HAQQ NAZİLƏR, AMMA ÜZÜLMƏ

1997 – REPRESSİYA QURBANLARI İLİDİR

Uşaqlıq illərində valideynlərimdən, yaşlı adamlardan çoxlu söhbətlər eşitmişəm. Bu söhbətlərin bəziləri nağıllaşıb yaddaşımda yaşamaqdadır. Ömrümün bu zirvələşən çağında həmin xaritələri yada saldıqca çox qəribə və izah olunmaz hisslər keçirirəm.

«Respublika» qəzetinin əməkdaşı həmkarım Xeybər Göyyalının çapdan yenicə çıxan «Baba Məmmədov» kitabını və Mais Səfərovun ona yazdığı ön sözü oxuyarkən yaddaşımda  uyuyan bir sıra xaritələr oyandı. Bir anlığa qədim Zəngəzurun ecazkar mənzərələri, adlı–sanlı nəsilləri, onun «Qartalları» gəlib gözlərim önündən keçdi.

1970–ci ildə Ə.Vəliyevin «Zəngəzur qartalları» kitabı yenicə çapdan çıxmışdı. Qubadlı, Laçın, Zəngilan rayonlarında necə maraqla qarşılandığını  yaxşı xatırlayıram. Onunla tanış olan elə bir adam yox idi ki, təəsüflə deməsin:

– Heyf ki, Babanın adını bu «Qartallar» sırasında  görmürük!

Axı Baba kim idi və onun adını bu kitabda görməməyə niyə bu qədər təəsüf edirdilər!?

Bunlar ancaq yaşlı adamlar idi. Yeni nəsillər isə onun yalnız haqqında deyilənləri eşitmiş olardılar. İndi Xeybər müəllimin kitabını oxuyarkən onlar bu suala çox aydın cavab tapa biləcəklər.

Baba Məmmədov 1887–ci ildə Zəngəzur mahalının Almalıq kəndində anadan olmuşdur. Bu kənd 1920 –ci ildə Ermənistanın Qafan rayonunun inzibati ərazisinə daxil edildiyi üçün Qubadlı nahiyyəsinin qonşu Fərcan kəndinə köçmüşdür.

O, 6 yaşında anasını, 12 yaşında isə atasını itirmiş, dayısı Kərim Əfəndinin himayəsində qalmışdır. Kərim Əfəndi İraqın Nəcəf şəhərində mükəmməl dini və dünyəvi təhsil görmüş müfti idi.

Kərim Əfəndi bacısı oğlunun zəka və qabiliyyətini görüb onun təhsil almasına qayğı göstərir. O zaman bu zonada məktəb yox idi. Kərim Əfəndi Babanı Hal kəndinə yaxın tanışı Kosa Əfəndinin yanına fərdi təhsil almağa göndərir. Bir müddətdən sonra isə rus dilini öyrənmək məqsədi ilə qonşu Ücənis (erməni) kəndinə müsəlmanların savadlı olduğu üçün mirzə dedikləri İvanın yanına göndərir. Baba burada rus dilini çox müvəffəqiyyətlə öyrənir.

O yeniyetmə çağlarından icmada həmyaşıdlarından hər cəhətdən fərqlənir. Təsadüfü deyil ki, atası öləndən sonra 17 yaşlı Babanı onun yerinə yüzbaşı seçirlər. Bir müddətdən sonra özü imtina edib meşəbəyi işləyir. Sonradan camaat onu yenidən yüzbaşı seçir. Əvvəlki seçki dövrü yol verdiyi səhvlərdən nəticə çıxarıb püxtələşir və icma sakinlərinin böyük rəğbətini qazanır. Hətta Xosrov bəy Sultanovla birlikdə Qarabağın dağlıq hissəsindən Azrbaycan Demkratik Respublikasının palamanını üzv seçilir.

Məlumdur ki, 1905–1920 illərdə erməni–Azərbaycan münaqişəsinin ən qaynar nöqtələrindən biri Zəngəzur idi. Babanı məşhurlaşdıran və camaatın gözündə ucaldan bu dövrdə onun göstərdiyi şücaət və qeyrət olmuşdur. Yüzbaşı olduğu zonada əhalini ermənilərdən  müdafiə etmək üçün Sarallı, Sofulu  camaatını silahlandırıb xüsusi müdafiə dəstəsi yaradır və ona başçılıq edir.

Müəllif 1924–cü ilə qədər Babanın ictimai fəaliyyəti və formalaşan fərdi xüsusiyyəti haqqında indiki nəsillərə məlum olmayan bir sıra faktlar, arxiv materialları aşkara çıxarmışdır. Bunlar elə faktlar və dəlillərdi ki, onlar oxucunun gözü önündə vaxtı ilə təbliğ olunan əli qamçılı, əzazil yüzbaşı deyil, mərd, qorxmaz, sözü bütöv, haqqı nahaqqa verməyən ədalətli bir kişinin simasını canlandırır. Elə bir sima ki, oxucunun daxilində qeyri ixtiyari ona bənzəmək, onun kimi olmaq hissi baş qaldırır.

Yüksək milli qeyrət hissi olan belə kişilərin həyatı hər dövr üçün nəsillərə  nümunə ola bilər. Müəllifin kitabı bu cəhətdən xüsusi ilə diqqəti cəlb edir.

Birinci dünya müharibəsindən 1920–ci ilə qədər baş verən hadisələr Zəngəzur mahalında da dağıntılara, qırğınlara, hərc–mərcliyə səbəb olmuşdur. XI Qızıl Ordunun Zəngəzura gəlməsi ilə əlaqədar olaraq burada da Sovet hakimiyyəti qurulmağa başlandı. Qəza partiya, icraiyyə komitələri, inzibati orqanlar və başa yeni dövlət strukturları təşkil edilirdi. Belə bir vaxta asaişi qorumaq, qaçaq–quldurlara, daşnaklara qarşı mübarizə aparmaq sahəsində yeni yaranan milis şöbəsinə başçılıq etməyə qətiyyətli, camaat arasında nüfuzu olan adama ehtiyac var idi. Qəza rəhbərləri bu vəzifəyə tərəddüd etmədən yaxşı tanınmış, həmin keyfiyyətlərə malik bir adam kimi Baba Məmmədovu təyin etdilər.

Baba kişi xalq dövləti quruculuğunun həyata keçiriləcəyinə ümüd bəsləyərək fəaliyyəti göstərməyə başlamışdır. Qəzada əmin–amanlıq yaratmaq, geniş yayılmış talançılığa qarşı mübarizə aparmaq, camaatın mal–mülkünü qorumaq üçün göstərdiyi fəaliyyəti haqqında kitabda çox maraqlı faktlar vardır. İrandan gəlmiş Qubadlı Zəngilan zonasında talançılıq edən quldur dəstələrinin ləğv edilməsində şəxsi şücaət göstərmiş, hətta döyüş zamanı yaralınıb əlindən iki barmağını da itirmişdir.

Baba kişi çox maari fpərvər olmuşdur. 1922–ci ildə evini məktəbə vermişdir. Onun bu təşəbbüsünə bir sıra kəndlərdə də qoşulanlar olmuşdur. Sarallı Xəştab kəndində Balağa Yusif oğlu mal tövləsinə köçərək yeganə otağını məktəbə vermişdir. İlk məktəb binası da bu kəndlərədə elə Babanın köməyi ilə  tikilmişdir.

Qubadlı nahiyəsinin Başarat kəndindən olan Qabil Qasımovun qaçaq dəstəsini ləğv etmək üçün M.C.Bağırov 1924–cü ildə buraya gəlir. Dəstəni ləğv etmək üçün özü plan hazırlayır. Yaxşı tanıdığı bu igid adamların onun əli ilə məhv olunmasını heç cür özünə sığışdıra bilmir. Buna görə onun planı ilə qəstdən razılaşmır. Bağırov özü iəl gətirdiyi adamlarla 17 nəfəri mühasirəyə alıb tutur və hamısını  Padar kəndində sorğusuz–sualsız, qəddarcasına qanlarına qəltan edir. Elə indidə ora «Bağırovun  qaçaqları güllələdiyi dərə» kimi yaddaşlarda qalmaqdadır.

Bu ədalətsizlik Babaya çox sarsıdıcı təsir göstərir  və başa düşür ki, bu ondan da yan keçməyəcəkdir. Belə də olur. Bağırov onu vəzifəsindən azad etdirir. Təqaüdə çıxmaq adı ilə nahiyyədə məktəb tikintisinə rəhbər təyin edirlər. Bir müddətdən sonra isə həbs edib Şuşaya göndərirlər. Vaxtı ilə nahiyyədə RİK sədri işləmiş dostu, əslən Şuşadan olan Hüsü Hacıyev onu həbsxanadan çıxarıb özü ilə bərabər əvvəlcə Laçına sonra isə Babanı öz kəndi Fərcana gətirir. Baba ailəsi ilə görüşüb, H.Hacıyevin xəbəri olmadan gecəikən Arazı keçib Cənubi Azərbaycana gedir.

Bütün Zəngəzurda bilirdilər ki, Baba heç vaxt öz şəxsiyyətini alçaldan hərəkətə yol verməz. Adi qaçaqlar kimi çöldə, meşədə yol kəsib qarətçilik etməmişdir. Mərd, xeyirxah olduğuna görə camaat ona həmişə ehtiram göstərmişdir. Məğrur, ağayana bir kişi kimi belə yaşamağı da özünə rava bilməzdi. O sadəcə olaraq hökumət adamlarının gözündən iraq olmaq istəyirdi ki, əlverişli şərait yaranan kimi ailəsinə qayıdıb insan kimi yaşasın. Nəhayət 1929–cu ildə birdəfəlik evinə qayıdır. Ancaq Bağırovun qəzəbinə düçar olmaqdan qorxanlar onu daima izləyirdi­lər. Buna görə də onu dövlət əlehinə çıxmaqda təqsirləndirilib həbsə alıb Bayıl türməsinə göndərirlər.

Şahidlərin dediklərinə görə, həmin vaxtlarda Bağırov Bayıl həbsxanasına gəlibmiş. «Mamedov sən hələ sağsan?» deyə təəccübünü bildirir. Bunun üstündə rəisi işdən çıxarır. Artıq Baba onun işinə yenidən buraxılmasına ümüdini itirir. Təsadüfdənmi, taleyin hökmündənmi həmin vaxt həbsxana işlərini yoxlamağa gəlmiş bir nəfər general onu tanıyır. Milliyyətcə rus olan bu zabit 1918–ci ildə Zəngəzurda olarkən döyüşdə yaralanır. Baba onu ermənilərin əlindən alıb xüsusi həkim gətirib müalicəsini təşkil edibmiş. O, Babanı Bağırovun qəzəbindən qurtarmağa hər cür kömək etməyin mümkün olmadığı üçün çıxış yolunu qaçmaqda görür. Elə həmin gecə Baba qəti qərar qəbul edir və həbsxanadan qaçır. Əvvəlcə yaylaqda olan ailəsinin yanına gedir. Bütün obalar onun gəlişini bayram kimi qarşılayır. Ancaq heç kəs bilmirmiş ki, Baba  ailəsi ilə vidalaşmağa gəlibmiş.

O, bir neçə gündən sonra İmişliyə gəlir, vaxtı ilə bir yerdə işlədiyi və dostluq etdiyi adamların köməyi ilə Cənubi Azərbaycana keçir. Onda Baba 44 yaşında idi.

Bundan sonra nəsil üçün qara günlər başlayır. Bütün nəsil repressiya qurbanı olur. Babanın qardaşları, əmiləri, dayıları, yaxın qohumlarının mal–mülkləri müsaidirə olunur. Qızının əri Müslüm onun qardaşı Cəmil isə həbs edildikdən sonra hansı şəraitdə, harada öldükləri və ya öldürüldükləri belə məlum olmadı. Həyat yoldaşı Güldənə xanım 1937–ci ildə 15 yaşlı oğlu Məhəmməd və 13 yaşlı Rəsulla Qazağıstanın Çulak Qurğan rayonuna sürcün edildi. Ana öz oğlanları ilə 15 ilə qədər min bir əzabla qızları Fatma, Münəvvər, Tellinin və bütün qohumların həsrəti ilə yaşamalı olur…

Onların hər birin həyatı, çəkdikləri fiziki və maddimənəvi əzabları, mübaliğəsiz demək olar ki, bədii bir əsər üçün mövzu ola bilər. Bununlada Zəngəzur mahalında böyük bir nəslin genefonduna bərpası çətin olan bir zərbə vurulmuş oldu. Bu dövrdə genefonduna ağır zərbə vurulan nəsilləraz olmamışdır. Təkcə Laçından Soltan bəy və Xosrov bəy qardaşlarını, Qubadlıdan Soltanovlar nəslinin bir çox nümayəndələrini xatırlamaq kifayətdir. O nəsillər ki, Andranik kimi daşnağın ordusunu məğlub edərək Qarabağa keçməyə imkan verməmişdir. Bu gün Azərbaycana dəyən zərbələrin bir səbəbi də məhz belə nəsillərə tutulan divandır.

İnsan ömrünün nə vaxtsa bir gün başa çatacağını dərk etsə də, konkret vaxtı onun üçün sirri–xudadır. Buna görə ümidlə yaşayır. Həm də çalışır ki, ləyaqətlə başa vurub özündən sonra yaxşı adsan qoysun. Baba da ömrünü kişi kimi yaşamaqla başa vurmaq istəyirdi. Çox təssüf ki, bəzən adamı qova–qova namərd edirlər. Lakin Baba kişini namərd edə bilmədilər. Ancaq vətənsiz etdilər. O, 88 illik ömrünün düz yarısını vətəndə qeyrətlə, yarısını isə müharicətdə «qaçaq» adı altında vətən həsrəti ilə yaşamalı oldu. Lakin o adi qaçaq deyil, şərəfsiz ölümdən özünü qoruyan qoçaq idi.

Baba kişi Sovet qoşunları İrana keçənə qədər Təbrizdə yaşamış, heç bir siyasi fəaliyyət göstərməmişdir. Burada tanınıb tutula biləcəyini ehtimal edərək Türkiyəyə getmişdir. Özünün maqnitafon lentinə yazılmış söhbətinə görə, 1950–ci ildə İstanbulda vaxtilə ordu komandiri kimi Azərbaycana köməyə gəlmiş Nuru Paşanı tapır. O zaman Nuru Paşa Zəngəzura gələrkən Fərcan kəndində onun qonağı olmuş, təşkil etdiyi silahlı dəstənin fəaliyyətini bəyənib ona silah–sursat veribmiş.

Başqa bir fakt. Türklər Azərbaycana gələndə bir əsgər Əli adlı oğlunu da özü ilə gətirir. Əsgər döyüşdə həlak olur, uşağı isə ermənilər əsir alır. Baba onu ermənilərdən alıb oğulluğa götürür. Məktəbə qoyur, Şuşaya kənd təsərrüfatı texnikomuna göndərir. Sonralar Əli Turan müxtəlif kolxozlarda mühasib işləyir. 1945–ci ildə isə çox ustalıqla Arazı keçib, oradan Türkiyəyə gedir. Nuru Paşanın köməyi ilə Baba kişi Əli Turanı tapır. Əli Turan  ona çox böyük ehtiram göstərir. Ərzurumda ona gözəl imarət alır və rahat yaşaması üçün bütün tədbirləri görür. 1974–cü ildə vəfat edərkən vəsiyyətinə əsasən onu Xorasan kəndində dəfn edir. Özü də uşaqlarına vəsiyyət edir ki, öləndə  onu da Babanın yanında dəfn etsinlər. Övladları onun da vəsiyyətinə əməl edirlər.

Deyirlər yaxşılıq itməz. Bax budur xalq hikmətinin konkret timsalı.

Budur, Baba kişinin oğlu Rəsul müəllimlə  həmyaşıd kimi dərdləşirik. İki bacısı, böyük qardaşı atalarının, anası Güldənə xanım isə ərinin həsrətini çəkə–çəkə «xalq düşməninin» ailəsi kimi dünyalarını dəyişmişlər. Rəsul isə yeniyetmə illərini Qazağıstanda sürgündə keçirib. 1948–ci ildə xəlvət Azərbaycana xalasının yanına gəlmişdir. Burada eksterni imtahan verib orta məkbəti qurtarmış  və ADU–nun fiziki–riyaziyyat fakultəsinə daxil olmuşdur. 1920–ci illərdə bir yerdə işləmiş və sonralar Azərbaycan Ali Sovetinin Rəyasət heytinin sədri olmuş Nəzər Heydərovla görüşür.  Heydərov bilir ki, əcər tanısalar, onu universitetdən çıxaracaqlar. Buna görə onun Azərbaycandan kənarda oxu­masını tövsiyyə edir. O, Azərbaycanın Moskvadakı nümayəndəliyinə zəng vurub hansı ali məktəbdə boş yer olduğunu müəyyən edir. Nümayəndəlikdən İman Mustafayev cavab verir ki, ancaq Leninqrad KTİ–də zotexnik şöbəsində boş yer vardır. N.Heydərov onun həmin yerə qəbul olmasına kömək göstərir.

Bağırov dövründə belə hərəkət etmək boynuna kəfən salmaq demək idi. Ancaq N.Heydərov Zəngəzurda mərdlik mücəmməsi hesab etdiyi Babanın övladına kömək etməməyi özünə heç cür bağışlaya bilməzdi.

İnstitutu qurtarıb bir müddət Rusiyada işləyəndən sonra 1954–cü Azərbaycana qayıdır. Kənd təsərrüfat nazirinin müavini qeyrətli ziyallılarından olan Mirağa Əliyev onu Şamaxı KTT müəllim və sonar tədris hissə müdiri işləməsinə kömək edir. Daha sonralar Bakıya gələrək quşçuluq sənayesi sahəsində çalışır və 1969–cu ildə respublikada onun inkişaf prespektivləri haqqında dissertassiya müdafiə edib iqtisad elmlər namizədi alimlik dərəcəsi alır.

Rəsul müəllim onların nəslinə ağır günlərdə mənəvi dayaq duran adamları böyük minnətdarlıqla xatırlayır.

Məlumdur ki, Stalinin ölümündən sonra repressiya qurbanlarının bir çoxlarının işləri araşdırılıb onlara bəraət verilirdi. Həmin vaxtlardan başlayaraq 1990–cı ilə kimi Rəsul müəllim öz atasının haqsız repressiya olması barədə dəfələrlə müraciət etsə də mənfi cavab almışdır. Yalnız Azərbaycan müstəqillik qazanandan sonra onun bəraət alması haqqında 1992–ci il iyunun 13–də respublika prokrorluğundan cavab almışdır. Onda artıq Baba kişi 18 il idi ki əbədiyyətə qovuşmuşdu.

Haqq nazilər, amma üzülməz. Həqiqət gec gələr, amma güc gələr. Kişi ölər, kişilik isə qalar… Bax bütün bu xalq hikmətləri Baba kişinin taleyində öz əksini çox aydın tapmışdır.

Buna görə də Baba Məmmədovun şəxsiyyəti, onun Zəngəzurda Daşnaqlara qarşı mübarizəsi, Azərbaycan Demokratik Respublikasının parlamentindəki fəaliyyəti haqqında geniş tədqiqata ehtiyac vardır. Bu baxımdan Xeybər müəllimin təşəbbüsü uğurludur.

S.Rəhmanov, Ə.Vəliyev, N.Heydərov, Ş.Abbasov, C.Bərgüşad, T.Cahan­girov, S.Rüstəm, Ş.Arif, E.Şahmar və başqa qələm sahibləri tərəfindən yazılanları bir yerə toplayıb «Zəngəzurnamə» adlandırsaq, onu zənginləşdirən kitablardan biri də Xeybər müəllimin bu kitabı olardı.

Ancaq Baba kişi və onun mənsub olduğu nəslin həyatı haqqında ibrətamiz, yeni nəsillər üçün nümunə ola biləcək çox zəngin məlumatlar toplamaq mümkündür. Bu işdə onu tanıyanların xatirələrindən arxiv materiallarından, özünün Türkiyənin baş naziri işləmiş Süleyman Dəmrəlin müşaviri olmuş Erolla müsahibəsinin indi oğlu Rəsulda saxlanan maqnitofon lent yazısından və başqa mənbələrdən geniş istifadə etmək olar. Yəqin ki, Xeybər müəllim öz tədqiqatlarını davam etdirib «Zəngəzur qartalları» nın biri  kimi onun şəxsiyyətini daha dolğunluğu ilə oxucuya çatdıracaqdır.

Mürsəl QOCAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir