Jurnalistin xatirə gündəliyindən
Altmışıncı illərin əvvəlindən başlayaraq iqtisadi–inzibati islahatlarla əlaqədar olaraq ərazi istehsalat idarələri təşkil edilirdi. Bu dövrdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları bir istehsalat idarəsində birləşdirilmişdi. Hər üç rayon qəzetinin bazasında Azərbaycan KP MK–nın və Azərbaycan SSR Nazirlər Sovetinin «Kolxozçu» zona qəzeti təşkil olunmuşdu.Respublika qəzetlərində çalışan bir qrup əməkdaş redaktor göndərilirdi. «Kolxozçu»ya isə «Kommunist» qəzetinin əməkdaşı, tanınmış jurnalist İnqilab Əliyev redaktor təyin olunmuşdu. Cəbrayıl qəzetinin redaktoru Əfsər Məmmədov müavin, Füzuli rayon qəzetinin redaktoru Fehruz Atakişiyev məsul katib, Zəngilan rayon redaksiyasının məsul katibi Nəriman Bəxtiyarov, Cəbrayıl rayon redaksiyasının məsul katibi Sirac Məmmmədov şöbə müdirləri, Musa Cəfərov Zəngilan, bu xatirənin müəllifi Qubadlı rayonu üzrə xüsusi müxbir, ADU–nun məzunu jurnalist Əli Quliyev müxbir, orta məktəb məzunları Sabir Məmmədov və Fazil Abbasov isə korrektor təyin olunmuşdular. Ad–familiyalarını unutduqlarım da var. Redaktor müavinin, məsul katibin, şöbə müdirlərinin mətbuat sahəsində xeyli təcrübələri var idi.
Qəzet həftədə 3–4 dəfə 4 səhifə həcmində çıxmalı idi. Son dərəcə gərgin işləmək lazım gəlirdi Üç mətbəə avadanlığının bir yerə toplanmasına baxmayaraq qəzeti keyfiyyətli çap etmək üçün avadanlıq çatışmırdı. Bütün yazılar əl ilə yığılırdı. Mətbəədə nəinki linotip, heç korrektor dəzgahı belə yox idi.
Bütün bunlara baxmayaraq zonanın iqtisadi–sosial, mədəni–quruculuq işlərini dolğun işıqlandırmaq üçün az çox əldə olan imkanlardan mümkün qədər səmərəli istifadə etməyə çalışırdıq.
Bununla belə ümid bəsləyirdik ki, nə vaxtsa bu texniki çətinliklər aradan qaldırılacaqdır. Ancaq təsəvvür etmirdik ki bunun üçün 40 illik bir müddət gözləməli olacağıq. İndi o dövrə nisbətən 8–10 dəfədən qəzet nəşr olunur. Həm də onların nəşriyyat bazası möcüzəli kompüter texnikası əsasında qurulmuşdur.
Hər dövrün öz baxış prizması vardır. O zaman qəzetlərin qarşısına çıxan texniki çətinliklər, senzura qadağaları, ideoloji çərçivələr indi sərt bazar iqtisadiyyatı, maliyyə çətinlikləri ilə əvəz olunmuşdur. Belə şəraitdə işğal olunub əhalisi qaçqın düşmüş, heç bir maddi–texniki bazası olmayan, ancaq adı qalan rayonunun neçə onilliklər boyu çıxan qəzetinin nəşrini davam etdirmək heç də asan deyildir. Bax buna görə də 1932–ci ildən həyata vəsiqə alan, işğaldan sonra bir il beş ay işıq üzü görməyən, 1995–ci ildən yenidən çıxan, «Xudafərin» adı ilə öz nəşrini davam etdirməsi sabiq əməkdaş kimi məndə böyük məmnunluq doğurur. Hər nömrəsini alanda istər–istəməz onunula bağlı yaddaşımda uyumuş xatirələr baş qaldırır.
Zona qəzeti olarkən ədəbi işçi işləyən Seyfəddin Əliyev (o, 1952–ci il may ayında mətbəədə əmək fəaliyyətinə başlayıb – red.) indi redaktor kimi bu çətin şəraitdə heç bir maddi–texniki bazası olmadan qəzetin nəşrini Bakıda davam etdirməsi əsl jurnalist fədakarlığı kimi təqdir olunmağa layiqdir. Bu jurnalist fədakarlığın mayası birinci növbədə uzun illər rayon qəzetində işləyərkən qoyulmuşdur. Bunu Sabir Məmmədov, Fazil Abbasov … etiraf edə bilərlər. Onlar sonradan ali təhsil aldılar. Hazırda yenə də KİV–də işləməkdədirlər.
Bu gün mətbuatımızın tarixinə nəzər salarkən 1930–cu illərdən sonra kütləvi surətdə kənd rayonlarnda yaradılan qəzetlərin əhalinin maariflənməsində, şüur səviyyəsinin yüksəlməsində, mədəni inkişafında oynadığı rolu necə xatırlamamaq olar?
1962–65–ci illərdə fəaliyyət göstərən qəzetlər həm ona qədər olan dövrdə, həm də zona qəzetləri ləğv olunandan sonra fəaliyyətini davam etdirən rayon qəzetlərinin inkişafında böyük rol oynamış oldu.
Həmin illərdə hər rayonun qarşısında qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qəzetin əməkdaşları özlərinin peşə bacarıqlarından, qəzetin verdiyi səlahiyyət və imkanlardan dolğun istifadə etməyə çalışırdılar. Onlar reydlər keçirir, təcrübə mübadiləsi aparır, təsərrüfat, mədəni quruculuq sahəsində yol verilən nöqsanları aşkara çıxarıb struktur rəhbərlərinin diqqətini mövcud nöqsanların aradan qaldırılmasında qətiyyət göstərməyə istiqamətləndirirdilər. Jurnalistlərimizin yazdıqları oçerklər, reportajlar, felyotonlar… təsirsiz qalmırdı. Lakin tənqidi materiallara, senzor qadağalarına görə qəzetin əməkdaşları təqiblərlə də az üzləşməli olmurdular.
Bununla belə elə o zamanda özündə cəsarət tapıb sözünü deyən əməkdaşlarımız da az deyildi. Qəzetdə zonamızın rayonlarından yazılmış bir sıra felyetonlar, tənqidi məqalələrin oxucular tərəfindən necə rəğbətlə qarşılandığını yəqin ki indi də çoxları unutmamışdır. Öz ömürlərinin ən coşğun çağlarını ciddi senzor, sərt rejim şəraitində mətbuatımıza həsr etmiş, dünyalarını vaxtsız dəyişmiş İnqilab Əliyev, Əfsər Məmmədov, Sirac Rüstəmov, Fehruz Atakişiyev, Ədil Şərifov… məhz belə jurnalistlərdən idi. Milli mətbuatımızın yubileyi qarşısında bizim borcumuz idi ki, onların məzarlarını ziyarət edib üstünə əklillər qoyaq. Üstünə duz basılmış yara kimi qəlbimizin sızıltısı ilə təəssüf edirki ki, neçə illərdi bu imkandan məhrumuq. Onların məzarları (sonuncudan başqa) düşmən tapdağı altındadır. Qoy onları andığımız bu sətirlər məzarları üstünə nə vaxtsa qoyulacaq əklillərin rəmzi olsun!
İki ilə yaxın bir müddətdə işlədiyim Cəbrayıl rayonlararsı qəzeti xatırlamağa məni sövq edən budur ki, çalışdığım əməkdaşlarla bərabər bu qəzet mənim də təcrübəmi artırmağa, dünyagörüşümü genişləndirməyə, zonamızı daha yaxşı tanımağa kömək etmiş oldu. Hətta bir növ mənə traplin rolu da oynadı. Belə ki 1963–cü ilin mayında Qubadlı və Zəngilanda ayrıca istehsalat idarəsi yaradıldı. Laçını də əhatə etməklə Zəngilanda «Kənd həyatı» adlı yeni rayonlararası qəzet təşkil olundu. Məni həmin qəzetə redaktor təyin etdilər. Cəbrayıl rayonlararası qəzetin təşkilində topladığım təcrübə mənə çox böyük kömək etdi.
Xəyallar nə qədər yaxın–uzaq illərə aparsa da adamı yaşadığı günün reallığından, qayğılardan, istək və arzularından ayrıla bilmir. Elə bu an xatirlər aləmindən ayrılan kimi qaçqınlıq həyatımızın kədərli lövhələri gözümün qarşısında canlandı. Budur, «Xudafərin» qəzetinin nömrələrindən biri qarşımdadır. Xudafərin körpüsünün şəklinə hədsiz bir həsrətlə baxmaqdan doymuram. Cəbrayıl rayonunun embilemik bir rəmzi olan bu körpünün yaxın illərdə şöhrəti dillər əzbəri olacaq idi.
Burada Arazın qabağı 60–70 metrlik bəndlə kəsilib su qovşağı yaradılacaq İran–Azərbaycan müştərək SES tikiləcək, dəryaçanın suyu ilə İranın və Azərbaycanın Araz boyunda min–min hektarlarla əkin sahələrinin suvarılması mümkün olacaq idi. Tikiləcək yeni körpü isə Naxçıvana gediş–gəlişi xeyli yaxşılaşdırmağa imkan verəcəkdi. Bundan əlavə Cəbrayılın, Zəngilanın «Ağ oyuq», «Kəyən» düzlərində, Cəbrayılın Qumlaq kəndi yaxınlığındakı dövlət torpağında hər cür sosial xidmət obyekti olan şəhərtipli qəsəbələr salmaq nəzərdə tutulmuşdu.
Ermənilər elə bil təzə Xudafərin körpüsünün qurtarmasının gözləyirmişlər. Avqustun 23–də Cəbrayılın mərkəzini, sonra Qubadlını aldıqdan sonra hücumu dayandırdılar. Demə bu müddət İranın Azərbaycan tərəfində olan texnikasının çıxarılması üçün fasilə imiş.
1993–cü ilin oktyabrın 26–da Moskva radiosunda ermənilərin Zəngilana təslim haqqında ultimatuiu oxundu. Beləliklə həm yeni tikilən, həm də qədim Xudafərin körpüsü Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarından olan böyük qaçqınlar köçünün bir hissəsinin düşmən əsirliyindən xilas olması üçün öz rolunu oynamış oldu.
Ayın 30–da buradan keçib İmişliyə gələrkən Xudafərinin qədim körpülərinə son dəfə baxanlar qəlblərinin sarsıtısını indi də unuda bilmirlər.
Vaxtilə buradan qatarla keçəndə sərhədçilər pəncərələrin örtüklərini çəkərdilər ki, sərnişinlər İran tərəfə baxmasınlar. Heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa biz bütünlüklə bu körpünü görməkdən tamailə məhrum ola bilərmişik. Budur, tarixi abidənin adını daşıyan «Xudafərin» qəzeti doğma yurdun rəmzi kimi ziyarətgaha çevrilib. Qəzetdə verilmiş Xudafərin körpüsünün şəklinə isə baxmaqdan doymurlar. Buna görə qəzetin baş yazarı respublikamızın müxtəlif guşələrində məskunlaşmış cəbrayıllılara həyəcanla belə bir arzu və inamla müraciət edir:
«Xudafərin» müqəddəs ocaqlarımızın közərən işığıdır. Qaralmış ocaq daşları, gül altından közərən işartılar yurd nişanəsi, Vətən nəfəsi, həsrət yanğısıdır. Bu nişanələrin itməsi mənəvi ölümümüzdür. Gəlin yaşadaq «Xudafərin» i, yaşadaq mənəviyyatımızı, yaşadaq özümüzü…»
Bu nəcib amal uğrunda mübarizə etməyə dəyər, nəinki dəyər, bu həm də yüksək vətənpərvərlik və vətəndaşlıq borcudur!
Hörmətli həmkarım, Sizə bu nəcib amal uğrunda mübarizə əzmi, yaradıcılıq uğurları arzu edirəm. Qoy «Xudafərin»i doğma yurdda ilhamla, ardıcıllıqla nəşr etmək tezliklə nəsibiniz olsun!
Mürsəl QOCAYEV