EL AĞSAQQALI HAQQINDA

Öz səksən illik ömrünü ləyaqətlə başa vurub, xatirəsi yaddaşlara yazılmağa layiq olan Heydərqulu Qibləli oğlu Kərimov dəyərli el ağsaqqalı idi.

Heydərqulu myəllim Zəngilanda – Əsgülüm dağının sinəsində, Leşkər meşəsinin qoynunda yerləşən Yusiflər kəndində doğulmuşdu. Təbiətin də səxavəti, gözəlliyi Heydərqulu müəllimin xarakterində öz əksini tapmışdı… Əkinçi nəslindən idi, amma otuzuncu illərdən, ömrünün yarım əsrdən çoxunu pedaqoji işə həsr etmişdi. Rayonda xalq maarifinin inkişafında onun xidməti az olmayıb. Ömrünü ömürlərinə calaşdırıb yetişdirdiyi və sayını özü də bilmədiyi tələbələr çoxdan babalaşıb, nənələşiblər. Bir sözü iki olmayan ağsaqqal idi.

O, müəyyən vaxtlarda rayonda bir sıra dövlət vəzifələrində irəli çəkilmişdi. Qərəzsiz fəaliyyət göstərirdi, necə deyərlər, haqqı nahaqqa verən deyildi. Ona müraciət edən hər bir adama mümkün olan köməyi göstərməklə, rayon sakinlərinin rəğbətini qazanmışdı.

Heydərqulu müəllim daim camaatın qayğıları ilə yaşayan bir kənd ziyalısı idi. Bir çox məişət məsələlərində çoxları ona müraciət edərdi.

Rayonda elə təziyyə yeri olmazdı ki, xüsusən maddi imkanı məhdud olan ailələrə, Heydərqulu müəllim birinci olaraq getməsin. Dəfn işinin təşkilində belə ailələrə hər cür kömək edirdi ki, təziyyə sahibi özünü köməksiz,  kimsəsiz hiss etməsin.

Müxtəlif səsblər üzündən bir-birindən narazı düşmüş neçə-neçə ailələrin dağılmasının qarşısını ağsaqqal sözü ilə almışdı. Neçə-neçə ailələrin qurduqları xoşbəxt ailə üçün Heydərqulu müəllimin öyüd-nəsihətini və xeyir-duasını dinləmişdilər.

Bir el bayatısında çox sərrast deyilib:

Əzizim oyan yeri,

Dur silkin, oyan yeri,

Yüz il sel oya bilməz

Bir gün qəm oyan yeri.

Bu el ağsaqqalının da ölümünə səbəb məhz qəm oldu. İki illik didərginlik dərdi, Vətənin düşmən tapdağı altında qalmasından doğan qəm!

O, doğma torpağa qayıtmaq həsrəti ilə Oxçu, Həkəri, Bəsit çaylarının daim yaşıl vadilərini, Rəzdərə təbii çinarlığını, qoynu cənnət timsallı Top, Süsən. Leşkər meşələrini, axar-baxarlı Xustub, Şük-rətaz, Əskülüm dağlarını, bərəkətli Gəyən, Ağ oyuq, Qara yazı düzlərinin füsunkarlığını xatırlaya-xatırlaya gözlərini yumdu, ruhu Zəngilan dağlarının zirvəsinə qonmuş oldu.

Əlvida, el ağsaqqalı!..

Təsəllimiz heç olmasa, ruhun kimi qəbrini də haçansa Zəngilan torpağına köçürmək ümidinə dayaqlanıb…

Mürsəl Qocayev, “Rress FACT“ qəzeti

N 15, 25.10.1994

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir