ƏKİNÇİNİN MUZEY EKSPANATLARI

Zəngəzur mahalının Zəngilan bölgəsindən ucqar dağ kəndlərindən olan Sarallı Xəştab da Cəfər adlı bir cütcü baba nağıllaşmağa  layiq olan ibrətamiz bir ömür sürmüşdür.

İyirminci illərdə ucqar kəndlərdə ilk məktəblər açılanda onun 24–25 yaşı var idi. Bu yaşda 7–8 yaşlı uşaqlarla parta arxasında oturmaq çox gec idi. Ona görə əlifbanı gecə kurslarında öyrənməli oldu. Ancçaq çox işgüzar, səriştəli necə deyərlər, əlindən inli–cinli qurtarmazdı.

O vaxtı ilə bəylərin:

Cütcü  babasan, buğdanı ver darı yeyərsən,

Su olmasa qışda əridib qarı yeyərsən.

– deyərək istehza etdikləri cütc babaların sələflərindən  olsa da zəhməti ilə nə buğdanı verib darı yeyəndi, nə də su əvəzinə qarı içərdi. Özünə  əməlli başlı  güzəran yaratmışdı.

Cəfər baba həm də  kənd ustası  idi.  Dəmirçilik, dülgərlik  edərdi. Körüyünün kürəsində qızatdığı dəmiri çəkicinin altında mum kimi yumşaldıb orağa, çinə, dəryaza, dəhrə–baltaya çevirərdi. Ən çox xıp, vəl, şana–kürək, sapı, boyunduruq və başqa əkinçilik alətləri qayırmaqla   məşğul olardı.

Alətləri düzəltmək  üçün günlərlə meşələri gəzib  ən bərk, lakin asan yonqara gələn, müvafiq alətləri düzəltməyə yarayan ağaclar axtarıb tapmalı olardı. Məsələn vəl düzəltmək üçün  dairəsi ən  azı 80–90 santimetr palıd ağaçı lazım gələrdi. Belə ağacı kəsib öküzlərə qoşub 15–20 kilometrlik məsafədən gətirmək, onları yonub forma]a salmaq üçün cütcü  babanın, necə deyərlər, köynəyi tərdən dönə–dönə  sıxılmalı olardı. Kənddə müstəqil həyata qədəm qoyan  hər bir gənc  əkinçi dözümünün nə demək olduğunu  Cəfər  babanın timsalında görərdi.

O zaman bu ucqar kənddə texnika adında heç bir şey yox idi. Camaat telefonun. radionun yalnız adını eşitmişdi. Rayondan  olan xəbərləri ancaq ora  gedib–gələnlər  və ya göndərilən xüsusi nümayəndələr gətirirdilər. Həmin gün kəndə gələn atlı biçinçilərnn diqqətini uzaqdan cəlb etdi. O bir başa biçinçilərin yanına gəlirdi. Bayram əhval–ruhiyəsi ilə işləyən kənd sakinlərinin heç ağlına da gəlmirdi ki, indicə sarsıdıcı bir xəbər  eşidəcəklər. Müharibə!..

Yaşlı nəsillərin nümayəndələri bu xəbəri eşidərkən keçirdiklvri həyəcanı, sarsıntını indi də unutmamışlar…

Bir aydan sonra kənddə 50 yaşa qədər bir kişi belə qalmadı. 30 nəfər səfərbərliyə  alınıb cəbhəyə göndrildi. Cəfər baba da öz çin–önlüyünü  silahla əvəz etdi. 1400 gündən çox ölümlə üz–üzə durub at arabası ilə top mərmisi daşıyadaşıya 416–cı Taqanroq diviziyasının tərkibində Qafqaz dağlarından Berlinə qədər şərəfli döyüş yolu qət etdi…

Nəhayət qələbə günün sevinçi qapıları döydü. Cəfər baba xoşbəxtlikdən sağ–salamat qayıdıb  yenə də öz çini–önlyünü götürüb zəmi biçdi, xış qayırdı, körüyünün kürəsi bir an belə boş qalmadı, kərkisinin səsi ara vermədi.

İllər keçdi. Artıq bu dağ kəndinə də texnika gəlib çıxırdı. Alınan yeni texnikalar Cəfər babanın indiyə qədər düzəltdiyi alətləri dəbdən salırdı.

1960–cı ildə onunla görüşərkən  dedi:

– Ay oğlum, bu xışların şəklini çək, qoy yadigar qalsın. Bizdən sonra gələnlər onu təsəvvür edə bilməyəcəklər. Heç olmasa bu şəklə baxıb görsünlər ki, ata–babalar hansı alətlərlə necə çörək  qazanırmışlar.

Onun xahişini yerinə yetirib şəkli çəkib və söhbətlərindən bəzi məqamları yazdım.

O torpaq haqqında kitablarda yazılan ilhamlı sözləri oxumamışdı.   Ancaq onun əkinçi haqqında, torpaq haqqında söhbətləri doğrudan da ibrətamiz idi. Onun dediklərindən bəzi epizodlar:

– Əkinçi gərək halal olsun, səxavətli olsun. Bilsin ki, torpağa atdığı toxum təkcə özü üçün deyildir. Ona görə  ata–babalarımız toxumu ovuc–ovuc səpəndə deyirmiş: bu bir ovuc qarışqanın–quşun, bu bir ovuc – nəzir–niyazın, xüms–zəkatın, bu bir ovuc xırman üstə gələnin, qismət üstə çıxanın, bu bircə  ovuc da mənim…

– Əkinçi biçin qabağı bir sünbülün dənəsini saymaqla özünün bütün zəmisinin məhsuldarlığını, onun il boyu ailəsinə çatıb–çatmayacağını hesablamağını  bacarmalıdır…

1960–70–ci illərdə alınan yeni–yeni texnika doğrudan da Cəfər babanın düzəltdiyi  bütün əl əkinçilik alətlərnnin muzey eksponatlarına döndərdi. 1982–ci ildə rayonda tarix–diyarşünaslıq muzeyi təşkil ediləndə onun vaxtı ilə düzəltdiyi əkinçilik alətlərinin bütün nümunələri, xidmət etdiyi 416–cı Azərbaycan diviziyası barədə dissertasiya yazmış, onun döyüş yolu xəritəsinin tərtibçilərindən biri Respublika Vətən Müharibəsi Veteranları Şurasının faəl üzvü Rizvan Zeynalovun ona avtoqrafla bağışladığı həmin xəritə, habelə döyüşlərdə tərtif olunduğu «Qırmızı ulduz», «Qırmızı əmək bayrağı» ordelərinin, beş döş medalının sənədləri, 8 fəxri fərman və təşəkkür muzeyi bölmələrinin birində nümayiş etdirilirdi. Muzeyin açılışına gələrkən  vaxtı ilə düzəltdiyi alətlərinə özünün təkidi ilə 25 il əvvəl jurnalistə çəkdirdiyi şəklinə baxanda xeyli kövrəldi. Zəhmətlə keçən 90 illik ömrünü sanki yenndən yaşadı. Onun ömrü  isə Azərbaycan əkinçisinin əsrimiz də keçdiyi yolun   tarixidir.

Cütcü baba nə qədər zəhmət çəkmiş olsa da  buna təəssüf etmirdi. Çünki bu zəhmət nəticəsində onun çuvalından taxıl, təhnəsindən çörək, qapısından mal–qara, arıxanasından pətək, süfrəsindən süd–qatıq, yağ–bal, şor–pendir əksik olmamışdı.

Tarlalarda işləyən texkikalara baxanda təkcə gəncliyində belə texnikanın olmaması üzündən onu öyrənə bilmədiyinə heyfsilənirdi. Ancaq Cəfər baba ondan təsəlli tapırdı ki, onun itirdiyini övladları, nəvələri tapmışdı.

Ancaq heç ağlına da gəlməzdi ki, elə bir vaxt gələ bilərmiş ki, nağıllarda deyildiyi kimi, yağı ermənilər xaincəsinə hücum edib var–dövlətini yağmalayacaq, yurdunu tarmar edib, sakinləri didərgin salacaq, özündən  isə şəkildən başqa bircə nişanə də qalmayacaqdır. Bu təkcə onun deyil, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi ağır ellərin əkinçilərinin hamısının başına gələn bir faciə olacaqdır. Lakin dövran belə qalmaz. Vaxt gələr xalq özündə qüvvə tapıb işğal olunan torpaqları azad edər, didərginlər geri dönər, hər şey kimi tarix–diyarşünaslıq muzeyləri də bərpa olunar. Onda jurnalistin vaxtı ilə çəkdiyi bu şəkil və onun bu təəssüratı muzeyin yeni eksponatına çevrilər. Elə bu təəssürat da həmin inam və arzu ilə yazılmışdır.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir