HÜSEYN İBRAHİMOV – 75
XOŞ BİR XATİRƏ
Yazıçı Hüseyn İbrahimovun anadan olmasının 75 illiyinə həsr olunmuş görüş gecəsinə televiziyada çox maraqla baxdım və onunla bağlı olan bir görüşümü böyük məmnunluqla xatırladım.
Onda Hüseyn müəllim, necə deyərlər, ahıllığının cavanlıq astanasına qədəm qoymaqda idi 46–cı baharını yaşayırdı.
Bu gün onu eyni şuxluqda və eyni qəddi–qamətdə gördüm. Ancaq tamamilə piraniləşmiş və nuraniləşmişdi. Lakin qalın ağ saçlar ona vaxtilə qara saçların verdiyindən də gözəl görkəm verirdi. Şanr demişkən, kaş qocalanda da belə qocala adam.
Görüşümüz 30 il bundan əvvəl olmuşdu. 1964–cu ilin oktyabrın 14–də Naxçıvan MR–in 40 illiyi ilə əlaqədar olaraq yubiley şənliklərinə dəvət olunmuş Zəngilan ərazi istehsal idarəsinin nümayəndə heyətinin tərkibində mən də vardım. Zəngilan–Laçın rayonlararası qəzetin redaktoru vəzifəsində çalışıram. Hüseyn müəllim isə «Şərq qapısı» qəzetinin redaktoru idi.
Oktyabrın 13–də respublikanın aparıcı rəhbər işçilərindən başqa, dəvət olunmuş bütün nümayəndə heyətləri gəlmiş və mehmanxanalarda qonaqpərvərliklə yerləşdirilmişdi. Axşam məlum oldu ki, oktyabrın 14–nə elan edilən təntənəli yubiley sessiyası təxira salınıb.
Müxtəlif söz–söhbətlər gəzirdi. O vaxt İttifaq rəhbərliyində nə isə bir dəyişiklik gözlənirdi. Bu ehtiramlar əsassız deyildi. Çünki Xruşşovun başladığı islahatlar, xüsusən idarəetmənin yenidən qurulması, rayonların birləşdirilib istehsalat ərazi birlikləri yaradılması çox ciddi hərc–mərcliyə və az qala anarxiyaya səbəb olmuşdu. Buna görə özbaşınalıq baş alıb gedirdi. Odur ki, necə deyərlər, hamının qulağı səsdə idi.
Doğrudan da, bir el mahnısında deyildiyi kimi,elin sözü əvvəl–axır düz. Hamı səhərin açılmasını intizarla gözlyirdi.
Mehmanxanada Süleyman Rəhimovla Əli Vəliyevin qaldıqı nömrənin yanındakı otaqda qalırdım. Həmyerli olduğumdan onlarla çoxdan şəxsən tanış idim. Tezdən durmağı vərdiş etdiyim üçün bu gün də erkən durmuşdum. Moskvadan səhər son xəbərlər verilərkən eşitdim ki, Sov.İKP MK–nın plenumu olub. Plenum N.S.Xruşşovun MK–nın baş katibliyindən azad edib onun yerinə L.İ.Brejnevi seçmişdi. Mən bu xəbəri onlara çatdıranda buna heç də təəccüblənmədilər. Sanki onlar bunu çoxdan bilirmişlər. Bunu gizlətməyə ehtiyac yox idi ki, inzibati ərazi istehsalat birliyi yaratmaq islahatına görə nəinki ölkəyə heç bir xeyir gətirməmiş, hətta onu böyük maddi ziyana salmışdı. Əvvəllər həyata keçirmək istədiyi dəyişikliklərin, repressiya qurbanlarına bəraət verilməsi haqqındakı qərar müstəsna olmaqla, bir çoxu gözdən düşmüşdü. Xalq malının dağıdılması, əliəyrilik, rrüşvətxorluq getdikcə geniş miqyas alırdı. Buna görə də gələcək vəticəsnndən asılı olmayaraq hər yerdə söhbət MK–nın plenumundan gedirdi.
Onlar geyinib hazır olanda Hüseyn İbrahimov otağa daxil oldu. Sən demə, o, buraya Suleymanla Əlini səhər yeməyinə dəvət etməyə gəlibmiş. Mənim isə bundan xəbərim yox idi. Buna görə aradan çıxmaq istəyəndə Suleyman Rəhimov bunu duyub:
– Heç hara yayınma, bizimlə gedəcəksən, – deyə qolumdan tutdu. Sonra Hüseyn müəllim məzəmmətedici bir nəzərlə mənə baxıb Süleyman kişinin dediklərini təkrar etdi.
Doğrudur, mən Hüseyn müəllimi həmkar kimi tanıyırdım, bir sıra respublika müşavirələrində birgə iştirak etmişdik. Ancaq lap yaxından geniş mənada şəxsi tanışlığım yox idi.
Hüseyn müəllim başqa bir nəfəri də dəvət etdi. Sonradan tanıdım ki, o da Novruz Gəncəli idi.
Söhbət edə–edə Hüseyn müəllimin evinə gəldik. O, çox səxavətlə səhər süfrəsi açdırmışdı. Hamımızın əhval–ruhiyyəsi yüksək idi, ancaq onunku daha yüksək idi. Hüseyn müəllim izah edib dedi:
– Qəzetin yubiley nömrəsi 8 səhifə həcmində, 2 rəngdə və 10 min tirajla nəşr olunub. Yubiley sessiyası dayandırıldığı üçün bərk təlaşa düşmüşdüm. Qəzet satışa və abunəçilərə buraxılmamışdı. Ehtiyat edirdim ki, ola bilər ki, plenumun qərarı ilə əlaqədar olaraq qəzeti yenidən çap etmək lazım gəlsin. Bizim mətbəə şəraitində bunu qısa müddətdə etmək son dərəcə çətin idi.
Xoşbəxtlikdən qəzeti çapa hazırlay arkan birinci səhifədə Xruşşovdan verdiyim sitatı sonradan çıxarıb yerinə Cəlil Məmmədquluzadədən bir sitat saldım. Sitat məni bu əzabdan qurtardı. Qəzetdə dəyişməli, çıxmalı heç bir fakt yox idi. Bax, buna görə də əhvalım çox yaxşıdır.
Süleyman kişi zarafatla dedi:
– Onda bu gün xərcin ağır olacaqdır.
Süfrə arxasında çox müxtəlif məsələlərə dair şirin söhbətlər gedirdi. Atmaca da atılırdı, lətifə də deyilirdi.
Söhbət zamanı aydın oldu ki, bir gün əvvəl Əli Vəliyev Süleyman Rəhimovu ata yurdu Sisyana aparıbmış. Bu yerlərə aid bir sıra hadisələrdən də söhbət getdi. Birdən S.Rəhimov həmyerli kimi üzünü mənə tutub dedi:
– Əgər Qubadlıya xəbər yayılsa ki, Əli Süleymana ot yoldurub, buna şübhə etməyin.
Mən onun nəyə işarə etdiyini başa düşə bilmədim. Təəccübləndiyimi görüb əlavə etdi:
Dünən Əlinin vətəni Sisyana getmişdik. Məni elə yerlərə apardı ki, ayağım yerdə durmurdu. Hər dəfə sürüşəndə əl atıb topaldan tuturdum. Ağır adamam, topal qopub əlimə gəlirdi. Allah bilir nə qədər topal yoldum. Çox eşitmişdim bəzi adamlar bir–birinə deyərdi ki, sənə ot yolduraram. Əli də mənə bax, belə ot yoldururdu.
Söhbətlər respublikanın, Naxçıçanın inkişafından, ədəbiyyatdan, incəsənətdən və s. müxtəlif məsələlərdən gedirdi.
S.Rəhimov vaxtilə Naxçıvanın Şahbuz rayonunda katib, Əli Vəliyev isə «Şərq qapısı» qəzetində redaktor işləmişdir. Onların burada fəaliyyət göstərdikləri vaxtlara aid bəzi məqamlar xatırlandı.
Onlara Naxçıvanda böyük ehtiram göstərirdilər. Bunu mənə təkcə Hüseyn müəllimin münasibətinə görə demirəm, onlar Hüseyn müəllim üçün ustad idilər. Buna Naxçıvanda keçirilən görüşlərdə özüm şahid oldum.
Süleymanla Əli bir–birinə atmacalar da atırdılar. Bütün bunlar hamımızda xoş ovqat yaradırdı. Hüseyn müəllim isə elə qonaqpərvərlik göstrirdi ki, onu indi də təfərrüatı ilə xatırlayıram.
Səhər yeməyindən sonra Hüseyn müəllim bizi ehtiramla yola salıb, özü xidməti iş dalınca getdi. Süleyman Rəhimovla Əli Vəliyev şəhər orta məktəblərindən birinə görüşə dəvət olunmuşdu. Onlarla keçirilən bu görüşdə mən də iştirak etdim.
Səhərisi gün isə hamımız birlikdə yubiley sessiyasında və təntənəli bayram konsertində iştirak etdik… Çox yüksək səviyyədə təşkil edilmişdi.
Həmin görüşdən sonra H.İbrahimovu görə bilməsəmdə onun yazıçılıq, jurnalistlik və ictimai fəaliyyətini ardıcıl izləmiş və nəşr olunan «Şirin xatirə», «Göyərçin məhəbbəti», «Sabahın sorağında», «Günəş doğan yerdə», «Nəciblik», «Bahar yağışı», «Seçilmiş əsərləri» kitablarını və digər əsər və publisistik yazıları ilə tanış olmuşam.
Bu gün çox şadam ki, onun anadan olmasının 75 illiyi respublika ictimaiyyəti tərəfindən qeyd edilir və dövlət tərəfindən onun xidmətləri yüksək qiymətləndirilərək Azərbaycanın «Şöhrət» ordeninə layiq görülmüşdür. Buna görə ilk görüşümdən keçən 30 ildən bəri qəlbimdə hifz olunan xoş təəssürata dair öz qeydlərimi Hüseyn müəllimə bundan sonra da möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulamaqla tamamlamaq istəyirəm.
Qoy o, yeni yaradıcılıq uğurları ilə öz oxucularını daha da sevindirsin.!
Mürsəl Qocayev