ÖZÜN OLMAYANDA BİR GÜN CAHANDA

«Vətən böyükdür. Ancaq bu böyüklüyün içərisində hər kəs üçün daha əziz olan kiəik bir Vətən də var. Qoynunda göz açıb saf havası ilə nəfəs aldığım, sərin sularını içib, torpağının nemətləri ilə boya–başa çatdığım, uca dağlarını, laləli düzlərini, nəğməli meşələrini, yaşıl çəmənlərini dönə–dönə dolandığım doğma kəndimdir mənim Vətənim…»

Şair, rejissor Hafiz Baxışın «kiçik Vətən» adlandırdığı kənd Zəngəzurun füsunkar təbiətli Qafan rayonunun Gilətağ kəndidir. Bu kənddə adı el arasında ehtiramla çəkilən qeyrətli oğullar az olmayıb. Yeni nəsillərdən olan Hafiz Baxış da onların ənənələrinə sadiq olan oğullardan biridir.

Onunla ilk dəfə 1963–cü ildə, Teleradio Komitəsində işlərkən Zəngilana ezamiyyətə gələndə tanış olmuşdum. Elə bir il olmazdı ki, özünün dediyi kimi, «kiçik Vətən»ini yad etməsin. Hər dəfə gələndə görüşlərimiz çox maraqlı olardı. Televiziyada quruluş verdiyi musiqili veriliş (xüsusən muğamlara həsr edilmiş) proqramları, şerlərinə bəstələnən mahnılar barədə etdiyimiz fikir mübadiləsi onda xoş ovqat yaradardı.

Onunla ən yadda qalan görüşümüz 1980–ci il mayın 1–də Zəngilanın Gilətağ kəndində oldu. Hafiz orta məktəbi orda qurtarıb. O, qohumları və xüsusən ədəbiyyat müəllimi Qüdrət Bəxtiyarovla görüşmək üçün İlyas Tapdıqla birlikdə buraya gəlmişdi.

Təbiətin «xəyala, duyğuya qol-qanad verən» bir çağı idi. Heç bir vasitə ilə tutub saxlamaq mümkün olmayan bu anı yaxşı ki, fotokameranın köməyi ilə tutub saxlamaq mümkün olub. İndi bu şəkillərə baxanda onu çəkdiyim anda keçirdiyim hisslər qəlbimi elə kövrəldir ki, mərhum həmkarımız Alı Mustafayev demişkən, dəli bir ağlamaq keçir könlümdən.

O məsud günlərdə heç xəyalımıza da gəlməzdi ki, bu görüşümüz sonuncu olacaq…

1989–cu ilin avqust ayının sonu idi. Bir neçə gün idi ki, qohumlarımla görüşə getmişdim. Qayıdanda redaksiyada mənə dedilər ki, Hafiz gəlmişdi, səni görə bilmədiyinə çox təəssüf edib getdi. Elə mən də buna az təəssüflənmədim. Bu elə bir vaxt idi ki, Qafan rayonunda bir nəfər də azərbaycanlı qalmamışdı. Hafiz gəlib Qafan rayonu ilə sərhəd olan Günqışlaq kəndinə – qohumlarıgilə getmək və o «kiçik  Vətən»ini uzaqdan da olsa, seyr edib, burada bir qədər dincəlmək istəyirdi. Ancaq onun ürəyinə elə bil nə isə dammışmış, o, sonuncu dəfə vidalaşmağa gəlibmiş. Əməkdaşlar mənə dedilər ki, o, çap etmək üçün redaksiyaya «Darıxmışam» adlı şer də verib. Sanki o, ürəyinin ən ağır dərdini, yüz illərdən bəri dədə–babasının yaşadığı doğma yurdundan ayrı düşmək həsrətini öz oxucuları ilə bölüşməyə mənəvi bir ehtiyac duymuşdu.

            Qucağında bu dünyaya göz açdığım,

            Qucağında pərvazlanıb tez uçduğum,

            Harda olsa xatırlayıb söz açdığım,

            Doğma, əziz ellər üçün darıxmışam!!!

            Uca dağlar, qurbanınız olum sizin,

            Zirvənizə bir də düşər yolum sizin,

            Qoy dolansın boynunuza qolum sizin,

            Sizdə keçən illər üçün darıxmışam.

Qəfil ölüm mənə bir daha alman şairi Henrix Heynenin bu sözlərini xatırlatdı: «Bəşəriyyətin dərdləri şairin ürəyindən bir–bir çat kimi keçir»

            Ey odlar diyarı, müqəddəs ana,

            Hazıram yolunda hər imtahana.

            Sənsiz baxaramsa, əgər cahana,

            Qoy onda kor olsun gözüm, ey Vətən!

Bəli, Vətən dərdi Hafizin ürəyindən bir çat kimi keçdi. Elə bir dərdin, kədərin çatı ki, o vaxtlar görkəmli alimimiz Xudu Məmmədovu, yazıçı Fərman Kərimzadəni də əbədiyyətə qovuşdurub.

Həmin vaxtlar Hafizin üçüncü kitabı nəşriyyatda idi. «Eşqini sönməyə qoymaram» adlı bu kitabını görmək ona nəsib olmadı. Bu, onun pərəstişkarlarına qoyub getdiyi ən dəyərli yadigar idi. Onun ürək çırpıntıları həmin şerlərdə öz ifadəsini çox aydın tapmışdı.

Hafiz təbiət vurğunu idi. Vətənin qartal yuvalı qarlı dağları, bəyaz buludları, səsi şahnaz, şur timsallı, görkəmli, ağ duvaqlı gəlin şəlalələri, bal dadan buz bulaqları onun şerlərində ilhamla tərənnüm edilib.

«Mənim dünyam», «Dünyadır» şerlərini oxuyarkən əbədi və əzəli dünya haqqındakı poetik düşüncələri oxucunu kövrəldir. Bununla belə, bu şerlər inamsızlıq deyil, oxucuda Xaliqin ona bəxş etdiyi ömürdən xeyirxah əməllər üçün, xüsusən Vətənin xoş gələcəyi naminə istifadə etməyə inam doğurur.

Hafizin yaradıcılığı haqqında ətraflı danışmağı qarşıya məqsəd qoymamışam. Onun ayrı–ayrı şerlərinin məna və poetik məziyyətləri haqqında da ətraflı söz açmaq istəmirəm. Həmin şerlər elə məharətlə yazılıb ki, onların şərhinə də ehtiyac yoxdur. Ancaq bir oxucu kimi öz təəssüratımı bildirmək istəyirəm.

M.Araza nəzirə yazdığı «Salamat qal», «Bizim dost itirən vaxtımız deyil» kimi şerlərini oxuyarkən bu gözəl insanın, ilham sahibinin dünyadan vaxtsız getməsinə dönə–dönə təəssüf etmişəm.

Zəngilanı tərk edib Arazdan İrana keçmək məcburiyyətində qalarkən elə bil Hafiz bizim yanımızda durub Arazın sağ sahilindən sol sahilinə həsrətlə baxdığımız zaman bu şeri oxuyurdu:

            Ey gəlin bəzəkli boyalı dağlar,

            Abırlı, ismətli, həyalı dağlar,

            Dədəmin, babamın xəyalı dağlar,

            Ayrılıq dəmidir, könlümü alın – Salamat qalın!

Yeddi ildə çox–çox oğullarımızı, dosğlarımızı itirməli olmuşuq. Bu ağır günlərdə elə bil Hafiz yanımızda durub mərsiyə üstündə «Bizim dost itirən vaxtımız deyil» şerini oxuyurdu:

            Tutub ha dünyanı qalan deyilik,

            Əbədi məskən də salan deyilik,

            Ömrü bir də satın alan deyilik,

            Dostluqda hər anın qədrini bilək,

            Bizim dost itirən vaxtımız deyil.

Hafiz də itirilməli dost deyildi. Lakin nə etmək olar. Kövrək şair ürəyi namərd düşmənin Vətənimizə qarşı təcavüzünə dözmədi. Elə bil dünyadan vaxtsız gedəcəyi ürəyinə damıbmış. Bəlkə də bu kövrək misralar həmin hisslərin təsiri altında yazılıb:

            Hafizəm, yox işim şöhrətdə, şanda,

            Yazaram, həvəsim hələ var canda.

            Özüm olmayanda bir gün cahanda

            Nəyim qalacaqdır sözümdən başqa?!

Adam yalnız ondan təskinlik tapır ki, Hafizin gözəl poeziyası, Ə.Tağıyevin şairin !Qəşəngdir», «Azərbaycan oğluyam», «Mənim dünyam», «Yaz gəldi» və onlarca başqa şerlərinə bəstələdiyi mahnılar xalqımıza əbədi bir yadigar kimi qalıb.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir