«QARA  VOLQA»NI  OXUYARKƏN

Ömür zirvəsində adam istər–istəməz keçdiyi həyat yoluna xəyalən nəzər salmalı, nə vaxtsa ünsiyyətdə olduğu adamları kövrək hisslərlə xatırlamalı olur. Mənim də həyatımda xatırlamalı olan adamlar az deyildir. Belələrindən biri yazıçı–jurnalist Cəmşid Əmirovdur…

Mən onunla «Komsomolskaya pravda» qəzetində müxbir işləyəndən maraqlanırdım. «Brilyant əməliyyatı» romanı çapdan çıxandan sonra onun jurnalistlik və yazıçılıq fəaliyyətini daha müntəzəm və maraqla izləməyə başladım. O zaman «Brilyant əməliyyatı» çox həvəslə oxunan əsər idi. Cəmşid müəllimlə şəxsən tanış olmaq marağı məndə məhz həmin vaxtlarda yaranmışdı. Rayonda işlədiyim üçün belə bir imkanın nə vaxt düşə biləcəyini ehtimal edə bilmirdim. Ancaq 1965–ci ilin dekabr ayında Şuşada istirahətdə olarkən belə bir xoş təsadüf mənə onunla şəxsən tanış olmağa imkan verdi.

Əlbəttə, bir həmkar kimi, onunla nəinki tanış olduq, hətta istirahət dövründə bir saatımız belə ayrı keçmədi. Ədəbiyyatımız, poeziyamız, nəsrimiz, dramaturgiyamız, publisistikamız haqqında söhbətlərimiz, fikir mübadiləmiz çox maraqlı keçirdi.

Cəmşid müəllim onda «Qara Volqa» üzərində işləyirdi. O, əlyazmalarını Şuşada hansı bir idarədə isə makinada yazdırır, sonra isə birlikdə oxuyub korrekturasını edirdik. Belə getsə, gərək kitabın qonararına səni də şərik edəm, – deyə zarafat edirdi. Beləliklə, «Qara Volqa»nın bəzi fəsillərinin makinadan sonra ilk oxucusu oldum.

On beş gün müddətində yan-yana otaqlarda olsaq da, günümüz daim bir yerdə keçirdi. Çox vaxt bir yerdə yeyib–içir və şəhərə də bir yerdə gəzməyə gedərdik. İki dəfə də Xankəndinə getdik. Bir dəfə Şuşada Üzeyir Hacıbəyov günləri keçirilirdi. Bakıdan böyük bir dəstə gəlmişdi. Dəstə incəsənət xadimləri, bəstəkarlar, aktyorlardan ibarət idi. Şəhər mədəniyyət evində keçirilən yubiley gecəsində Cəmşid müəllimlə birgə iştirak edirdik. Aldığım xoş təəssüratın təfərrüatını indiyə qədər xatırlayıram.

Atalar əbəs deməyiblər ki, yoldaş olmasan, qardaşının necə adam olduğunu bilməzsən. Bir yerdə dincəldiyimiz müddət qısa olsa da, onun haqqında konkret təsəvvürə malik olmaq üçün bu da kifayət idi. Cəmşid müəllim, doğrudan da, sadə, təvazökar, mehriban və həssas bir adam idi. O vaxt qardaşı Azərbaycan KP MK–nın katibi işləyirdi. Ancaq çalışırdı ki, istirahət evində bunu bilən olmasın. O, bir yazıçı kimi diqqəti özünə cəlb edən bir hərəkətə belə yol vermirdi.

Mən bir neçə gün tez çıxmalı oldum. Özümlə bərabər onun haqqında çox xoş təəssürat və müxtəlif məqamlarda çəkdirdiyimiz şəkilləri gətirdim.

Bir ildən sonra poçt ilə bir bağlama aldım. Bağlamada «Qara Volqa»nın avtoqraf yazılmış bir nüsxəsi var idi. Bu, mənim üçün əvəzsiz hədiyyə idi.

38 ildən sonra əsərin yeni nəşrini görəndə istər–istəməz onunla bağlı ötən xatirələr qəlbimdə baş qaldırdı. Yaradıcılığının yenicə çiçək açmağa başladığı bir vaxtda onun öz dünyasını dəyişməsi ədəbiyyatımız üçün, həqiqətən, ağır itki idi. Ömür vəfasızlıq etməsəydi, bəlkə də, indi o, Azərbaycan ədəbiyyatında nəsrimizin, publisistikamızın tanınmış nümayəndələrindən biri ola bilərdi.

Əsərinin təkrar çap olunması yazıçının xatirəsinə ehtiramdır. Digər tərəfdən romanın mövzusu elə indi aktualdır. Belə ki, 60–cı illərdə onun yazdığı təsvir olunan hadisələr dedektiv təsiri bağışlasa da, bu gün hər cür cinayət kütləvi şəkil almışdır. İndi edilən cinayətlərin forma və metodu, sərvət toplamaq fırıldaqları, qətl–qarət, rüşvət və başqa cinayət əməlləri romandakı hadisələrdə müqayisəyəgəlməz dərəcədədir. Romanın yazıldığı 60–cı illərdə cinayətkarlığa qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan mübarizə o vaxtkı oxucularda ən böyük razılıq doğururdusa, indiki oxucularda cinayətkarlığa qarşı mübarizədə hüquq–mühafizə orqanlarından bir o qədər qətiyyət gözləyirlər.

Azərbaycan Dövlət Nəşriyyatı romanı təkrar çap etməklə çox nəcib iş görmüşdür. Bu, oxucuların indiki nəsli üçün dəyərli hədiyyədir. Heç şübhəsiz ki, onlar bunu elə bu cür də qiymətləndirəcəklər. Mən isə təəssüratımla sıramızda vaxtsız getmiş Cəmşid Əmirovu tanıyanların yaddaşında: qəlbində uyumuş xatirələri ayıltmaq istədim.

Bu şəkil isə «Qara Volqa» haqqında söhbət etdiyimiz zaman istirahət evinin kütləvi iş təlimatçısı (Kamal) tərəfindən çəkilmişdir. Cəmşid müəllim onun arxasına avtoqraf yazıb mənə vermişdir. Həmin şəkil heç zaman tutub saxlamaq mümkün olmayan o ömür atını (8 dekabr 1965–ci ili) xatırlatmağa imkan verdiyi üçün ən qiymətli yadigardır.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir