SƏHNƏMİZİN CAHANDAR AĞASI

AZƏRBAYCAN  TEATRI  –  125

Mövqeyindən, peşəsindən asılı olmayaraq bütün adamlar tanınmış ədəbiyyat və incəsənət xadimlərinə böyük maraq göstərirlər. Onlarla şəxsən görüb tanış olmağı hamı arzu edir. Buna nail olanların təəssüratı isə yaddaşlarda unudulmaz bir xatirəyə çevrilir.

Peşəmlə əlaqədar olaraq belə xadimlərin bəziləri ilə müxtəlif vaxtlarda görüşüm qəlbimdə xoş təəssürat doğurmuşdur. Onlardan öz dünyalarını dəyişənləri həmişə ehtiramla xatırlayır, sağ qalanlarının  yaradıcılığını isə maraqla izləyirəm.

Bu günlərdə  İsmayıl Şıxlının “Ölən dünya“ romanını oxuyarkən onunla ilk tanışlığımı, “Dəli Kür“ romanını, onun kinosunu sözlə ifadə etməyə çətinlik çəkdiyim bir heyranlıq və kövrəkliklə xatırladım.

Mən APİ–də tələbə olarkən İsmayıl Şıxlı 1946–cı ildə ordudan tərxis olunub aspiranturaya oxumağa gəlmişdi. O, ədəbiyyat kafedrasında müəllim işləyirdi. Onun elmi rəhbəri professor Əli Sultanlı idi. Professor bizim sinfə dünya ədəbiyyatından dərs deyirdi. Buna görə də sinfimiz Əli müəllimin aspirantı, həm də çox mehriban, sadə və təvazökar insan kimi İsmayıl Şıxlıya böyük ehtiram bəsləyirdi. Ancaq heç təsəvvürümüzə gəlmirdi ki, illər keçəcək, o, respublikanın xalq yazıçısı kimi yüksək nüfuz sahibi, “Dəli Kür“ romanı və onun ekrana çıxarılması ilə ədəbiyyatımıza böyük xidmət göstərmiş olacaqdır.

Ekrana buraxılandan bəri “Dəli Kür“ kinosuna nə qədər baxdığımın sayını xatırlaya bilmirəm. Ancaq bundan sonra da neçə dəfə baxsam belə, yenə də yorulmaram. Əsərin hər bir iştirakçısı bitkin bir ədəbi obrazdır. Onun əsas qəhrəmanı Cahandar ağa obrazı isə sözün əsl mənasında çox böyük ustalıqla yaradılmışdır. Demək olar ki, İ.Şıxlının yaradıcılıq  tapıntısıdır. Cahandar ağa uzun illər bizə təbliğ edilmiş əzazil bəy kimi təəssürat yaratmır. Yazıçı bütün kişilik, mərdlik, məğrurluq kimi milli xüsusiyyətləri Cahandar ağanın timsalında çox məharətlə əks etdirə bilmişdir. Buna görə də bütün ziddiyyətləri ilə bərabər tamaşaçı, oxucu Cahandar ağaya rəğbət bəsləyir.

Çoxları kimi, mən də bu klassik obrazı ekranda məharətlə yaratmış aktyor Ələddin Abbasova həmişə pərəstiş etmişəm. Ələsgər Ələkbərov “Böyük dayaq“da Rüstəm, Həsən Turabov “Yeddi oğul istərəm“də Gəray bəy, Adil İsgəndərov “Axırıncı aşırım “da Kərbəlayı İsmayıl rolunu nə səviyyədə oynamışlarsa, Ələddin Abbasov da Cahandar ağanı o səviyyədə oynaya bilmişdir.

Təəssüf ki, onunla şəxsən görüşmək üçün məqam düşmürdü. Belə bir məqam “Günəşli“ sanatoriyasında müalicə olunarkən düşdü. Korpusun foyesində görən kimi tanıdım.

– Səhnəmizin Cahandar ağasına eşq olsun! – deyə şuxluqla onu salamladım.

O, məni heç zaman görmədiyinə baxmayaraq, mənim şuxluqla onu salamlamağıma heç təəccüblənmədi və köhnə tanışı kimi görüşdü. Onun təəccüblənməsi də təbii idi. Axı. özü demişkən, İsmayıl Şıxlı onu bütün respublikaya tanıtmışdı. Kim bilir, Mənim kimi neçə–neçə adam ona elə birbaşa ərköyünlüklə Cahandar ağa – deyə müraciət etmişdi. Elə sanatoriyanın özündə də bunun dəfələrlə şahidi oldum.

Müalicə olduğumuz müddətdə tez–tez görüşüb müxtəlif məsələlərdən söhbət açırdıq. Məni ən çox onun fəaliyyəti, oynadığı rollar və bu rollar üzərində necə işləməsi maraqlandırırdı.

Ələddin Abbasovun bu il 75 yaşı tamam olmuşdur. Ömrünün 50 ilini Gəncə Dövlət Dram Teatrına həsr etmişdir. Onun səhnəsində C.Cabbarlının əsərlərində olan Oqtay Eloğlu, Aydın, Yaşar, Elxan, “Qatır Məmməd“də Məşədi Göyüş, “İstintaq“da Seyfi və bir çox başqa rolları məharətlə ifa edib tamaşaçı rəğbəti qazanmışdı. Ancaq onun “Dəli Kür“ kinosunda ifa etdiyi Cahandar ağa rolu aktyorun yaradıcılığında zirvə hesab olunmağa layiqdir. Bu obrazı səhnədə oynamaq hər aktyora nəsib olmaz. Təsadüfi deyildir ki, Ələddin deyir ki, əgər Ələsgər Ələkbərov onda sağ olsaydı, bu rolu mənə verməzdilər. Mən də heç ona çəkilməyə razı olmazdım.

– Bəs necə oldu ki, bu rolda sizi çəkdilər?

– Rejissor Həsən Seyidzadə məni əvvəl Allahyar roluna çəkmək istəyirdi. Sonradan mənə teleqram verib Bakıya çağırdılar və Cahandar ağa roluna sınaq çəkilişi apardılar. Məndən əvvəl bir neçə aktyorun da sınaq çəkilişi aparılmış, ancaq bəyənilməmişdir. İsmayıl Şıxlı ilə studiyada görüşdüm. Onun özü də güman etmirdi ki, bu rolun öhdəsindən gələ bilərəm. Sınaq çəkilişinin kadrlarına baxdıqdan sonra bəyənib razı oldu. Beləliklə, rejissorla rol üzərində gərgin işləməli oldum. Yazıçı obrazı elə mükəmməl işləmişdi ki, bu, məni ekranda obrazı daha dolğun yaratmağa ruhlandırırdı.

Əsərlə filmin sonluğu arasında fərq vardır. Bunun səbəbini soruşanda o belə izah etdi:

– Əsərdə belə bir epizod var ki, general Cahandar ağanı çağırıb deyir ki, qoruğun canişin Varantsovun xoşuna gəlib. Cahandar ağa deyir ki, mən onu pulla almamışam, babamdan yadigar qalıb. Oranı satmıram.

Səhəri xəbər gətirirlər ki, qoşun qoruğu zəbt etmişdir. Cahandar ağa gəlib görür ki, kazakların böyüyü ağacların altında oturub kababla araq vururlar. Soruşur ki, bu, nə həngamədir? Cavab verirlər ki, ay bəy, bura daha sənin deyil, zəbt etmişik.

Cahandar ağa deyir ki, dur burdan zir–zibilini yığışdır, rədd ol! Kazakların böyüyü isə “bəy, deyəsən, ürəyindən sürgün keçir“ – deyə cavab verir.

Sonra atışma başlanır. Cahandar ağa çox kazak öldürür. Gülləsi tükənir. Qaçıb özünü Kürə atmaq istəyir. Kazaklar onu arxadan vururlar.

O vaxt Moskvada bu epizodla razılaşmadıqları üçün belə bir finalla kinonu ekrana buraxmaq istəmirlər. Adi bir azərbaycanlının bir sürü rus kazağını öldürməsi onların heysiyyətinə toxunurdu. Kinoda bu, məişət münaqişəsi zəminində – Cahandar ağanın guya Allahyarın adamları tərəfindən arxadan vurulması ilə əlaqələndirilir.

Aktyor bunu da əlavə etdi ki, həmin lenti studiyanın özündə kəsib arxivə atmışlar. Sonradan onu operatorun köməkçisi olan bir rus oğlan tapıb. İndi belə bir fikir var ki, həmin lentlər filmə əlavə ediləcəkdir.

Müalicə müddətində hörmətli aktyorla yaxından tanış oldum. Onun çox sadə, mehriban, təvazökar olması diqqətimi elə ilk tanışlıqdan cəlb etdi. Oynadığı rolların yüksək mənəvi keyfiyyətləri elə bil onun, necə deyərlər, canına, qanına hopmuşdur.

Hazırda Azərbaycan teatrının 125 illiyi qeyd edilir, onun keçdiyi yola, səhnə ustalarının yaradıcılığına dönə–dönə nəzər salınır. İnanıram ki, məşhur obrazlar qalereyası yaratmış istedadlı aktyorlarımızla bərabər, Gəncə Dövlət teatrının qocaman aktyoru Ələddin Abbasov da teatrımızın tarixinə səhnəmizin Cahandar ağası kimi daxil olacaqdır. Bu gün isə ona yeni–yeni yaradıcılıq uğurları qazanmaq üçün möhkəm can sağlığı arzulayırıq.

Mürsəl QOCAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir