Yollar hamar olmur. Onun sərt yoxuşu da olur, enişi də. Yoxuşdan çıxmaq adamdan dözüm, inad və qüvvət tələb edir. Enişdən isə gərək təmkinli olub müvazinətini saxlamağı bacarasan. Ömür yolları da belədir. İnsan illərin min cür sınağından, qınağından keçməli olur. Ömür zirvəsinə alnı açıq, üzü ağ çıxmaq üçün gərək bu sınaqlara dözəsən. Ucalanda coşub, aşağı düşəndə çaşmayasan. Təsadüfi deyil ki, ata–babalarımız ağsaqqallıq haqqında saysız–hesabsız hikmətlər, ibrətamiz rəvayətlər söyləmişlər.
Nəsillərin estafetinin ötürücüsü kimi ahıllarımızın müdrikliyinə həmişə ehtiyac olubdur, var və olacaqdır. Buna görədir ki, ehtiram rəmzi kimi YUNESKO əsrimizin sonuncu ilini Beynəlxalq ahıllar ili e’lan etmişdir. Axı onların keçdiyi ömür yolu nəsillər üçün çox ibrətamizdir.
Yeni açdığımız bu rubrikada ilk söhbət rayonumuzun belə ahıllarından biri haqqındadır.
Əsrimizin ikinci on illiyinin sonunda ucqar bir dağ kəndində, sadə bir əkinçi ailəsində dünyaya göz açmış, pioner drujina rəhbərindən, komsomol katibliyindən RİK–in ikinci katibliyinə, RİK sədrliyinə, sonra isə RİK–in birinci katibi vəzifəsinə yüksəlmiş, Azərbaycan AS–nə deputat seçilmiş, yarım əsrə qədər əmək yolu keçmiş, 70 yaşlı möhtərəm bir ahılımızdan söhbət açmağı özümə mə’nəvi bir borc hesab edirəm.
Doğrudur, ictimai quruluşun dəyişməsi ilə əlaqədar olaraq özünü “demokrat“ kimi qələmə verən bə’zi çılğınlar belələrinə “partokrat“, “avtoritar“ kimi ayamalar verməklə gördükləri geniş miqyaslı işləri az qala heçə endirib onlara ağız da büzürlər. Ancaq bunu nəzərə almaq istəmirlər ki, bu gün malik olduğumuz potensiyalı yaratmaqda onların nə qədər böyük əməyi olmuşdur!
Belə adamlardan söhbət açmaq indi dəbdə olmasa da, ədalət naminə onların haqqını danmaq böyük insafsızlıq, keçmişinə dönüklük olardı.
Əmək yoluna eyham vurduğum ahılımızın hələ adını çəkməsəm də, çoxlarınız onun kim olduğunu yəqin ki, eyninizə gətirdiniz.
Bir jurnalist kimi onun bütün xidmət pillələrini diqqətlə izləyib fəaliyyətinin şahidi olmuşam. Həmin illərə indi xəyalən nəzər salanda Nazir Kərimovun rayon əhalisi arasında qazandığı ehtiramın səbəbini dolğunluğu ilə bir daha yenidən dərk edirəm.
Nazir Qibləli oğlu Ali partiya məktəbini qurtardıqda əvvəlcə
RİK–in şö’bə müdiri, sonra ikinci katibi vəzifəsinə tə’yin ediləndə ictimaiyyət onun gələcəkdə rayonun işgüzar kadrlarından biri olacağına dərindən inanırdı.
1962–ci ildə Zəngilan və Qubadlı rayonları bir istehsal idarəsində birləşəndə onun RİK sədri tə’yin olunması bu inamı doğrultdu. İdarəetmə işlərinin, həll edilməli olan problemlərin miqyası, qarşıya çıxan bir çox çətinliklər İcraiyyə Komitəsindən gərgin fəaliyyət tələb edirdi. Rayonların ayrılmasına qədər davam edən üçillik bu gərgin dövr RİK sədri kimi N.Kərimova əsl sınaq oldu. O, bu sınaqda təşkilatçılıq qabiliyyətini bacarıqla nümayiş etdirə bildi.
1965 –ci ilin sonunda istehsal idarəsi ləğv olunduqdan sonra rayonun həyatı ilə daha çox məşğul olmaq imkanı tapdı. O, əllinci illərdə hazırlanmış gen planını nəzərdən keçirib ona tikilməsi zəruri olan bir sıra yeni obyektlər saldırdı, kəndlərə gedən yolların abadlaşdırmaq, avtobus marşrutları açdırmaq, rayon mərkəzində Oxçu çayının üstündən körpü saldırmaq üçün tədbirlər həyata keçirməyə başladı və bunların bir çoxunun 3–4 il müddətində icra olunmasını təşkil etdi.
Onun bu dövrdə ən yadda qalan xidmətlərindən biri rayon mərkəzinə 1967–ci ilin sentyabrında şəhər statusu verilməsinə nail olmasıdır. Bu, şəhərin inkişaf etdirilməsi üçün respublika büdcəsindən daha çox vəsait, maddi ehtiyatlar ayrılmasına, yeni tikinti idarələri təşkil olunmasına imkan verdi.
Bəs dağ üstü park!!
Bunu N. Kərimovun mədəni quruculuq işində, necə deyərlər, şah əsəri adlandırmaq olar. 27 hektarlıq sahədə təpələr hamarlanıb geniş əyləncə meydançasına çevrilmiş, yamaclarda yüz kilometrlərlə terraslar çəkilib, yüz minlərlə meyvə, həmişəyaşıl bəzək ağacları, gül kolları əkilmiş, 5–6 kilometrlik su kəməri çəkilmişdir.
Parkın salındığı altmışıncı illəri xatırlayarkən adam öz–özünə düşünür: iqtisadi cəhətdən zəif, saysız–hesabsız iqtisadi qayğıları olan dağlıq bir rayonda dəmiyə yamaclarda, təpələrdə belə bir park salmaq onun xəyalına necə gəlmişdi?!
Bax təşəbbüskarlıq, yaradıcı, qurucu gələcəyi görmək buna deyərlər!
Kərimov el–obanın kütləvi məişət mərasimlərində, xüsusən yaslarda müntəzəm iştirak edərdi. 1960–cı illərdə qəsəbə qəbiristanlığının dözülməz vəziyyəti onu necə narahat etdiyinə dəfələrlə şahid olmuşam. Bura mal–qaranın otlağına çevrilmişdi.
Yaxşı yxatırlayıram, bir gün nüfuzlu ağsaqqalların bir dəstəsini və qəsəbə sovetini, kommunal təsərrüfat şö’bəsinin rəhbərlərini yanına çağırıb qəbiristanlığın abad edilməsi haqqında fikir mübadiləsi etdi. Bu təşəbbüs çox razılıqla qarşılandı, müzakirədə iştirak edənlər öz məsləhətlərini verdilər. Müzakirədən sonra qəbiristanlıq üçün 2 hektar yeni sahə ayırdı. Onu mişar daşı ilə barıya almaq, bura su kəməri çəkmək, daimi gözətçi təyin etmək və s. tədbirlər müəyyənləşdirildi. Qəsəbə sakinlərinin köməyi ilə tezliklə bu işlərin görülməsinə başlandı. 2–3 il ərzində elə sözün həqiqi mə’nasında bura əsil ziyarətgaha çevrildi. Dəfnə, öz mərhumlarını ziyarətə gələnlər birinci növbədə bu abadlaşdırmanın təşəbbüskarı N.Kərimova xoş arzularla dua edirdilər. Doğrudan da, o savab işi görmüşdü. Camaat çox razılıq hissilə deyirdi ki, əgər heç bir iş görmüş olmasa belə, təkcə bu işə görə o, el ehtiramına layiqdir.
1968–ci ildə N. Kərimovun birinci katib seçilməsi rayon sakinlərinin ürəyindən oldu. Rayonun həyatında həmin vəzifədə seçilmiş ikinci yerli adam idi.
Bu e’timadı doğrultmaq üçün yeni vəzifə pilləsində on il gərgin fəaliyyət göstərməli oldu.
Pambıqçılıqdan imtina edilib tütünçülük və üzümçülük üzrə ixtisaslaşma aparıldı. Heyvandarlığı, baramaçılığı, yemçiliyi inkişaf etdirmək üçün bir sıra tədbirlər görüldü. Abadlıq, tikinti işləri daha geniş vüsət aldı. Müasir tələblərə uyğun neçə–neçə orta məktəb, uşaq bağçaları, kənd xəstəxanaları, iaşə, ticarət müəssisələri, rayon mərkəzində univermaq, ikimərtəbəli ticarət mərkəzi, maddi–material bazaları tikildi. Bəsit çaydan şəhərə əlavə su kəməri çəkildi. Hər biri 20–30 min tonluq 2 üzüm e’malı, milyon şərti bankalıq konserv, sutqalıq gücü 35 tonluq çörək zavodları, heyvandarlıq kompleksi, nümunəvi ferma şəhərcikləri, Bartaz kəndində hidroqurğu, dolu əleyhinə mübarizə stansiyası və bir çox obyektlər onun təşəbbüskarlığı ilə inşa edildi.
“Ağ oyuq“ deyilən böyük düzə Həkəri çayından su çıxarmaq rayon əməkçilərinin əsrlərdən bəri ən böyük arzusu olmuşdur. Hər il bu məsələ respublika rəhbərliyi qarşısında qaldırılırdı. Təəssüf ki, bu cəhdlər ittifaq büdcəsindən vəsait almaq mümkün olmaması səbəbi ilə öz həllini tapmırdı.
Bu arzunun reallaşması üçün N.Kərimovun nə qədər gərgin əmək sərf etdiyinin şahidi olanlar yəqin ki, xatırlayırlar. O, vəzifə imkanlarından, deputatlıq hüququndan istifadə edərək illərlə səlahiyyətli orqanlarda, necə deyərlər, açmamış qapı qoymadı. Nəhayət, hidrokompleksin tikintisinin 1976–80–ci ilin planına salınmasına nail oldu.
3200 hektar dəmiyə torpağı suvarmaq üçün nəzərdə tutulan bu hidro–kompleks rayonun iqtisadiyyatını əsaslı surətdə yüksəltməyə imkan verəcək bir tədbir idi. Müqayisə üçün xatırladım ki, həmin illərdə rayonun bütün suvarılan torpağının sahəsi cəmi 2500 hektar olmuşdur.
Rayon əməkçilərinin çox əsrlik arzusunun reallaşdırılması bununla əlaqədar olaraq şəhərin şimal–qərbində melioratorlar üçün mikrorayon, Yazı düzündə hər cür sosial xidmət obyektləri olan 1500 nəfərlik üzümçülər qəsəbəsi salınması N.Kərimovun müstəsna xidmətlərindən biri idi.
Əlbəttə, bütün bü tədbirləri rayon əməkçilərinin gücü ilə həyata keçirirdi. Atalar çox yerində demişdir ki, yüz vuranla bir vur deyən bərabərdir. Ancaq “vur“ deməyə də gərək adamda ağıl, təpər, qətiyyət və qabiliyyət ola!
Çoxlarımız rəhbər işlərdə çalışmış adamların vəzifədən çıxandan sonra camaat arasında mövqeyinə şahid olmuşuq. Elə adamlar görmüşük ki, onun vəzifədəki “hörmətindən“ əsər–əlamət qalmır. Elələri də olur ki, əksinə, camaat ona vəzifədə olduğundan artıq ehtiram bəsləyir. Nazir müəllim kimi 1979–cu ilin sonunda birinci katiblikdən çıxandan indiyə kimi 19 ildir ki, rayon maliyyə şöbəsinin müdiri işləyir, ancaq elə əvvəlki ağsaqqallığa layiq nüfuzunu saxlamaqdadır.
Min təəssüflər olsun ki, illərdən bəri həvəslə qurub yaratdıqları ona sevinc mənbəyi əvəzinə göz dağına çevrilmişdir. Doğma yurdun
1993–cü ilin oktyabrından düşmən tapdağı altında tarmar olmasını xəyalına gətirəndə rayonun bütün sakinləri kimi onun da qəlbi, necə deyərlər, soğan kimi soyulur, üstünə duz basılmış yara kimi göynəyir.
Ancaq inanır ki, su gələn arxdan bir də gələr, rayon gec–tez işğaldan azad ediləcək, bütün bu dağıntıları bərpa edən oğullar tapılacaqdır. Hələlik isə ondan təsəlli tapır ki, ahıllığı üçün eldən hörmət və inam qazanmışdır.
Buna görə rayonun sakinləri adından biz də ona deyirik:
– Nazir müəllim, m übarək ahıllığın uğurlu, imanın kamil və nurlu, arzuların isə çin olsun!
Mürsəl QOCAYEV