Zəngəzurun Qafan bölgəsinin Mahmudlu kəndindən olub Qubadlının Məmər kəndinə ərə gəlmiş Pəri hazırcavab, sinədəftər bir zənən olmuşdur. Buna görə onu Aşıq Pəri deyə çağırmışlar. Heç bir təhsil görməyən Aşıq Pəridən yazılı heç bir şey qalmamışdır. Lakin bəzi deyimləri folklorlaşıb ində də yaddaşlarda yaşamaqdadır.
Deyirlər Qafan rayonunun Kurud kəndində yaşayan qohumlarından olan Allahyar adlı yeniyetmə onun yanına gəlibmiş. Çəltik səpini dövrü imiş. Müharibə illəri olduğundan işçi qüvvəsi çatışmırmış. Kolxoz sədri Əkbər kişi Pəridən xahiş edir ki, uşağı bir günlüyə çəltik səpininə kömək üçün hodaq sürməyə göndərsin. Allahyar hodağa girib suyu dizə qədər çıxan çəltik ləkləri arasında öküzləri sürməyə başlayır. Dağ adamı, aran yeri, hava isti, çəltik ləki görməmiş adam.
Bir də görür ki, baldırlarına saysız-hesabsız zəli yapışıb. Qorxusundan qaçıb Pəri xalasının yanına gəlir. Aşıq Pəri uşağı təlaş içərisində görüb onun dilindən bədahətən deyir:
Əkbər kişi idarəyə çağırdı,
Getdim gördüm lək işidir, ağırdı.
Zəli göydən yağış kimi yağırdı,
Sənə qurban olum, Qafan dağları!
Elə bil ki, Kurudlunu tanıyır,
Damarların bircə-bircə sanıyır,
Hardan ağzın atır ordan qanıyır,
Sənə qurban olum, Qafan dağları !
Bəli, Zəngəzur ellərində Pəri kimi təbli, hazırcavab, sözlü-söhbətli zənənlər az olmamışdır. Kim bilir onların sinəsindən neçə-neçə bayatı, ağı, oxşama, tapmaca, nağıl süzülüb-düzülüb folklorlaşmışdır. Çox təəssüf ki, nədənsə aşıq, şair kimi tanınmış qadın olmamışdır.
Mən hələ 1944-1948-ci illərdə ali məktəbdə təhsil alarkən buna heç cür inanmağım gəlmirdi ki, Tanrı təbiətin bu füsunkar guşəsin-də dünyaya gələn xanım-xatın mələksimalardan öz səxavətini əsirgəmiş olsun, Aşıq Pəri varissiz qalsın…
Elə bu gümanla, bu inamla şer yazan qızların imzasına nə vaxtsa rast gələ bilmək ümidi ilə mətbuatı uzun illər böyük maraq və intizarla izləməli olmuşam…
Nəhayət, yetmişinci illərin sonunda Qubadlının qocaman maarifçilərindən olan Gəncalı müəllimin qızı Mahirə Abdullayevanın imzası ilə şerə rast gəlməyə başlayanda sonsuz bir iftixar hissilə inandım ki, Zəngəzurdan da şairə olacaqdır. Bu inamı məndə onun ilk şerlərinin poetik səviyyəsindən aldığım təəssürat doğururdu.
Mahirə xanım Muradxanlı orta məktəbini bitirmiş, M.Ə.Rəsulzadə adına BDU-nun jurnalistika fakultəsində təhsil almışdır. Bir müddət çoxtirajlı “Kimyaçı“ qəzetində müxbir işləmiş, sonra ona redaktor təyin olunmuşdur. Sonralar “Yazıçı“ nəşriyyatında poeziya üzrə redaktor, respublika kitab evində direktor, Azərbaycan TBHİ Komitəsinin sədr vəzifəsində çalışmışdır. Hazırda elmi işlə məşğuldur.
Xidməti iş, ailə-məişət qayğıları nə qədər çox olsa da, bunlar onun poeziyaya olan marağına maneçilik törətməmişdir.
Mahirə xanımın ilhamının məhsulu olan “Qoruyaq dünyamızı“ adlı ilk kitabı 1980-cı ildə işıq üzü görmüşdür. Bu seçim heç də təsadüfən deyildir. Bunun mahiyyətini həmin şerin aşağıdakı misraları aydın dərk etməyə imkan verir.
Qoruyaq ocağın tüstüsünü biz,
Sobanın, təndirin istisini biz.
Qoruyaq dağları, çəməni, düzü,
Qoruyaq Vətəni, yer kürəmizi.
Qoruyaq bombadan, zəhərdən, qazdan,
Qoruyaq, gec olar sonra bir azdan.
Kitabda toplanmış 36 şer onun ilk qələm təcrübəsi kimi kövrək olsa da, hər bir şerdə bəhs olunan süjet xətti öz poetik həllini tapmışdır.
Həmin kitabdan 5 il sonra nəşr olunan ikinci kitabı “Qırmızı qərənfillər“ adlanır, “Doğmalıq“, “Gözüm qalıb o yerlərdə“, “Ürəyimiz, sözümüz“ başlıqları altında toplanmış 46 şer əvvəlki kitabdakı şerlərdən daha təkmildir.
Daha 5 il sonra – 1989-cu ildə M. Abdullayevanın “Tərk edilmiş yuvalar“ adlı üçüncü kitabı “Yazıçı“ nəşriyyatı tərəfindən çap olunmuşdur. “Qısqanclıq“, “Vətən hələ sınar məni“, “Gözləmə“, “Toxunma qəlbimə“ bölmələrində verilmiş şerlər müasirlərimizi narahat edən problemlər fəal həyat mövqeyi ruhunda yüksək vətəndaşlıq pafosu ilə yazılmışdır. Onların forma və məzmunundan, poetik səviyyəsindən müəllifin daim axtarışda olması, poeziya yollarında inamla irəliləmək əzmi aydın nəzərə çarpır.
1989-cu ildən sonra başlanmış proseslər, xüsusən erməni təcavüzkarlığının nəticələri, işğal olunmuş yurd həsrətinin fəryadı, müstəqillik arzuları onun yaradıcılığında öz əksini geniş tapmışdır.
Şairənin 1998-ci ildə çap olunmuş dördüncü kitabı “Türk oğlu, türk qızı“ adlanır. Burada nəşr olunmuş bütün şerlər uşaqlara həsr olunmuşdur. Bu şerlər uşaqların milli mənlik, milli qürur ruhunda tərbiyə olunması baxımından diqqətəlayiq əhəmiyyətə malikdir. “Xəzər qabarır, türk qalxır“, “Mən kiməm“, “Öndə gedən millət olaq“, “Güc də gərək, ağıl da gərək“, “Yaralı Şuşa“, “Laçın“, “Qaçqınlar“, “Xocalıdan 7 yaşlı uşağın dilindən“ poema və şerləri ilə müəllif uşaqları çox mətləblərdən hali edir. Bu kitabdakı şerləri öz forma, məzmun və dilinin sadəliyinə görə son illər uşaqlara aid buraxılan ən yaxşı nəşrlərdən biri hesab etmək olar.
İkinci sevinci mənə vaxtilə Aşıq Pəri məclisinin təqdimatı ilə adını eşitdiyim, şəxsən tanımasam da nəsillərini yaxşı tanıdığım, Qubadlının Xocahan kəndindən olan Məcid müəllimin qızı, ADU-nun məzunu, mənəvi məbədimiz M. F. Axundov adına Respublika Mərkəzi Kitabxanasının şöbə müdiri Fəridə Hacıyevanın çapdan çıxmış 285 şeri və 3 poemanı əhatə edən “Məni məndən alan dünya“ kitabı bəxş etdi.
Professor Əzizə Cəfərzadə kitaba yazdığı rəydə Fəridə xanımın yaradıcılığını yüksək qiymətləndirməklə Azərbaycan qadın şairlərinin cərgəsinə bir qələm sahibinin də daxil olmasına sevindiyini bildirir.
Yazıçı Elbrus Şahmar “Xanımanım Qubadlı“ kitabında “Aşıq Pəri məclisinin Pərisi“ oçerkində onun yaradıcılığından geniş söhbət açmışdır.
Şair Əli Vəkil “Ekspress“ qəzetində verdiyi rəydə kitabdakı şerlər haqqında öz təəssüratını oxucularla bölüşmüşdür.
Mədəni maarif texnikumunda keçirilən görüşdə isə oxucular şairənin poeziyası haqqında məhəbbətlə danışmışlar.
Deyirlər, dünyanın kədəri şairlərin ürəyindən bir çat kimi keçir. Fəridə xanımın şerlərini oxuyarkən adamın bu həqiqətə yəqinliyi bir daha artır.
Mənə dinməz deməyin,
Harayım od püskürür.
Könlümü dindirməyin,
Dağım-dağım sökülür.
Mənə adi deməyin,
Göylərin mələyiyəm.
Zirvələrə yol açıb
Sözümü deməliyəm.
Bəli, Fəridə xanım artıq zirvəyə yol açıb öz şair sözünü deməyə başlamış və onu davam etdirməkdədir. Müasirlərini düşündürən bu günün reallıqları, ağrı-acıları, arzu və istəkləri, xalqımızın düçar olduğu böyük faciə, torpaqlarımızın bir hissəsinin ermənilər tərəfindən işğalı və onun doğurduğu kədər, fəryad və buna son qoyulacağına olan ümid bir silsilə şerlərində öz poetik əksini dolğunluqla tapmışdır.
Qara günüm məni alıb tərkinə,
Yaman çapır, havalı tək ərkinən,
Kövrək qəlbim, haqsızlıqdan bərkimə,
Xoş günləri yada salıb yaşa sən.
Uzun illər imzasını mətbuatda görmək gümanı, inamı ilə izlədiyim qızlardan ikisini iki əsrin qovşağında şair kimi görməkdən indi sonsuz sevinc duyuram. Bunu onlarla bölüşmək üçün şəxsən görüşməyə həmyerli kimi ehtiyac hiss edirəm. Nəhayət, məqam tapıb onlarla ayrı-ayrılıqda görüşüb yaradıcılıqları ilə ətraflı maraqlandım.
Artıq nə Mahirə xanımın, nə də Fəridə xanımın poeziyaya həvəsi ötəri deyildir. Onlar öz üzərlərində səylə çalışırlar. Onların yazdıqları hər şer, hər misra Tanrının bəxş etdiyi ilham və istedadın inci kimi bərq vuran zərrəcikləridir. Bu zərrəciklər onların öz istedadlarının zirvəsini fəth etməkdə pillə rolu oynayacaqdır.
Şair yaradıcılığında ilham, istedad potensialı ilə bərabər oxucunun mənəvi dayağı, xalq məhəbbəti də az rol oynamır. Bunun üçün şairin şerlərinin çap olunub yayılması müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, kitab nəşrində çətinliklər yaranmışdır.
Belə ki, əgər 1985-88-ci ilə kimi gənc şairlərin kitab nəşrinə ideoloji əngəllər və senzura qadağaları çətinlik törədirdisə, indi bu çətinlikləri bazar iqtisadiyyatı, maliyyə məsələləri əvəz etmişdir. Məsələn, Mahirə xanımın 1980-85-ci illərdə nəşr olunan iki kitabının hər birinin tirajı 5 min nüsxə, 1989-cu ildə çap olunmuş üçüncü kitabının tirajı 15000 olduğu halda, 1998-ci ildə çap olunan dördüncü kitabının tirajı 1000 nüsxə olmuşdur. Fəridə xanımın isə keçən il öz hesabına çap etdirdiyi ilk kitabının tirajı 500 nüsxə olmuşdur. Belə tirajla geniş oxucu kütləsi şair yaradıcılığı ilə necə tanış ola bilər?!
Mürsəl QOCAYEV