İsmayıl Abbasovu təkcə yaşadığı Genlik kəndində deyil, bütün Zəngilanda zəhmətkeş bir ailə başçısı, usta əkinçi-mexanizator, xeyirxah adam kimi tanıyırlar. Böyütdüyü yeddi övladı – beş qızı, iki oğlu əmək-sevərlikləri, ədəb-ərkanı ilə seçilirlər. Əbəs deməyiblər ki, valideyn üçün fərli övladdan əziz heç nə yoxdur.
1987-ci ildə ailənin yeni qayğıları başlandı. Elçilər bir-bir qapını döyür, sonra isə qızlar gəlin köçürdülər. Hər dəfə də Firuzə ana fərəhlə oğlu Səhyəddinə eyham vurub deyərdi:
– Görəsən, bu nə vaxt bizi kiminsə qapısına göndərəcək?!
Onda hələ Səhyəddinin on səkkiz yaşı vardı. Qarşıda növbəti hərbi xidmət borcu dururdu. O, 1986-cı ildə əsgərliyə çağrılıb hərbi xidmətini Əfqanıstanda keçirməli oldu. 1988-ci ildə Vətənə qayıtdı. Ancaq onun xəyalına belə gəlməzdi ki, relyefi Əfqanıstanı xatırladan Zəngəzur dağ silsiləsi ətəklərində yerləşən doğma Zəngilanda da vuruşmalı olacaqmış…
Səhyəddin ordudan tərxis olunandan sonra Bakıda İnşaat Mühəndisləri Texnikumuna daxil olub oranı bitirsə də, istehsalatda işləməyə macal tapmadı. Çünki erməni təcavüzü gündən-günə şiddətlənirdi. Buna görə də 1992-ci ilin oktyabrında könüllü olaraq milli əsgər libası geyinib, Zəngilan batalyonunda bölmə komandiri kimi fəaliyyətə başladı. «Əfqani» ləqəbi ilə təcrübəli döyüşçü kimi nüfuz qazandı.
Bu dövrdə rayonun bir sıra sərhəd kəndlərində ermənilərin etdikləri hücum əməliyyatlarının qarşısının alınmasında xüsusi fəallıq göstərmişdi.
25 yaşı tamam olmuş Səhyəddin, nəhayət, 1993-cü ilin sonlarında anasına, bacılarına kimin qapısına elçi getmək haqqında da arzusunu bildirdi. Gözü tutduğu qız həmkəndlisi Afət müəllimə idi. Ailələr noyabrda Bakıda birtəhər məskunlaşandan sonra İqtisadiyyat İnstitutunun Dərnəgüldəki yataqxanasındakı bir tələbə otağında yığcam bir nigah məclisi oldu. Bir neçə gündən sonra Səhyəddin yenidən öz batal-yonuna – cəbhə xəttinə qayıtdı.
Ailə həyatının fərəhini yenicə duyan gənc üçün bu ayrılıq nə qədər üzüntülü olsa da, Vətənin taleyinin həll olunduğu bu ağır məqamlarda ona dözməyin zəruriliyini Səhyəddin artıq dərindən dərk etmişdi. Çox təəssüf ki, bu ayrılıq əbədi oldu. Bu ilin aprelin onunda Tərtər cəbhəsində Talış kəndi uğrunda gedən gərgin döyüşlərdə Səhyəddin igidlikli həlak oldu.
İndi anası Firuzənin, atası İsmayılın, bacıları Bənövşənin, Töhrənin, Bağdagülün, İrşadın, Məleykənin, toyu yasa dönmüş Afətin və başqa qohum-qonşuların ayaqları Bakı Şəhidlər Xiyabanından üzül-mür. Bura onlar üçün ən müqəddəs and yeri olmuşdur.
Ancaq onlar nə qədər ağlasalar, sızlasalar da bircə ondan təskinlik tapırlar ki, burada uyuyanlar kimi, onların əzizləri Səhyəddin də Vətən uğrunda əbədiyyətə qovuşmuşdu. Bu müqəddəs yeri ziyarət etməyə gələnlərin hamısı kimi, onlar da xiyabanda bircə arzu – şəhidlərin qisa-sını almaq, işğal edilmiş torpaqlarımızın azad olunması arzusu ilə geri dönürlər.
Mürsəl Qocayev, “Mənlik“ qəzeti
N 9, 05.08.1994