Hələ orta məktəbdə Səmədin şerini böyük məhəbbətlə oxuyar və onu əzbərləməkdə yarışardıq. Yenicə tamaşaya qoyulmuş «Vaqif» pyesini isə az qala əzbərdən bilirdik. O vaxt uşaqlara məxsus bir maraq və həsrətlə öz–özümə düşünərdim ki, görəsən, Səməd Vurğunu görə biləcəyəmmi? Uzaq bir dağ kəndində o zaman bunu heç xəyalıma da gətirə bilməzdim.
1941–ci ildə Bakıya texniki–peşə məktəbinə göndərildim. Nəhayət, arzuma çatacağıma sevinirdim. Ancaq bu xoş təsadüf nəvaxt düşəcək, bilmirdim. O vaxt «Vaqif» pyesi çox böyük müvəffəqiyyətlə nümayiş etdirilirdi. Müharibə getməsinə baxmayaraq, tamaşa zamanı teatrın salonunda boş yer olmazdı. Sonra «Fərhad və Şirin», «Xanlar» dramları tamaşaya qoyuldu. Hər dəfə S.Vurğunu görmək ümidi ilə gedərdim. Amma onu görmək şərəfinə APİ–nin 2 kursunda oxuyanda nail oldum.
Eşitmişdik ki, S.Vurğun «İnsan» adlı bir pyes yazır. Nəhayət, 1945–ci ildə noyabrın 7–də əsərin ilk tamaşası haqqında afişalar vuruldu. Bilirdik ki, adətən, ilk tamaşalarda müəllifin özü də iştirak edir. Sevinirdik ki, ilk tamaşada S.Vurğunu görə biləcəyik. Çox təəssüf ki, ilk tamaşaya getmək mümkün olmadı.
Bir neçə gündən sonra dedilər ki, həmin pyesin disputu keçiriləcəkdir. Məruzəçinin bizim müəllimimiz Məmmədcəfər Cəfərovun olması da lap yerinə düşmüşdü. Çünki onun köməyi ilə biz «İnsan» pyesinin müzakirəsində iştirak etmək imkanı qazandıq.
…Yoldaşlarım kimi mən də gözümü Səməddən çəkmirdim. Şairin ən kiçik hərəkətini belə gözdən qaçırmamağa çalışırdım. Əsərlərini xatırladıqca öz–özümə düşünürdüm ki, doğrudanmı, bunlar başqalarından heç nə ilə fərqlənməyən, hətta onlardan da sadə görünən bu adamın qələmindən çıxmışdır?!
Rəsmi açılışdan sonra söz Məmmədcəfər Cəfərova verildi. O, öz məruzəsini mükalimə formasında qurmuşdu. Rayondan Bakıya gələn bir nəfər şəhərin ictimai–ədəbi mühiti ilə tanış olur. Həmçinin «İnsan» tamaşasına baxır. O qayıdarkən öz müsafir yoldaşı ilə fikir mübadiləsi edir və «İnsan» haqqında mülahizələrini söyləyir. Tənqidçi bu ədəbi priyomla da özünün əsər haqqında fikrini ümumiləşdirir.
Söylə, nələr deyir bizə istiqbal,
Qalib gələcəkmi cahanda kamal?
Bu sual əsərin baş qəhrəmanı filosof Şahbazı düşündürür və ona cavab tapmağa çalışır. Tənqidçi də öz ümumiləşdirmələrində göstərirdi ki, bu fəlsəfə XVIII əsr fransız maarifpərvərlərinin fəlsəfəsidir. XX əsrin fəlsəfəsi bu suala artıq cavab vermişdir. İstiqbala ancaq inqilabi yolla nail olmaq mümkündür. Məruzəçinin iddiasından aydın olurdu ki, əsər fəlsəfi cəhətdən idealizm mahiyyəti daşıyır.
Doğrusu, heç gözləməzdik ki, Səməd Vurğunun əsəri ədəbi–tənqid tərəfindən belə qarşılana bilər. Səmədin məruzəyə və çıxışlara münasibətini intizarla izləyirdik. O, bu tənqidi qeydlərə, iradlara özünəməxsus bir təmkinlə cavab verirdi…
Müzakirədən hamı bir növ süst vəziyyətdə çıxdı. Əsər sonra oynanılmadı, ancaq Səməd elə həmin Səməd idi. Xalq onun poeziyasını sevə–sevə oxuyur, pyeslərinin tamaşaşasına tükənməz bir maraqla gedirdi.
1946–cı ildə APİ–nin 25 illiyinin qeyd edilməsinə hazırlıq gedirdi. Vaxtilə onun yetirmələri olan görkəmli şəxsiyyətlərlə görüşlər keçirilirdi. Belə görüşlərin biri Səməd Vurğunla oldu. APİ–nin iclas salonunda nəinki oturmağa, hətta ayaq üstə durmağa belə yer yox idi. Rəsmi çıxışlardan sonra söz Səmədə verildi. Alqış sədaları uzun müddət kəsilmədi. Axırda o özü dilləndi: – Belə getsə, şer deməyə vaxt qalmayacaq.
Salona sükut çökdü. Şair APİ ilə bağlı xatirələrini danışandan sonra yeni şerlərini oxumağa başladı. Az qala onun hər misrası alqışlarla qarşılanırdı. Bu zaman biz böyük şairə – Səmədə, necə deyərlər, doyunca baxdıq. Bu görüş onun iştirakçısı olan tələbələrlə bərabər mənim də qəlbimdə şirin xatirə kimi yaşamaqdadır.
1956–cı ildə martın 22–də Səməd Vurğunun 50 yaşı tamam olurdu. Yanvarın 23–də ilk dəfə olara Azərbaycanın «Xalq şairi» fəxri adı təsis olundu və bu ad birinci dəfə ona verildi. Səməd xəstə olduğu üçün yubiley yığıncağının nə vaxt keçiriləcəyi hələ məlum deyildi. Respublikamızda hamı onun səhhəti ilə maraqlanırdı. Ancaq onun yanına müntəzəm gedib–gələnlər deyirdilər ki, onun səhhəti hələ yaxşılaşmır. Nəhayət, şairin yubiley gecəsi mayın 12–nə təyin olundu. O zaman rayon qəzeti redaktorlarını seminara çağırmışdılar. Fürsətdən istifadə edib yubiley yığıncağında iştirak etmək üçün biz də dəvətnamə ala bildik.
Opera və Balet Teatrında iynə atsan, yerə düşməzdi. Qonaqlar, yubiley komissiyasının üzvləri iş heyətində yerlərini tutdular. Şairin qardaşı Mehdixan görünəndə zala dərin sükut çökdü. Hamının qəlbi gizli bir kədərlə döyünürdü. Deməli, Səməd Vurğunu bundan sonra görmək daha heç kimə nəsib olmayacaqdır. Bu an ürəklərdə onun «Nə ömrə acıyır, nə yaşa dünya. Biz gəldi gedərik, sən yaşa, dünya»kimi neçə–neçə hikmətli misraları dolaşırdı.
Təntənəli yığıncağı Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri S.Rəhimov açdı. Məruzə üçün söz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İbrahimova verildi. Onun Səmədin həyat və yaradıcılığı, bütünlükdə ədəbiyyatımızdakı xidmətləri haqqında geniş məruzəsi böyük diqqətlə dinlənildi.
Müxtəlif xarici ölkələrdən, respublikalardan gəlmiş nümayəndələrin, habelə respublikamızın müxtəlif peşə sahiblərinin çıxışları hərarətlə və sürəkli alqışlarla qarşılanırdı. Hamı böyük sənətkara olan sonsuz məhəbbətini məhz uzun sürən alqışlarda ifadə etdirirdi.
Budur, söz şairin qardaşı Mehdixana verilir. O, şairin yığıncaq iştirakçılarına yazdığı məktubu oxuyarkən alqış sədaları az qala salonu titrədirdi: «Əziz oxucular! Mən bugünkü məclisdə müvəqqəti səbəbə görə iştirak edə bilmirəm. Lakin gözüm gözünüzdən uzaq olsa da, könüldən–könülə yollar görünür.
Sağ olun! Hamınıza dünyanın ən şirin neməti olan can sağlığı arzu edirəm! Ümidvaram ki, yaxın gələcəkdə mübarizə meydanında görüşərik…»
Bu sözlərdən bütün zaldakılar kövrəlmişdi. Dillərdə alqış, ürəklərdə isə kədər! Çoxlarının yanaqlarında yaş gilələri görünürdü. Yubiley gecəsi nə qədər təntənəli keçsə də adamlar buradan böyük qəm yükü ilə çıxdılar. Yubiley yığıncağının doğurduğu təəssürat onun iştirakçılarını bu gün də çətin ki tərk etmiş olsun. Mən isə bu sətirləri yazarkən həmin anları yenidən yaşamış oldum.
Təəssüf ki, özü arzuladığı kimi, şairə mübarizə meydanında yenidən görünmək nəsib olmadı. Təntənəli yubiley yığıncağından düz 15 gün sonra mayın 27–də onun ürəyi döyünməkdən əbədi qaldı.
Dağ uzaqdan əzəmətli görünür. Zaman keçdikcə Səmədin ilhamlı poeziyası da bizə daha əzəmətli görünəcəkdir. Bu poeziya çözün tam mənasında xalqın qəlbi və ruhudur. Buna görə də böyük el məhəbbəti ona sağlığında nəsib olmuşdur. Özü haqqında bu misraları deməyə elə sağlığında da mənəvi haqq qazanmışdır:
Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var.
Mürsəl Qocayev