Bizdə təbiətə zülm edənlərin
Nə insan duyğusu, nə də haqqı var
(C. Vurğun)
Belə rəvayət edirlər ki, qızmar yay günündə bir karvan səhradan keçməli olur. Nə qədər yol gedirsə, nə suya, nə də bir ağaca rast gəlir. Ancaq karvan sərin su və kölgəlik tapıb dincəlmək ümidi ilə yolunu davam etdirir. Nəhayət, sarvan uzaqda bir ağac görür ki, burada dibindən kəhriz axan çox qocaman bir çinar var. Karvan gərgin səfərdən sonra dayanıb burada yaxşıca dincəlir, sonra zəvvarlar yaradana üz tutub min şükürlər edirlər ki, nə yaxşı onların qarşısına belə bir qalın kölgəli çinar və sərin sulu kəhriz çıxartdı.
Karvan yola düşəndə sarvan çinarların budaqlarından bir dəstə kəsib özü ilə götürür və harada su görürsə, çubuqları orada yerə basdırır. Bu rəvayət istər–istəməz S.Vurğunun həmişəyaşar misralarını xatırladır:
Qoca çinar! Bir sığıllan kəhriz başında,…
Göy çəmənə xalı kimi öz kölgəni sər!
Təbiətin çiçək açmış bahar yaşında
Qoy hüsnünə salam versin müqəddəs səhər.
Bu gün Azərbaycanının müxtəlif rayonlarında rast gəldiyimiz çoxömürlü tək və qoşa çinarlar, bəlkə də rəvayətdəki sarvanın yadigarlarıdır. Zəngilanın Bəsitçay vadisində mövcud olan 117 hektarlıq Rəzdərə təbii çinarlığı isə təbiətin əsl möcüzəsidir.
Öz mənbələrini Zəngəzur dağlarından götürən Bəsitçayının sahilləri boyu sıralanan minlərələ qamətli çinarlara baxarkən, adam bu gözəllikdən aldığı zövqü vəsf etməyə söz tapmır. Onu gərək özün gözlərinlə görüb, varlığınla duyasan. Burada elə nəhəng çinarlar var ki, gövdəsinə, necə deyərlər, erkən dolaşmaz, boynuna sicim çatmaz. Çətiri altında isə böyük bir qoyun sürüsü yatar.
Baharda çinar yarpaqlarının pıçıltısı, çayın zümzüməsi, meşə quşlarının çıxartdığı səslər birləşib elə bir simfoniya yaradır ki, təbiətin möcüzəsinə heyran qalmaya bilmirsən.
Bəsitçayı daşanda qocaman çinarlar daşqının qarşısında mərdliklə dayanırlar. Ancaq yeni bitən pöhrələr üçün bu çox qorxulu olur. Təbiətin möcüzəsinə bax ki, sel nə qədər ziyan versə də çinar özü–özünü bərpa edir, yeni–yeni kollar bitirib, şaxələnir. Əgər sel ağacı kökündən çıxarıb yıxsa belə, həmin kökdən onlarla yeni–yeni cavan çinarlar bitir.
Təbiətin özünün bərpa qanunu bu çinarlıqda özünü xüsusilə nəzərə çapdırır. Məhz bunun nəticəsidir ki, bu təbii çinarlığın nə yaşı bilinir, nə də sahəsi kiçilir. Təsadüfi deyil ki, bura dünyada iknici, Avropada isə birinci təbii çinarlıq kimi dünya nəbatatı kitabına daxil edilmişdir.
Payızda yarpaqları qızıla çalan çinarların aldığı görkəm daha füsünkardır. Vadinin sol sahilindəki meşələrdə alça, armud, alma, fındıq, qoz, qaragilə, yemişan, qarağat, itburnu, böyürtkən və başqa giləmeyvələr yetişir. Bunların hər biri neçə-neçə dərdin dərmanıdır.
Adamlar itirdikləri şeylərin qədrini sonradan daha dərindən dərk edir, ürək sızıltısı ilə yanıb–yaxılırlar. Bizim kimi. İndi təbiətin bu möcüzəsi haqqında danışdığımız xəyala çevrilib. Bir ildir ki, bu yerlər nankor qonşularımızın işğalı altındadır. Ayrılığına bircə gün dözmədiyimiz yerlərdən indi aylarala, illərlə ayrılası olmuşuq. Xanın səsi, Qarabağın şikəstəsi havalanan qocaman çinarların gölgəsində indi kim bilir erməni dığaları nə oyunlar çıxarırlar. Əsrin keşməkeşlərini görən bu xan çinarlar bu bir ildə görəsən daha nələrə şahid olublar. Bəlkə də onların bir çoxu düşmən baltasının qurbanı olub. Neçə–neçə ceyran, cüyür, çöl qabanı, meşənin bəzəyi qırqovul dığa gülləsinə düçar olub, əti ilə buradaca şişə çəkilib.
Bütün bunları xatırladıqca adamın bağrının başına elə bil köz yapışır. Qəzəbdən, həsrətdən az qalır ürəyi döyünməkdən qalsın.
Birillik işğal müddətində onu görmək həsrəti ilə neçə–neçə zəngilanlı öz dünyasını dəyişib, kim bilir, hələ neçəsi də bu həsrətlə əbədiyyətə qovuşacaqdır. Bununla belə zəngilanlılar təbiətin bu nadir incisini görmək, necə deyərlər, onun torpağına üz qoymaq ümidini heç vaxt itirmirlər. Ekoloji baxımdan bura respublikamızın əvəzsiz sərvətidir. Heç şübhəsiz, əzəli Azərbaycanın olan bu diyar əbədi də Azərbaycanın olacaqdır. Ancaq onun təbiətinə, erməni işğalçılarının vurduğu ziyanı beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün ekoloji müttəxəssislərimiz daima həyəcan təbilini çalmalıdır.
Mürsəl Qocayev