ZƏNGƏZUR  ELLƏRİNİN SÖZ BOĞÇASI

Zarafatcıl və hazırcavab adamlar: Məmmədbəyli Aşırxan

Qədim Zəngəzur təkcə təbii füsünkarlığı ilə deyil, həm də öz müdrik ağsaqqalları, xanım–xatın ağbirəkləri, gözəl–göyçək qız–gəlinləri, igid oğlanları, hazırcavab və zarafcıl adamları ilə də məhşurdur. Belə adamların dedikləri zaman–zaman dildən–dilə keçib atalar sözlərinə, zərb–məsəllərə, Molla Nəsrəddin lətifələri, Bəhlul Danəndə hikmətləri timsalına çevrilmişdir. Ömrü gülüş dolu olan belə adamlardan biri Zəngilan rayonunda iri kəndlərdən biri olan Məmmədbəylidə yaşamış Aşırxan Rüstəm oğludur.

O, 1912–ci ildə anadan olmuş, 1993–cü ilin payızında, Zəngilanın ermənilər tərəfindən işğalı ərəfəsində  öz dünyasını dəyişmişdir. 1941–45–ci il müharibəsinin iştirakçısı və onun əlili olmuşdur. Bütün ömrü boyu kənd təsərrüfatında işləmiş, öz halal əməyi  ilə ömür sürüb 5 övlad böyütmüşdür.

Aşırxanın lətifələri, zarafatları, baməzə deyimləri, müsahibədə yığcam və tutarlı cavabları təkcə öz kəndlərində deyil, bütünlüklə rayonun kəndlərində də çox adamların hafizəsində hifz olunmaqdadır. İndi də xalq kəlamına çevrilmiş «Aşırxan demişkən», «Bu yerdə Aşırxan belə deyərdi…», «Aşırxanın sözü olmasın…» kimi ifadələr işlədilməkdədir.

Aşırxan müharibədə bədən yarası alıb ağrılar keçirsə də çox nikbin adam idi. O öz zarafatları ilə həmişə öz ətrafındakılarda xoş əhval yaradardı. El–obanın heç bir xeyir–şərindən qalmaz, toylarda, məclislərdə  isə baməzə söhbətləri ilə, necə deyərlər, kef verərdi.

Aşırxanın heç xəyalına gəlməzdi ki, onun müxtəlif məqamlarda dediyi bu baməzə sözlər, lətifələr, verdiyi lokonik cavablar folklorlaşıb dillərdə dolaşaraq toplanıb kitablarda çal olunarmış.

Kənd müəllimi Həsən  Quliyev ədəbiyyat həvəskarı kimi onun bu deyimlərini toplamaqla məşğul idi. Hətta rayon qəzetində onun məzəli əhvalatlarından bir neçəsini də çap etdirmişdi. Qaçqınlıqla əlaqədar olaraq Aşırxan kişinin dediklərinin itib–batmaması üçün onu toplayıb kitab nəşr etdirməyə Həsən müəllim imkan axtarırdı. Nəhayət, qaçqınlıqdan sonra Bakının Bakıxanov qəsəbəsində məskunlaşıb məktəb direktoru işləyən Həsən müəllim bu yaxınlarda buna nail ola bilmişdir. Onun «Gülüşlə dolu bir ömür» kitabı işıq üzü görmüşdür. Kitab müəllifin ön sözü, əməkdar pambıq ustası Oruc Quliyevin, tibb elmləri namizədi, həmkəndlisi Sabir Əmirəliyevin, əmək veteranı, mexanizator Mikayıl Bəylərbəyovun, Aşırxanın qonşuları Əşrəf Bağırovun,   qabaqcıl maarif işçisi Qabil Həsənovun xatirələri, təəssüratları ilə açılır. Sonra isə onun 60–dan çox lətifəsi, məzəli əhvalatları verilir.

Kitabı oxuyub qurtarandan sonra adam Aşırxan kişinin deyimlərindən son dərəcə xoşhal olduğu kimi, onları toplayıb dərc etdirmiş Həsən  müəllimin xidmətindən də eyni dərəcədə razı qalır.

Doğrudan da qaçqınlıq həyatı keçirən bir adam üçün belə bir kitabı dərc etdirmək maddi baxımdan o qədər də asan deyildir. Bu işdə Aşırxanın övladları Sərxeyil və Əbdül qardaşlarının göstərdikləri köməyə görə  müəllifin razılığına oxucular da qoşulmaq istərdilər.

Əgər gələcəkdə Zəngəzurda yaşamış belə hazırcavab, zarafatcıl adamların, satira–yumor ustalarının deyimlərindən ibarət bir külliyyat dərc edilsə, (Nə vaxtsa buna təşəbbüs göstəriləcəyi   şübhəsizdir), onda Həsən   müəllimin «Gülüş dolu ömür» kitabı yaxşı bir mənbə kimi istifadə olunmağa dəyər.

Mürsəl QOCAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir