DƏRDLƏRİ  DƏRDİMİZ  OLUB, EVİMİZ  EVLƏRİ

Öz mənbəyini Zəngəzurun ağ çalmalı dağlarından götürən Oxçu çayının Zəngilandan keçən sol sahilində, Süsən dağının sıldırımlı qayalarının ətəyində salınmış mavi rəngli quraşdırma taxta evlər diqqəti uzaqdan cəlb edir. Get-gedə bu evlərin sayı artır. Onlar hələ çox deyildir. Cəmi on üçdür. Lakin hər həftə yenilərinin təməli qoyulur.

Vaxtı ilə kəndlərə göstərilən etinasızlıq üzündən, ölkənin bir çox yerlərində olduğu kimi, Zəngilanda da bəzi kəndlərin yalnız adı və yeri qalmışdı. Belə kəndlərdən biri Tağlıdır. Onun sonuncu sakinlərinin öz doğma ocaqlarını tamamilə tərk etdikləri vaxtdan yarım əsr keçir. Lakin, görünür, atalar təsadüfən deməmişlər ki, su gələn arxdan bir də gələr. Doğrudan da, indi həmin Tağlı kəndi özünün ikinci ömrünü yaşamağa başlayır.

Qafan rayonundan Azərbaycan kəndlərinin minlərlə sakini 1988-ci ilin fevralından başlayaraq məcburiyyət üzündən öz doğma yurdlarını tərk etməli olmuşdur. Gödəklər, Müsəlləm, Qaraçimən, Qovşud kəndlərindən olan neçə-neçə ailə iki il müddətində Azərbaycanın müxtəlif yerlərində müvəqqəti yaşamalı olmuş, nəhayət, bu il Zəngilanın həmin Tağlı kəndini özlərinə daimi yaşayış yeri seçmişlər. Bu, təsadüfi deyildir. Çünki bu yer təbii mənzərəsi və şəraitinə görə köçkünlərin doğma kəndlərinə çox oxşayır.

Rayon partiya və icraiyyə komitələri didərginlərin burada daimi məskunlaşması üçün lazım olan tədbirləri görməkdədirlər. Bu tədbirlərdən ən başlıcası onlar üçün ev tikdirməkdir. Bunun üçün çoxotaqlı və yaraşıqlı quraşdırma taxta evlər alınmışdır. Bu evlər daş bünövrə üzərində qurulur. Tikintini rayonun 33 nömrəli SMD-nin inşaatçıları aparırlar.

Budur, salınmaqda olan yeni kənddə işlərin gedişi ilə tanış oluruq. 33 nömrəli SMD-nin rəisi S. Ağayev quraşdırılmış, habelə təməli qoyulan evləri göstərib deyir:

– İşçi qüvvəsi sarıdan çətinliyimiz yoxdur. Tikintiyə didərginlərin özləri cəlb olunublar. Onlara heç bir nəzarət lazım gəlmir. Çünki hamı bilir ki, tikilən ev özünündür. Buna görə də qüsursuz işləməyə səy edirlər.

Kəndin ağsaqqalı Mehman Cabbarovun ürək sözləri:

– Qısa müddətdə göstərilən qayğı bizim çətinliklərimizi qismən azaltmış, mənəvi cəhətdən isə kədər və qüssəmizi xeyli yüngülləşdirmişdir. İki il ərzində harada daimi yaşayış yeri seçmək haqqında keçirdiyimiz tərəddüdlər indi ümidlə əvəz olunmuşdur.

Kəndin ağbirçəyi Nazlı Səfərova onun sözünə qüvvət verir:

– Əvvəlcə Əli Bayramlıya getmişdik. Sağ olsunlar, orada bizə çox kömək etdilər. Ancaq biz dağ adamlarıyıq. Oranın şəraitinə uyğunlaşa bilmədik. Ona görə də buraya gəldik. Burda da bizi çox yaxşı qarşıladılar. Atalar yaxşı deyib: Dar gündə haray dədəm oğlu, qardaş. Dərdimiz sizin üçün dərd oldu, eviniz isə bizim üçün ev.

Bu sözlər istər-istəməz azərbaycanlıların Ermənistandan qovulduğu o gərgin günləri xatırlatdı. O zaman Qafan, Mehri, habelə Ermənistanın digər rayonlarından qaçqınlar üçün Zəngilan əsil dayaq nöqtəsi idi. Dəmiryol stansiyalarında qaçqınları qəbul edib maşın və digər nəqliyyat vasitələri ilə respublikanın başqa yerlərinə göndərmək üçün bütün zəhmətkeşlər gecə-gündüz çalışmalı olurdular. Rayon mərkəzində, Mincivan qəsəbəsində, ayrı-ayrı kəndlərdə qaçqınların böyük dəstəsi yerləşmişdi. Elə ailələr var idi ki, öz evində beş-altı qaçqın ailəsi saxlayır, onlara əllərindən gələn qayğını göstərirdilər.

Bir xalq hikmətində deyilir ki, insanların kədəri tüstülənsə idi, kürreyi-ərz əbədi dumana bürünərdi. Bunu didərginlərə də aid etmək olardı. Öz doğma yerlərini, illərdən bəri çətinliklə düzəltdikləri ev-eşiklərini tərk edib çöllərə düşmək, təhqir olunmaq, sözlə ifadə olunmayan mənəvi sıxıntılara məruz qalmaq… Bu dərdləri necə unutmaq olar?! Lakin unudulmasa da, yüngülləşdirilə bilər. Bax, buna görə də Tağlı kəndinin yeni sakinləri olan didərginlər onların dərdlərinə şərik çıxıb yüngülləşdirənlərə minnətdarlıqlarını bildirməklə mənəvi rahatlıq tapırlar.

Tağlı qaçqınların daimi məskunlaşdığı yeganə kənd deyildir. Rayonun Vənətli, Şərifan, Bartaz kəndləri yanında da onlar üçün münasib yeni kəndlər salınır. Hazırda rayonda 174 ailədə birləşən 634 didər-gin yaşayır. Rayonda xüsusi köçkünlər komissiyası yaradılmışdır. Bu komissiya köçkünlərin bütün problemlərini öyrənib rayon XDS İcraiyyə Komitəsi qarşısında məsələ qaldırır və onlara lazımi kömək edir.

Didərginlərin problemləri çoxdur. Onlara müvəqqəti yaşamaq üçün vaqon-evlər verilmiş, 112 hektar həyətyanı sahə ayrılmış, 200 min manat uzunmüddətli ssuda buraxılmışdır. Köçkünlərin bir qismi fərdi yolla, bir qismi isə təşkilatlarla müqavilə əsasında özlərinə ev tikdirirlər. 33 nömrəli SMD yeni Tağlı kəndində daha 60-70 taxta ev quraşdıracaqdır. Köçkünlər yaşayan kəndlərdə uşaq baxçaları, kitabxana, tibb ocaqları və başqa sosial obyektlər tikmək üçün perspektiv plan hazırlanıb.

Respublika hökuməti tərəfindən ayrılmış 436 min manatdan başqa didərginlərə respublika Qayğı cəmiyyəti, Uşaq fondu, Azərsutikinti idarəsi, Azərbaycan SSR Səhiyyə Nazirliyi, Xəzər Gəmiçiliyi İdarəsi, Bakı Dövlət Universiteti, habelə rayonun bir sıra kolxoz, sovxoz, idarə və müəssisələrinin fəhlə və qulluqçuları tərəfindən on min manatlarla nəqd pul, xeyli ərzaq, geyim paltarları, yanacaq, məişət avadanlıqları verilmişdir.

Köçkünlərin yaşadığı yerlərdə vaxtaşırı səyyar ticarət təşkil olunur. Onların siyahıları rayon istehlak cəmiyyətinə verilmişdir ki, hər ay lazım olan ərzağı vaxtında ala bilsinlər Sosial-təminat şöbəsi, sığorta müfəttişliyi, mədəniyyət, rabitə, maliyyə şöbəsi, rayon mərkəzi xəstəxanası, məişət xidməti kombinatı və digər müəssisələr öz istiqamətləri üzrə didərginlərə lazımi xidmət göstərirlər.

Rayon partiya komitəsi veteranların, rayon ağsaqqallarının, idarə, müəssisə rəhbərlərinin köçkünlərlə vaxtaşırı görüşlərini təşkil edir. Bu görüşlər fikir mübadiləsi, ümumi tanışlıq, ehtiyacların öyrənilməsi, bir sözlə, mənəvi baxımdan çox faydalı olur, didərginlərin qardaşlıq köməyinə ümid və inamını artırır.

İndi buradakı hər bir köçkün doğma kəndində olduğundan da yaxşı ev-eşik sahibi olacağına inanır. Lakin bu da gizli deyil ki, kimi din-dirirsən doğma yurdunun, göz açıb böyüdüyü səfalı Qafan dağlarının, onun təkrarsız mənzərəsinin həsrətini çəkir. Vətən həsrəti necə ağır dərd imiş!

Heç şübhəsiz, bu günlər tarixə çevriləcək, gələcək nəsillər erməni millətçilərinin yenidənqurma pərdəsi altında törətdikləri bu faciəni qəzəblə lənətləyəcəklər.

 

Mürsəl Qocayev, “Kənd həyatı“ jurnalı

N 8, 1990, avqust

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir