Dahilər körpə qığıltısını ən təntənəli himn adlandırmışlar. Bu himn ana laylası, ana oxşaması, ana nazlaması ilə rövnəqlənir. Bu laylaların çalarları ananın övlad haqqındakı arzu və istəkləri ilə köklənir… «Qızıl gülün içində, şirin yuxu tapasan… Tanrı səni saxlasın, çiçəkdən qızılcadan… Tanrıdan əhdim budur, toyunu görüm, bala…».
Zeynəb xanım da öz sonbeşiyi Nazimi bu arzularla böyüdürdü. Çox təəssüf ki, amansız ölüm gənc yaşlarında ananın bu arzusunu gözündə qoydu.
Nazim Bakıxanov qəsəbəsindəki 80 nömrəli orta məktəbi müvəffəqiyyətlə qurtarıb növbəti hərbi xidmətə getdi və ikiillik xidmətini başa vurub Azərbaycan Neft və Kimya İnstitutunun neft-qaz-mə’dən fa-kültəsinə daxil oldu. Oranı bitirdikdən sonra 1985-ci ildə mühəndis kimi müstəqil fəaliyyətə başladı. O, Suraxanı NQÇİ-də sahə ustası idi. Burada işlədiyi illərdə özünü işgüzar neftçi mühəndis kimi tanıtdı.
Erməni fitnəkarlığı baş qaldırandan sonra bütün Azərbaycan ailələri kimi, bu ailənin də rahatlığı pozuldu. Hər gün cəbhələrdən gələn kədərli xəbərlərə tab gətirməyən ahıllaşmış atanı iflic vurdu. Nazim isə könüllü surətdə orduya getmək inadından dönmürdü. Atasının ya-taq xəstəsi olduğuna, ailənin ümumi vəziyyətinə görə, onun orduya getməsinə güzəşt düşürdü. Bununla belə, Nazim öz qərarından dönmürdü. Nəhayət, o anadan olduğunun 34-cü ili tamam olandan bircə gün sonra 1993-cü ilin oktyabrın 31-də Sabunçu rayonu könüllü batalyonu tərkibində cəbhəyə getdi.
Onun belə qətiyyətli hərəkət etməsi təsadüfi deyildi. Ata vətəni – Qubadlı, Zəngilan… işğal olunmuşdu. Respublikamıza ermənilərin hü-cumu davam edirdi. Qeyrət hissi onu rahat buraxmırdı. Bu böhranlı günlərdə respublika prezidentinin çağırışı ona xüsusilə tə’sir etmişdi. Vaxtilə orduda xidmət etmiş, yaxşı hərbi tə’lim görmüş bir adam kimi Vətənin belə ağır günündə cəbhəyə getməməsi onu daim narahat edir. Onu qanuni güzəşt imtiyazından istifadə edib orduya getməyə təhrik edən bə’zi qohumlarına deyərdi:
-Mən dayılarımdan artıq deyiləm ki!
Onun öz dayılarına istinad etməsi də təsadüfi deyildi. Nazimin 4 dayısı 1941-45-ci il müharibəsinin ilk ayında səfərbərliyə alınmışdı. Onların ikisindən «qara kağız» gəlmiş, ikisi isə ağır yara alıb tərxis olunandan sonra həmin yaraların fəsadından vəfat etmişdi. Bu yerdə istər-istəməz ataların bu sözü yada düşür: ər oğul dayısına oxşar…
Bəli, Nazim tərəddüd etmədən Milli Orduya getdi və rota komandiri kimi Ağdam cəbhəsində gedən qızğın döyüşlərdə iştirak etdi. Bu döyüşlərin ən gərgini dekabrın 27-də oldu. Onun rotası nəinki hücumun qarşısını aldı, həm də öz mövqeyini möhkəmləndirib Sofulu, Boyəhmədli, Mollalar və daha 3 yüksəkliyi düşməndən geri aldı.
Bundan daha ağır bir döyüşdə – on saat davam edən bu döyüşdə düşmən geri oturduldu, onun 8 tankı, 1 BMP-si və xeyli canlı qüvvəsi məhv edildi. Çox təəssüf ki, rota komandiri Nazimin özü də snayper gülləsinin qurbanı oldu…
Bu epizodu mən Sabunçu könüllü batalyonunun şəxsi hey’ət üzrə komandir müavini, Nazimin iş yoldaşı baş leytenant Qələndər Həsənovun dəfn mərasimi zamanı etdiyi çıxışdan qeydə almışam. O, təəssüratında Nazimin komandir kimi hücum və müdafiə əməliyyatlarının hazırlanıb həyata keçirilməsi sahəsində necə səriştə göstərməsi haqqında maraqlı epizodlar da danışdı.
Bu günlərdə əzizləri onun anadan olmasının 35 illiyini Bakıxanov qəsəbəsindəki mağaranın yaxınlığında salınmış şəhidlər xiyabanındakı məzarın başında qeyd etdilər. Bir zamanlar ne’mətlərlə dolu olan süfrə başında, xoş arzu və istəklərlə müşayiət edilən sağlıq tostlarını indi könülləri yandırıb-yaxan ağılar əvəz edirdi: «Bir ayrılıq, bir ölüm, heç biri olmayaydı… Gül əkdim, vay dərdim…»
İsmayılov Nazim Ağakişi oğlunun ömrü bütün şəhidlərimiz kimi, Vətənin müstəqilliyi uğrunda yarımçıq qalan bir ömürdür. Ancaq belə oğullar öz ömürləri ilə ölməzliyə qovuşur, bütün zamanlarda onlara xalqın qəlbində yaşamaq şərəfi nəsib olur.
Mürsəl Qocayev, “İki sahil“ qəzeti
N 28, 07.12.1994