Zakir Quliyev 1968-ci ildə Zəngilanın Aşağı Yeməzli kəndində baytar texniki İsmayıl İbad oğlunun ailəsində göz açmışdır. O, ailənin səkkiz uşağından biri idi.
Orta məktəbi qurtarandan sonra 2 il əsgəri xidmətdə olmuş, tərxis olunduqdan sonra isə bir müddət təsərrüfatda çalışmışdır. Arzusu hüquq təhsili almaq idi. Ancaq getdikcə şiddətlənən erməni təcavüzü onu 1992-ci ilin aprelində könüllü olaraq rayonun xüsusi təyinatlı polis bölməsində xidmət etmək zərurəti qarşısında qoydu. Bu dövrdə Zəngilan Meqri və Qafan rayonu istiqamətindən tez-tez hücuma məruz qalırdı. Bu hücumların dəf olunmasında Zakir də iştirak etmiş və az igidlik göstərməmişdir. Rayon polis bölməsi ilə hərbi batalyonun Rəzdərə–Kollu kənd istiqamətində ermənilərin hücumuna qarşı keçirdiyi döyüş əməliyyatında bir sıra həmkarları ilə birlikdə Zakir də diqqətəlayiq döyüşçü məharəti göstərmişdir. Bu döyüşdə o mühasirəyə düşmək təhlükəsini hiss edərək sərrast tulladığı qumbara ilə bir neçə erməni si-lahlısını susdurmuş və xilas olmuşdur.
1993-cü ilin iyun ayından sonra Ağdamın, Qubadlının və Cəbrayılın zəbt olunması Zəngilan üçün də real təhlükə yaradırdı. Bu gərgin vaxtlarda bütün polis işçiləri ilə bərabər, Zakir də sərhədlərimizi qoru-maq üçün gecə-gündüz postlarda dururdu. O, rayonun işğalının son gü-nündə, əhalinin Arazdan İrana keçməsinə imkan yaratmaq məqsədi ilə ermənilərin hücumunu ləngitmək üçün keçirilən bütün əməliyyatların fəal iştirakçısı olmuşdur. Sonra isə rayon polis bölməsinin tərkibində xidmətini cəbhə xəttində davam etdirmişdir. İşğal olunmuş doğma rayonu, kəndi, didərgin düşmüş el-obasını xatırladıqca Zakirin erməni işğalçılarına qarşı qəzəb və intiqam hissi daha da artırdı. Ona görə də 1993-cü ilin noyabrından Füzuli istiqamətində keçirilən bütün əməliyyatlarda fəal iştirak edirdi. Təcrübəli döyüşçü kimi Zakir kəşfiyyat əməliyyatlarında daha çox olurdu. O, 1994-cü il aprelin 4-də Füzulinin Seyidəhmədli kəndində keçirilən kəşfiyyat əməliyyatlarının birində gözlənilmədən minaya düşmüş və həlak olmuşdur.
Bəli, 26 yaşlı Zakirin gizli məhəbbəti, hüquqi təhsil almaq arzusu və bütün şəxsi istəyi ürəyində qaldı. Ancaq o, vətənin müstəqilliyi uğ-runda həyatını qurban verib, şəhidlik zirvəsinə ucaldı.
Onun Sumqayıtdakı yas mərasimini həyəcansız keçirmək mümkün deyildi. Didərgin düşmüş zəngilanlılar soraqlaşa-soraqlaşa onun dəfn ünvanını güclə tapıb, şəhid balasına son borclarını verməyə gəlmişdilər. Ana-bacıların bayatı və ağıları adamın qəlbini yandırıb-yaxırdı. Ancaq onda təskinlik tapılırdı ki, əbədiyyətə qovuşan başqa şəhidlərimizlə bərabər, Zakir də Vətən uğrunda həlak olmuşdur. Bu isə ən şərəfli ölümdür.
Şair demişkən, Vətən uğrunda ölsə də,insan yaşayır!
Ömrünün 7-ci onilliyini başa vurmaqda olan İsmayıl İbad oğlu təskinlik verənlərə öz minnətdarlığını bildirməklə deyir:
– Valideyn üçün övladdan əziz heç nə yoxdur.Ancaq Vətən ondan daha əzizdir. Ən böyük dərd odur ki, biz doğma yurdumuzdan məhrum olmuşuq. Bizim yaramız o zaman sağala bilər ki, torpaqlarımızı geri alıb, qeyrətsizlik töhmətindən, didərginlik möhnətindən xilas olaq!
Bu, bir milyondan çox didərginin ürək sözü, ən böyük arzu və istə-yidir.
“Mənlik“ qəzeti
N 5, 19.05.1994