ƏSİL AZMAZ, DÜZ İYİMƏZ…

Kəndimizin yaşlı sakinlərindən Balaca Yusif oğlunun 1905–1920–ci illərdə erməni–Azərbaycan qırğını, 1919–cu və 1920–ci illərdə bolşeviklərin Azərbaycana gəlməsi, Zəngəzur hadisələri haqqındakı xatirə­lərini yaxşı xatırlayıram.

Balaca kişi danışardı ki, iyirminci illərdə gürcülü Nəzər inqilab komitəsinin sədri, bizim Baba da (qohumu olduğu üçün ona həmişə belə deyərdi) onun yanında milis rəisi idi. Bir gün xəbər gəldi ki, Baba vuruşmada yaralanıb. Kəndin cavanlarından 15 nəfər atlını götürüb dairə idarələrinin yaylağa köçdüyü Ağbulaq kəndinə getdim. Nəzəri tapıb vəziyyəti öyrəndim. Gördüm ki, Babanın yarası yüngüldür. Apardığımız erkəklərin hamısını Babanın xatirinə Nəzərə bağışlayıb dedim ki, qoy milis işçiləri kəsib yesinlər…

Balaca kişinin heç xəyalına da gələ bilməzdi ki, otuz il sonra ona «Gürcülü Nəzərlə» başqa bir şəraitdə ali mənsəb sahibi məqamında görüşmək nəsib olacaqdır…

Müharibə illərində Balaca kişi çox ağır həyat keçirirdi. Müəllim işləyən oğlu Məhəmməd cəbhəyə getdiyi üçün ailəni dolandırmaq daha da çətinləşmişdi. Müharibə qurtardıqdan sonra oğlu rayona ehtiyat əmək qüvvələri müvəkkili təyin olunmuşdu. Balaca kişinin sevinci uzun sürmədi. O dövrə məxsus şəxsi–qərəzlik nəticəsində oğlunu dolaşdırıb 7 il həbs cəzasına məhkum etdilər.

Dizi taqətdən, qolu qüvvətdən, gözü nurdan düşmüş 70 yaşlı qoca 7 ailə üzvünü dolandırmaq məcburiyyətində qalmışdı. Nə satılmalı bir şeyi var idi, nə dəbaşqa gəlir mənbəyi. Yoxsulluğun üzü qara olsun, kişi bilmirdi hara şikayət etsin, kimdən kömək istəsin. Ancaq tez–tez üzünü tanış adamlara tutur: – Siz Allah, məni Bakıya – gürcülü Nəzərin (o vaxtlar N.Heydərov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri idi) yanına aparın, işiniz yoxdur, – deyərdi. Doğrusu, onun sözünə istehza edənlər də olurdu.

Nəhayət, tutulan oğlunun qayını Ədil onu Bakıya apardı. Qayıdandan sonra N.Heydərovla görüşü haqqında bizə belə danışdı:

– Mən sözümü sənə deməyə gəlməmişəm. Nəzərin özünə deyəcəyəm. Ona deynən ki, Sarallı Usub oğlu Balaca gəlib.

Növbətçi milis pilləkənlərlə üst mərtəbəyə qalxıb bizi qəbul otağına apardı. Biz içəri daxil olanda N.Heydərov Balaca kişini diqqətlə süzdü

– A gidi, (o,kənddə hamıya belə müraciət edirdi) Nəzər, sənsən, tanımadın məni? Mən Sarallı Usub oğlu Balacayam. Yadına düşmür? Ağbulaq, bizim Babanın vurulması, onun xatirinə əsəbalarına bağışla­dığım erkəklər!..

Nəzər Heydərov onun sözünü təsdiqləyib gülümsündü:

– Bəli, yadımdadır, Balaca kişi – deyə həmin vaxtlara aid bəzi məqamları xatırlatdı və gəlişinin səbəbini soruşdu.

Balaca kişi oğlunun tutulması səbəblərini izah etdikdən sonra müfəssəl yazdırdığı ərizəni də ona təqdim etdi.

N.Heydərov onu dinləyib ərizəyə baxdıqdan sonra dedi:

– Balaca kişi, arxayın ol, on beş günədək nə kimi kömək mümkündür, edəcəyəm.

Balaca kişi:

– Ay, Nəzər, Zəngəzurdan bura güclə gəlmişəm, şikəst adamam. Oğlumun əlini ver əlimə, özümlə aparım – deyə yenə israr etdi.

– Balaca kişi, mən gərək onun harada saxlandığını öyrənəm, işi araşdıram. Ancaq sən arxayın gedə bilərsən, – deyə onu mehribanlıqla yola saldı. Buna baxmayaraq, Balaca kişi amiranə bir tərzdə dedi:

– Ay gidi Nəzər, bəlkə qorxursan. İstəyirsən, gedim Mircəfərə də

deyim?

Doğrusu, mən onun bu tərzdə danışığından daxili bir narahatlıq keçirdim. Elə danışırdı ki, sanki N. Heydərov, Mircəfər Bağırov onun əmioğlusu və ya dayıoğlusu idi.

N.Heydərov gülümsünüb:

– Buna ehtiyac yoxdur. Balaca kişi, arxayın ola bilərsən, – deyib onu tam əmin etdi. Sonra stolun siyirməsini çəkib pul təklif etdi. Balaca kişi qətiyyətlə rədd edib dedi:

– Ay gidi Nəzər, elə bilmə ki, kasıbladığım üçün yanına gəlmişəm, mənə pul lazım deyil, oğlum lazımdır.

Ədil deyirdi ki, yol boyu bu görüşün təsiri altında idim. Öz-özümə onun yüksək mədəniyyətinə, qayğıkeşliyinə və neçə–neçə illər bundan əvvəl olan bir əhvalatı respublikanın saysız–hesabsız qayğıları içərisində necə xatırlamasına heyran qalmışdım.

Doğrudan da, 15 gündən sonra Məhəmməd müəllim həbsdən azad edilib kəndə qayıtdı. Müəyyən olunmuşdur ki, onun ittiham olunmasında cinayət əməli yoxdur. İş mülki qaydada həll edilməli imiş.

Vaxtilə Zəngəzurda daşnaqlara qarşı mübarizə apararkən, Qubadlıda inqilab komitəsinin sədri olarkən, Azərbaycan Ali Soveti Rəyasət Heyə­tinin sədri vəzifəsinə yüksələnə qədər keçdiyi həyat yolunun pillələrində yaxından tanıyanların əksəriyyəti məhz onu bu cür – qayğıkeş, sadə və təvazökar bir şəxsiyyət kimi tanımışlar. Onun «Zəngəzur dağlarında» xatirələr kitabını oxuyarkən bu xüsusiyyətləri aydın əks etdirən bir çox epizodlara rast gəlmək olar.

N.Heydərovun 1919–cu ildə Sərməsbəyov tərəfindən tutulub döyülməsi, 1925–ci ildə isə onunla Ordubadda üz–üzə gələrkən göstərdiyi alicənablıq, Bəylər tərəfindən həbs edilmiş Dəmirçilər kənd sakini, tanınmış xeyriyyəçi Hacı Bədəllə həbsxanada bir–birləri arasında yaranan ünsiyyət, birgə fəaliyyət göstərdiyi yoldaşları (Əli Vəliyevin təbirincə desək, «Zəngəzur qartalları») Kərim İsgəndərov, Göyüş Məmmədov, Göyüş Hümmətəliyev, Əli Əmiraslanov, Məhəmməd İsakov, Salam Adıgözəlov, Qulu Əbdüləzizov, İmran Rüstəmov, Mahmud Paşayev, Hüseyn Abdullayev, Əmrah Məmişoğlu, Qara İlyasov, Əziz Quliyev, Lətif və Savalan Şirinovlar, habelə başqaları ilə münasibətləri bu cəhətdən çox ibratəmizdir.

Yuxarıda haqqında bəhs etdiyim Baba Məmmədov sonralar repressiyaya məruz qalıb, öz vətənini tərk edib, İranda, sonra isə Türkiyədə yaşamalı olmuşdur. Onun həyat yoldaşı və iki oğlu Qazaxıstana sürgün olunmuş, qohumları isə uzun illər səksəkəli yaşamışlar. El qayğısı çəkən, mərd bir adam kimi tanıdığı Baba kişiyə və onun qohumlarına ən ağır məqamlarda belə, Nəzər öz rəğbətini gizlətməmişdi.

Əllinci illərin əvvəllərində N.Heydərov Qubadlıya gəlmişdi. Qayıdanbaş Xocahan kəndindəki orta məktəbə dönür və müəllimlərlə görüşür. Çıxıb gedərkən kənddən 5–6 kilometr aralıda xatırlayır ki, görüşdüyü müəllimlərdən biri, deyəsən, Babanın qohumlarındandır. Geri dönüb öz zənnində yanılmadığını yəqin edib, müəllimə pul verib gedir. Halbuki o vaxtlar belə hərəkətə görə kimliyindən asılı olmayaraq adamlar cəzasız qalmırdılar.

N.Heydərov 1919–cu ildə Qubadlı həbsxanasından Şuşaya yatab ediləndə yuxarıda adını çəkdiyim Hacı Bədəl ona pul verərkən götürmək istəməmişdir. Ancaq Hacı Bədəl təkid edib demişdir:

– Götür, bala, sənə orada pul daha çox lazım olacaq.

Hacı Bədəlin oğul nəvələrindən biri İmran müəllim mənə nağıl edirdi ki, orduda xidmət edərkən Bakıda bir təsadüf nəticəsində onunla görüşməli oldum. Hacı Bədəlin nəvəsi olduğumu biləndə məni elə qarşıladı ki, özüm utandığımdan bilmədim nə edim.

Atalar deyib ki, əsil azmaz, düz iyiməz. N.Heydərovun oğlanları da çox qayğıkeş və xeyirxah olmuşlar. Azərbaycan İqtisad İnstitutunun müəllimi, iqtisad elmləri namizədi Qaçay Heydərovu, onun dərs dediyi tələbələr indi də xeyirxahlığına, təmizliyinə görə ehtiramla xatırlayıb ruhuna rəhmət oxuyurlar.

Respublikamızın tanınmış ziyalısı İsrafil Nəzərov jurnalistlərə 30 il bundan əvvəl Türkiyə səfərindən danışarkən Sovet səfirliyində işləyən N.Heydərovun oğlu Arifin diplomatik fəaliyyətindən, onun Türkiyədə necə böyük hörmət qazanmasından etdiyi söhbətləri indi də xatırlayıram. Təsadüfi deyil ki, Arifin namərdcəsinə vurulması Azərbaycanda ümumxalq kədərinə çevrildi.

Bu nəsil şəcərəsi haqqında həmkarım Elbrus Şahmar 1991–ci ildə «Novruz» qəzetində öz qeydlərini vermişdi. Buna görə də təfərrüata varmaq istəmirəm. Yalnız bunu əlavə edirəm ki, təmənnalı münasibətlərin bu gün geniş kök saldığı bir şəraitdə dövlət strukturlarında belə təmiz adamların yeri necə aydın görünür.

Totalitar şəraitdə rəhbər vəzifələrə irəli çəkilən adamların fəaliyyət dairəsi geniş olduğu üçün onların qüsursuz işləməsi çox da asan deyildir. Ancaq mənəviyyatı yüksək, sözün əsl mənasında xeyirxah olan adamlar hər hansı mürəkkəb şəraitdə mənliklərini, əqidələrini hifz etmək üçün özlərində daxili qüvvə tapmağı bacarırlar. Qədim Zəngəzurda bu cür nəsillər az olmamışdır.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir