QƏLBİMİZDƏ ƏBƏDİ YAŞAYACAQDIR

Altı il gecə-gündüz düşmən əhatəsində, mərmi yağışı altında, toyların mağarları qurulub, xonçaları açılmamış, bəy otaqları bəzəkli qala-qala, ürəklərdə nifrət-qəzəb, əldə silah, dillərdə müqəddəs rəhim Allah – bax beləcə döyüşüb, yaşayıb Zəngilan!

Mühasirə əzabı görüb, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı kimi talan olub, yüzlərlə şəhid verib Zəngilan!

Bu böyük siyasi «Qarabağ oyunu» erməni təcavüzünün Azərbaycan üçün törətdiyi faciənin bir anı gərək onun yaradılacaq salnaməsindən kənarda qalmasın. Bu, bir çox cəhətdən nəinki zəruri, həm də bu salnamənin yaranmasına hər kəs əlindən gələn köməyi göstərməlidir. Bu baxımdan «Zəngilan şəhidləri», «İşğal» kitabının müəllifi jurnalist Akif Kərimlinin təşəbbüskarlığı təqdirəlayiqdir.

Bu kitablarda Zəngilanın işğalı, Zəngilan və digər cəbhələrdə şəhid olmuş zəngilanlıların, Bakı, Sumqayıt, Gəncə şəhərlərində, İmişli, Ağstafa, Salyan, Quba, Zaqatala, Qarabağ, Saatlı, Neftçala, Lerik, Ağdərə, Astara, Ucar və digər bölgələrdən Zəngilana gəlib vuruşmalarda həlak olanların portreti, tərcümeyi-halı, döyüş rəşadətləri və həlakolma məqamları haqqında məlumatlar toplanmışdır.

Onların çoxlarının dəfn mərasimlərində bir həmyerli kimi iştirak etmişəm. Kitabı oxuyarkən sanki həmin mərasimləri bir də yaşadım. Nənələrin, qız-gəlinlərin ah-nalələri qulaqlarımda yenidən səsləndi.

«Zəngilan şəhidləri» kitabının ilk səhifələri Zəngilanın ilk şəhidləri 1990-cı il martın 18-də Mincivan-Meqri dəmiryolu marşrutunda ermənilər tərəfindən qətlə yetirilmiş maşinist köməkçisi İsmayıl Allahverdiyev, Elman Qurbanov, 1991-ci ilin noyabrın 19-da ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olmuş general M.Əsədov, Yevlax Mülki Aviasiya İdarəsinin «AN» təyyarəsinin pilotu Goranboya enərkən ermənilər tərəfindən vurulmuş və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Əsəd Əsədovun həyat və fəaliyyətinə həsr olunmuşdur.

1992-ci ilin dekabrın 10-da Zəngilanda ən qanlı döyüşlər getmişdir. Ermənilər 15 kilometr sərhəddi keçərək 10 kəndə soxulmuş və bu kəndləri yandırmışlar. Bu basqın nəticəsində 42 nəfər yaralanmış, girov götürülmüş, 26 nəfər mülki şəxs və bir neçə döyüşçü qətlə yetirilmişdir.

Həmin döyüşlərdə rota komandiri Adil Rüstəmov müstəsna şücaət göstərmişdir. Yenicə ailə ocağı yandıran Adilin qəhrəmancasına həlak olması onu tanıyanların qəlbinə dağ çəkdi. Anası Gilas xanımın qəlbi isə bu dağa dözməyib elə onun qəbrinin üstündə əbədi susmuşdur.

Rayon rabitə şöbəsinin işçiləri Sücaət İsgəndərova və Alik Aslanov Qazançı kəndində olan döyüşçülərə ərzaq aparırdılar. Onlar bununla da cəbhəyə öz köməklərini göstərmək istəyirdilər. Lakin onlar da düşmən gülləsindən şəhid oldular. Sücaətin yeganə övladı yetim, Alikin isə on gündən sonra olacaq toyunun mağarı qurulub, bəy otağı isə bəzəkli qaldı.

Mincivan dəmiryol mühəndisi Nadir Feyziyev orduda «Qrad» üzrə bacarıqlı mütəxəssis kimi rotaya komandirlik edirdi. Rayonda onu elə «Qrad Nadir» deyə çağırırdılar. Ermənilər onun sərrast atəşlərinin gücünü dönə-dönə görmüşdülər. Buna görə ondan qisas almağa çalışdılar. Döyüşlərin birində belə məqam düşdü. Düşmənlər onu mərmi yağışı ilə susdurdular. Onun dörd bacısı qardaşsız, iki qızı atasız, ata və anası isə ahıl vaxtlarında oğulsuz qaldı.

Kitabda həyatı yarımçıq qalan, qönçə ikən solan, neçə-neçə belə şəhidlərin qəmli hekayəsi toplanmışdır.

Kitaba müqəddimə yazan İmamverdi İsmayılov jurnalist həmkarımız Akifin Ermənistan-Azərbaycan münaqişəsi başlanan gündən bəri Zəngilandan olan şəhidlərin xatirəsini yaşatmaq üçün çox zəhmət çəkməsini razılıq hissi ilə qeyd edir. Mən də Zəngilan rayon qəzeti jurnalist kollektivi adından onun öz yetişdirməsi olan Akif Kərimlinin gördüyü bu nəcib işə öz razılığımı bildirirəm.

Mürsəl Qocayev,  “Demokratiya“ qəzeti

N 8, 09.10.1994

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir