə “Kirpi“ jurnalında dərc edildi. Bu məktub xeyli söz–söhbətə səbəb oldu. Baş idarə də işə qarışdı. Nəticədə komandanın işini yaxşılaşdırmaq, yanğınsöndürməyə texniki köməyi artırmaq üçün rayona lazımi köməkliklər göstərildi. Hətta əlavə yanğınsöndürən maşın da verildi.
Rayonda söz düşəndə də həmişə deyirlər:
– Bax, buna kömək deyərlər, yazmasaydılar, heç yada da düşməzdik!
O zaman bu felyetonun “Kirpi“də dərc olunması redaktor müəllif kimi, təkcə məni deyil, bütünlükdə redaksiya üçün çox əlamətdar idi. Buna görə biz də öz növbəmizdə diqqət üçün Qulam müəllimə minnətdarlıq edirdik.
1959-cu ilin payızı idi. Azərb.EA böyük zalında mətbuat işinə aid geniş tədbir keçirilirdi. Deyəsən, fəhlə–kəndli müxbirlərinin toplanışı idi. Mə’ruzə, çıxışlardan sonra müəyyən müddətdə fasiləyə çıxırdıq. Hər fasiləyə çıxanda indi eşitdiklərimiz çıxışlarda deyilən tənqidi qeydlərə aid “Kirpi“çi rəssamlar xüsusi “Güzgü“ rubrikası altında şarjlar, karikaturalar çəkir, atmacalar düzəldirdilər. Hamı müvəqqəti fasiləni intizarla gözləyirdi. Çünki bülletenlə çox maraqlı karikaturalar, şarjlar, atmacalar, gülməcələr verilirdi. O zaman “Kirpi“nin redaktoru işləyən Qulam müəllimin “Ədəbiyyat incəsənət“ qəzetinin redaktoru işləyən S. Rüstəm haqqında verilən şarjları indi də yə’qin çoxlarının yadındadır.
Çıxışların birində S. Rüstəmin tez-tez e’zamiyyətə getməsi və qəzetin işi ilə lazımınca məşğul olmaması tənqid olundu.
Başqa bir çıxışda “Kirpi“ jurnalında gülüş, satira və yumorun zəif olduğu qeyd edilirdi.
Başqa bir çıxışında redaktorla, kənd müxbiri arasındakı “Əlaqələr“dən bəhs olunmuşdu.
Fasiləyə çıxanda biz üç faktın üçünə aid verilmiş satira–yumora, doğrudan da, xeyli gülməli olduq. Yeri gəldiyi üçün onlar hafizəmdə qaldığı şəkildə xatırladıram.
Birinci satira-yumor təxminən belə idi: S.Rüstəmlə xidmətçi redaktorun kabinetində bir-biri ilə rastlaşır, lakin bir–birlərini tanımırlar.
Xidmətçi soruşur:
– Sən kimsən?
S.Rüstəm də soruşur:
– Bəs sən kimsən?
Bir şarjda qəzet köşkü təsvir olunur. Qulam Məmmədli “Kirpi“ alır. Bu zaman onun arxasında növbəyə duran onu başlayır qıdıqlamağa. Geriyə dönüb soruşur:
– Ay yoldaş, nə edirsən?
– Gülməli bir şey tapmayacaqsan, qıdıqlayıram ki, güləsən, – deyə cavab verir.
Rayon müxbiri redaktora zəng vurub hal-əhval tutduqdan sonra soruşur:
– Yoldaş redaktor, fakt göndərim, yoxsa qax!!
– Özün arifsən, bax göndər, – deyə cavab verir.
Bu qısa atmacaların necə ustalıqla və yerində deyildiyini şərh etməyə ehtiyac yoxdur. Bu, əsl xalq qaynaqlarından gələn satira və yumor nümunələridir.
Xalqın maariflənməsində, ictimai şüurunun yüksəldilməsində satira və yumorun roluna yüksək qiymət verən Qulam müəllim, qəvvas dəryadan inci toplayan kimi, xalq arasında geniş yayılan inci timsallı atmacaları toplayıb ayrıca kitab halında dərc etməklə “Molla Nəsrəddin“çiliyin müdrik ən’ənələrinin təbliğinə də diqqətəlayiq xidmət göstərmişdir.
Uzun illər müntəzəm görüşlərimiz aramızda müəllim–tələbə ünsiyyəti yaratmışdı. Hər dəfə keçirilən bu və ya digər tədbirlə əlaqədar olaraq Bakıya gələndə Qulam müəllimlə görüşməyə çox şad olardım. Əlamətdar günlərdə ona bədii açıqlama ilə təbriklər də göndərərdim. Doğrudur, ondan məktub gözləməzdim, axı, onun buna fiziki qüvvəsi də çatmazdı. Ancaq anadan olmasının 95 illiyi ilə əlaqədar olaraq Zəngilandan göndərdiyim təbrik məktubuna cavab alanda təəccübləndim. Bunu heç gözləmirdim də.
Təbrikdə onu mətbuatımızın cəfakeşi, korifeylərindən biri kimi adlandırmaqla ən səmimi və xoş arzularımı bildirmişdim. Görünür, mənim təbrik məktubumun məzmunu onu xeyli kövrəldibmiş. O yaşda əlləri əsə–əsə mənim məktubumu diqqətsiz buraxmaması məni xeyli kövrəltdi.
Çox təəssüf ki, Zəngilan işğal olunandan sonra mən onun filarmoniyada qoyulmuş cənazəsi ilə vidalaşmalı oldum.
Çox geniş ensiklopedik mə’lumata malik olan publisist yazıçının xalqımız qarşısında xidmətləri nəinki əvəzsizdir, həm də onun ədəbi irsi gələcək nəsillər üçün əsl örnək, tükənməz maddi və mə’nəvi sərvətdir. Bunu elə sadəcə olaraq Qulam Məmmədli məktəbi adlandırmaq olar. Bu elə bir məktəbdir ki, qədrini yalnız oxuyan bilər və yalnız öyrənən bəhrələnər.