DÜNYA SƏNDƏN KİMLƏR KEÇDİ

NURLU SİMALAR

Liman kimi Qalıb dəniz arxasında tələbəlik illərimiz.

Duman kimi Can atsaq da o illərə,

Çatmaz daha əllərimiz. Çatmaz… Ancaq

Qəlbimizi, ruhumuzu alıb bizim,

O illərdə neçə–neçə xatirəmiz qalıb bizim…

Hər dəfə Azərbaycan Pedaqoji Universitetinin binasının yanından keçəndə istər–istəməz Tofiq Mahmudun bu misraları yadıma düşür və yarım əsr əvvəl bir çox həmyaşıdlarımla bərabər onun divarları arasında keçən dörd illik tələbəlik illərinin rəngarəng xatirələri qəlbimi kövrəldir. Həmin xatirələr ən çox əziz müəllimlərimizlə bağlıdır…

Hər dəfə onun yanından keçəndə filologiya elmləri doktoru, professor, dünya ədəbiyyatını tədris edən müəllimimiz Əli Sultanlının təbəssümlü çöhrəsi, təmkinli yerişi, mühazirə oxuyarkən nurlu siması gözümün qarşısında canlanır, oxuduğu mühazirələr isə sanki qulağımda səslənir.

Onun qədim yunan və orta əsr Azərbaycan ədəbiyyatı korifeyləri haqqında oxuduğu mühazirələri elə heyranlıqla dinlərdik ki, dərs saatının necə başa çatdığını nəinki hiss etməzdik, hətta buna təəssüflənərdik.

Əli Sultanlının alimlik və pedaqoji fəaliyyətinə, mənəvi keyfiyyətlərinə ömrünün bu zirvələşən məqamından nəzər salanda onun necə nurlu şəxsiyət olduğunu daha dərindən dərk edir və tələbəsi olduğum üçün qürur hissi keçirirəm.

Adətən tələbə öz müəllimindən nümunə götürməyə çalışır. Biz də edərdik ki, kaş onun kimi müəllim ola biləydik. Əli müəllim öz ixtisasını mükəmməl bilməklə yanaşı, həm də onu yüksək səviyyədə tədris edirdi. Biz Homer, Esxil, Evripid, Şekspir, Servantes, Rable, Bualo, Molyer, Bokkaçio dünya ədəbiyyatının bir çox başqa görkəmli simalarının yaradıcılığı haqqında ilk bilikləri məhz ondan almışıq. O zaman belə sənətkarların dilimizə tək–tək əsərləri tərcümə olunurdu. Onları da tapmaq çətin idi. Belə ki, əlifba təzə dəyişildiyi üçün o zaman yeni kitab yox idi. Köhnə əlifbanı da bilmirdik. Rus dilində də orta səviyyədə belə danışıb oxumağı bacarmırdıq. Buna görə də Əli müəllimin mühazirələri bizim üçün yeganə mənbə idi.

Sonralar bir sıra əsərlər tərcümə olunanda biz onları da maraqla oxuyurduq. Bu marağı isə bizdə məhz Əli müəllim oyatmışdı. Bu kitabları oxuyandan sonra bir daha dərk edirdik ki, o necə dolğun mühazirələr oxuyurmuş. Onları indi də unutmamışıq.

Cəfər Xəndan bizə X X və XX əsr Azərbaycan ədəbiyyatından mühazirələr oxuyurdu. M.Axundov, C.Cabbarlı, C.Məmmədquluzadə, Sabir, S.Əzim, Ə.Haqverdiyev, N.B.Vəzirov, A.Səhhət və başqalarının yaradıcılığı, onların ədəbiyyatımızın tarixi ənənələrini davam və inkişaf etdirməkdə rolları haqqında oxuduqları mühazirələr bizi son dərəcə razı salardı.

C.Xəndan müharibə dövründə İranda olmuşdu. Bəzi İran Azərbaycan yazıçı və şairləri, xüsusən Mirzə Əli Şəbüstəri haqqında ilk məlumatı bizə o verdi. Sonralar onun Şəbüstəri haqqında bir sıra məqalələri dərc olundu. Halbuki o vaxtlar həmin yazıçılar haqqında söz–söhbət açmaq o qədər də asan deyildi.

Pedaqoji İnstitutda təhsil almış yaşlı nəsillərin nümayəndələri Əhməd Seyidovu ehtiramla xatırlayırlar. Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanın böyük maarifçisi Ə.Seyidov həm də işgüzar bir təşkilatçı idi. APİ–nin rektoru kimi respublikamızda pedaqoji kadrların hazırlanmasında onun böyük xidmətləri olmuşdur. O bizə pedaqogika tarixindən dərs deyərdi. Tələbələrə qarşı çox qayğıkeş və həssas bir pedaqoq idi. Tez–tez yataqxanaları, auditoriyaları gəzər, tələbələrin təhsili və məişəti, müəllimlərin isə mühazirələrinin keyfiyyəti ilə maraqlanardı. Bir gün gözlənilmədən Əhməd müəllim auditoriyaya daxil oldu. Təsadüfə bax ki, həmin gün Qabilin L.Tolstoyun «Hacı Murad» povesti haqqında referatının müzakirəsi keçirilirdi. Biz elə güman etdik ki, o bura qəsdən gəlib. Buna görə çox narahatçılıq keçirdik. Qabilin isə referatını oxumağa başı elə qarışmışdı ki, onun auditoriyaya gəlməsindən xəbəri də olmadı. Əhməd müəllim elə ayaq üstə bir–iki dəqiqə onu dinlədi və sonra keçib əyləşdi. Referatı axıradək dinlədi. Razılıq hissini onun çöhrəsindən sezmək olurdu. Atalar yaxşı deyib ki, mal bir yerə,güman min yerə. Biz nə düşünürdük, nəyə şahid olduq.

Qabil referatı çox səviyyəli yazmışdı. Əhməd müəllimin də diqqətini cəlb edən məhz əsərin dolğun təhlili olmuşdu. O, institutda belə bir istedadlı tələbənin olmasını sanki kəşf etmişdi. Buna görə Qabilin referatından çox məmnun olduğunu bildirib ona uğurlar arzulayıb getdi. 1950–ci ildə Qabilin «Səhər açılır» adlı kitabı çapdan çıxanda çox sevindik. Bu, gələcək xalq şairinin həqiqi yaradıcılıq səhərinin açılmasının rəmzi idi.

Fakultəmizin dilçi müəllimləri elmlər doktoru, professor M. Şirəliyev, Ə.Dəmirçizadə, filologiya elmləri namizədləri Z.Tağızadə, İ.Əfəndiyev, fars dili müəllimi M.Cavad, rus ədəbiyyatı müəllimi akademik Məmməd Cəfər, psixologiya müəllimi fəlsəfə elmlər doktoru, əməkdar elm xadimi Zəkizadə Əhməd Kərədi, pedaqogika müəllimi Mərdan Muradxanov, Zümrüd xanım Dadaşzadə, klassik Azərbaycan ədəbiyyatı müəllimi İ.Babayev elə böyük şəxsiyyətlər idi ki, nə elmi səviyyələrinə, pedaqoji ustalıqlarına, nə də mənəvi xüsusiyyətlərinə görə onları bir–birindən ayırmaq mümkün deyildi.

Təhsil aldığımız 1944–48–ci illərdə iqtisadi vəziyyət indikindən qat–qat ağır olduğundan nəinki tələbələr, hətta müəllimlər də böyük ehtiyac içərisində idi. Ancaq onlar bunu tələbələrə hiss etdirmir, həm də çox vicdanla, ilhamla mühazirələr oxuyar, bizi yüksək səviyyəli müəllimlər kimi yetişdirmək üçün səylərini əsirgəmirdilər. Bu da bizim onlara məhəbbətimizi artırardı. Həmin günlərdən yarım əsrə qədər vaxt keçmişdir. Onların hamısı öz dünyalarını dəyişmişdir. Dərs dedikləri tələbələrə isə respublikamızın hər guşəsində rast gəlmək olar. Ən kiçik yaşda olanımız 70–i haqlayıb. Ancaq gənclik illərimizin qayğıları, arzuları ilə bağlı olan bu nurlu simaların bizə aşıladıqları hisslər ömür yolumuzun həmişə bələdçisi olmuşdur. Bu gün isə sanki onların ruhu bizi izləyir, bizi inamlı, qətiyyətli, tədbirli, kədərli məqamlarda isə səbrli, təmkinli, dözümlü olmağa çağırır.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir