Süleyman Rəhimov – 97
JURHALİSTİN ALBOMUNDAN
1973 –cü ilin payız ayı idi. Süleyman Rəhimov ömür yoldaşı Zərqələm xanımla Qubadlının Zəngilanla sərhəddi olan Xocahan kəndinə bacanağı Bəylər müəllimlə baldızı Zərif xanımın görüşünə gəlmişdilər. Mən onda Qubadlıdan Zəngilana köçmüş, rayonlar arası qəzetdə redaktor işləyirdim. Xeyli vaxt idi ki, görüşməyə fürsət düşmürdü. Bundan əvvəl müxtəlif vaxtlarda Qubadlıda görüşlərimiz zamanı çəkdiyim bir neçə xatirə şəklinidə seçib özümlə bərabər götürüb onunla görüşə getdim.
Səmimi görüşdən sonra şəkilləri ona verdim. Onlara məmnunluqla baxıb dedi:
– Mən azqala yadımdan çıxarmışam ki, sən bu şəkilləri harda və nə vaxt çəkmisən.
Onun bu sözləri zarafat olsa da şəkli gec göndərməyimə bir irad idi.
Şəkillərə görə razılıq etdikdən sonra birlikdə çəkdirdiyimiz xatirə şəkillərinin birinə aftoqraf yazıb mənə qaytardı.
Mənimlə Zəngilanın iqtisadiyyatı, mədəniyyəti, abadlığı haqqında xeyli söhbət apardı. Rəzdərə təbii çinarlığı barədə bir sıra suallar verdi. Mən onun ümumittifaq əhəmiyyətli qoruq elan edilməsi habelə relyefi, mənzərəsi, florası və faunası haqqında müfəssəl məlumat verdim. Söhbətimizdən onun xeyli kövrəldiyini aydın müşahidə edirdim. Deməyəsən bu sorğu–sual əsassız deyilmiş. Sonra yaşlılara məxsus bir kövrəkliklə:
– Anam Rəzdərə qızıdır. Orada lap uşaqlığımda olmuşam. Sonralar isə qarmararışıqlıqla əlaqədər olaraq, həm də bizim kənddən çox uzaq olduğuna görə və anam da vəfat etdiyinə görə müntəzəm əlaqə saxlamaq olmadı. O qədər gərgin ömür keçirdim ki, bir də gördüm qocalmışam, – deyə təəssüfləndi.
Mən Rəzdərədəki qohumları ilə maraqlandım.
– Balaca Məmmədqulu oğlu ilə qohumuq. Anam onların nəslindəndir, – deyə cavab verdi.
Onda Balaca kişi sağ idi. Kəndin ən yaşlı sakinlərindən və sayılan nəsillərindən idi. Oğlanları Ağakişi müəllimin və kolxoz aqronomu Balakişini yaxşı tanıdığımı bildirdim. Ona Rəzdərə qohumları ilə əlaqə yaratmağa söz verdim.
Qayıdandan sonra Ağakişi müəllimlə görüşüb bu barədə ətraflı söhbət etdim və Süleyman Rəhimovun salamını onlara çatdırdım.
İndiki Şəhriyar adlı klubda keçirilən bir müşavirəyə çağrılmışdım. Tənəffüs vaxtı S.Rəhimovla görüşüb hal–əhval tutdum. Ona Rəzdərə qohumları ilə görüşməyim haqqında məlumat verdim. Söhbət zamanı RPK–nin birinci katibi N.Kərimov bizə yaxınlaşdı. Onlar şəxsən tanış deyildilər. Mən katibi ona təqdim etdim. Ayaq üstü bir–biri ilə çox səmimi əhvallaşdılar. İclas başlandığı üçün zala keçdik. Rayona qayıdandan sonra mən S.Rəhimovla əvvəllər etdiyim söhbət barədə ona danışdım. Məsləhətləşdik ki, rayon səviyyəsində onun görüşünü təşkil edək. Bu, həm ziyallılarımızın və bütünlüklə camaatımızın ürəyincə olar, həm də fürsətdən istifadə edib qohumları ilə görüşər.
Katib buna məmnuniyətlə razılıq verdi. Çox təəssüf ki, bir sıra obyektiv və subyektiv səbəblər üzündən bu görüş bugün–sabaha düşdü, axırda baş tutmadı. Ancaq təkidimlə Ağakişi müəllim atasını onunla görüşə apardı. Qayıdandan sonra mənim xahişimlə çəkdirdikləri bu xatirə şəklini mənə verdi.
Ancaq heç zaman ağlıma gəlməzdi ki, bu şəkil onun adını daşıyacaq bir obyektdə nümayiş etdiriləcək eksponant olacaqdır.
1990–cı ildə anadan olmasının 90 illiyi Zəngilanda qeyd edilərkən XDS icrayə komitəsinin qərarı ilə Rəzdərə kəndində tikilən orta məktəbə onun adı verildi və burada təşkil edilən guşəyə qoyulan eksponantlardan biri də həmin şəkil oldu.
Bu və müxtəlif görüşlərdə çəkdiyim bir sıra şəkillər ailə albomunda əvəzsiz bir xatirə kimi saxlanır. Hər dəfə bu şəkillərə baxdıqca böyük sənətkarın müəyyən məqamlardakı ömür anlarını fotokameranın köməyi ilə tutub saxlamaq mənə nəsib olduğu üçün daxilimdə bir məmnunluq duyuram. Hər dəfə bir arzu qəlbimdə baş qaldırır: kaş 83 il ömür sürmüş bu böyük şəxsiyyətin qarşıdakı böyük yubileyinə – anadan olamasının 100 illiyinə kimi onun ömür anlarını əks etdirən bütün fotoları toplanıb mükəmməl bir albom şəklinə salınaydı. Belə bir albom xalq yazıçısının ömür anlarını gələcək nəsillərə daim xatırlatmağa imkan verən layiqli bir yubiley hədiyyəsi olardı.
Şəkillərdə:
- Qubadlının Mahmudlu kəndində həmyaşıdı və dostu Bayramalı Əliyevin oğlu, «Qızıl qələm» mükafatılı, mərhum jurnalist İnqlabla söhbət edərkən. 1962–ci il.
- Ana qohumunun ağsaqqallarından Balaca Məhəmmədəli oğlu ilə. 1974–cü il.
- Anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq Qubadlı orta məktəbinin şagirdləri ilə görüş zamanı. 1960–cı il.
Mürsəl Qocayev