ZƏNGİLAN: ŞAHİDİN DEDİKLƏRİ

1970-ci ilin oktyabr ayı idi. Şair, filoloq alim Atif Zeynallı Zəngilana görüşə gəlmişdi. Bura İranla ən yaxın sərhəddir. O vaxtlar müxtəlif həyəcan siqnalları və işarəvermə qurğuları ilə mühafizə edilən sərhəd zolağına – Arazın sahilinə quş da səkə bilməzdi. Şairin Arazın sahilinə getmək istəyini həsrət dolu baxışlarından oxudum. Onun bu arzusunu o zaman rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən N.Kərimova çatdırdım. Katib bizi iki sərhədçinin müşaiyəti ilə Arazın sahilinə apardı. Öz dünyamızdan ayrılıb sükut içində Arazın sağ sahilini seyr edirdik. Xan Araz isə baxışlarımızı sahildən yığaraq qıvrılan sularına qatıb tarixin sirr dəryasına axıdırdı. Onda ağlımıza gəlməzdi ki, 23 il sonra elə həmin ayın həmin günündəcə və həmin yerdə insanı sarsıdan bir mənzərənin şahidi olacağam düşmənə girov düşüb alçalmamaqdan ötrü min bir əziyyətlə topladığı var-dövlətini, doğma el-obasını tərk edib xilas olmaq ümidi ilə İran-Azərbaycan sərhədinə – Araza pənah gətirən minlərlə qaçqın…

Onların məşəqqətlərini yalnız görənlər təsəvvür edə bilər. Arazın sağ sahilində  İran sərhədi boyunca salınmış qaçqın düşərgələrinə, Arazı vahimə içində keçən qız-gəlinə baxdıqca adamın bağrı qan olurdu. Soyuqdan xəstələnənlərin sayı-hesabı bilinmirdi. Yolda ölənləri elə ordaca dəfn edirdilər.

Dünyanın işinə bax ki, adamların daldalanacaq tapdığı sahildə doğulan uşaqlar da olurdu. Topdağıtmaz evi, əmlakı yağılara qalmış ana çağasını böləməyə bir parça əsgi tapmırdı.

Mincivan qəsəbəsi, Baharlı, Bartaz, Tiri və Hacallı kəndləri istiqamətində keçidlərdən insan axını iki sutka ara vermədi. Arazı gecə keçmək nə qədər əzablı və qorxulu olsa da, düşmən əlinə düşmək çayda qərq olmaqdan yaxşı idi.

Deyirlər, dərd adamları yaxınlaşdırır. Araz sahilinə cəmləşənlər bir-birinin dərdinə şərik olmağa çalışırdı. İranın Arazboyu kəndlərinin sakinləri, xüsusən Bartaz kəndindən olan traktorçular qaçqınların Arazdan salamat keçirilməsində əsl fədakarlıq göstərdilər. İran Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri çadırlar qurub camaata tibbi yardım edirdilər. Kənd sakinləri çörək bişirib paylayır, avtobuslar isə camaatı İmişli rayonuna daşıyırdı. Zəngilanlılar İran  vətəndaşlarının və İran hökumət orqanlarının göstərdiyi bu maddi və mənəvi yardımı həmişə dərin minnətdarlıq hissi ilə xatırlayacaq.

Bu məqalənin müəllifi zəngilanlıların arzu və xahişi ilə göstərdikləri maddi və mənəvi kömək üçün İranın dövlət orqanlarına və vətəndaşlarına onların minnətdarlığını çatdırır.

1992-ci ilin dekabrında Zəngilan-Qubadlı rayonlarına hücumlar, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının intensiv surətdə atəşə tutulması, görünür, Kəlbəcər gedişinə hazırlıq imiş. Həmin dövrdə Qafan  şəhərinin 10-15 kilometrliyində yerləşən Şayıflı zonasındakı kəndlərin darmadağın edilməsi, buradan Qafan şəhərinin cənub-şərq və cənub-qərb hissəsinə çıxış yolundakı strateji mövqelərin tutulması Qafanı Zəngilan istiqamətindən təhlükəsizləşdirmək üçün edilən bir gediş idi. Çünki Qafan iri sənaye mərkəzidir. Burada mis, molibden mədənləri, onların ilkin emalı  kombinatları vardır. Rayonda təxminən 80-90 min əhali yaşayır. Oradan Qarabağa müntəzəm olaraq hərbi sursat göndərilir.

Kəlbəcər işğal edildikdən sonra «Komsomolskaya pravda» qəzetində yazılmışdı ki, ermənilər Horadizdən yolu kəsib oradan cənub-qərbdə yerləşən rayonların əhalisinin İrana keçmək zərurətini ortaya çıxarmaqla İran üçün də yeni problemlər yaratmaq niyyətindədirlər və qəzet bu niyyəti açıqlamasa da biz istər-istəməz «Böyük Ermənistan» xulyasını xatırlayırıq. Axı, Arazın sağ sahili Cənubi Azərbaycandır və burada yaşayanlar da azərbaycanlılardır! Bu isə çox şey deyir. Maraqlıdır ki, Kəlbəcər işğal edildikdən sonra Tehranda çıxan qəzetlərdən birində siyasi icmalçının «Qarabağ Tehranın gözü ilə» məqaləsində («Ayna» qəzetinin aprel ayı nömrələrinin birində dərc olunmuşdur) bəzi eyhamlar vurulmuşdur. Bu eyhamlar ermənilərin region üçün oynadıqları çox məkrli siyasi oyundan xəbər verir.

Zəngilan Ermənistanın Qafan və Mehri rayonları ilə 150 kilometr məsafədə iki tərəfdən həmsərhəddir. Qubadlının işğalından sonra onun mühasirə dairəsi qısalıb, müdafiə dairəsi üçüncü tərəfdən 100-130 kilometr  uzandı. Qubadlının işğal olunmamış kəndlərini də Zəngilandakı hərbi hissə müdafiə edirdi. Ancaq bu qüvvə ilə ermənilərin hücumunu dəf etmək olmazdı. Buna görə də əhali təşvişə düşüb kömək gözləyirdi. Baş nazirin müavini A. Abbasov Zəngilana gəlmişdi. Camaat ondan, icra hakimiyyətinin başçısı İ.Hüseynovdan və polk komandiri F. Şabanovdan yol bağlanmamış tədbir görülməsini tələb etdilər. Onlar özləri də vəziyyətin ağırlığını dərk edirdilər. Camaat da onların tərəddüdlərini hiss edirdi.

Qubadlı əhalisinin köçməsi istər-istəməz Zəngilana da öz təsirini göstərdi. Cəbhəyə lap yaxın olan kəndlərdən arvad-uşaq çıxarıldı. Yalnız Mincivan qəsəbəsində və bu zonada heç kəs evini tərk etməmişdi. Hətta şəhər əhalisinin təkidi ilə icra hakimiyyəti Mincivandan rayon mərkəzinə ehtiyat üçün eşalon göndərilməsinə göstəriş verməsinə baxmayaraq, Mincivan dəmiryolçuları və qəsəbə fəhlələri bunu təxribat kimi qiymətləndirib ciddi müqavimətlə kütləvi köçmənin qarşısını aldılar. Ermənilər Qubadlını qarət edincə nisbi sakitlik yarandı. Sonra isə noyabrın 5-ə kimi atəşkəs haqqında əldə edilən razılıq ermənilərin hücum etməyəcəklərinə ümid yaratdı. Buna görə də rayonu tərk edənlərin əksəriyyəti geri qayıtdı.

Bəli, camaat həmişə olduğu kimi, Sabir Rüstəmxanlı demişkən, aldana-aldana inandı, inana-inana da aldandı. Oktyabrın 25-də ermənilər atəşkəsi pozaraq Zəngilana hücum etdilər. Artıq Zəngilan tam mühasirəyə düşdü.

Beləliklə, bir zamanlar  həsrətlə baxdığımız Arazın sağ sahilindən indi onun sol sahilinə – Şükrətaz, Əskülüm, dağlarına, füsunkar Süsən, Top, Leşkər meşələrinə, Rəzdərə təbii çinarlığına, Oxçu, Bərküşad, Bəsid çaylarının vadilərinə göz yaşları içində baxmalı olduq. Düşmən mərmilərindən viran olan rayon mərkəzinə, Mincivan qəsəbəsinə, kəndlərə baxdıqca adamın qəlbi az qalır ki, döyünməkdən qalsın.

Bəli, bu gün respublikamızın düşdüyü vəziyyət ağırdır. Lakin aqillər demişkən, hər millətin bir qisas günü də var. Xalqımız həmin günü reallaşdırmaq üçün indiyə kimi aldandıqlarından və aldana-aldana inandıqlarından əməli nəticə çıxarmalıdır.

 

Mürsəl Qocayev, “İki sahil“ qəzeti

N 63, 19.12.1993

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir