XATİRƏLƏR ÖMRƏ BƏZƏK…

Tusi adına APU–nun yanından keçəndə qeyri–ixtiyari olaraq Tofiq Mahmudun bu misralarını xatırlayıram.

                   Liman kimi qalıb dəniz arxasında tələbəlik illərimiz.

                   Duman kimi can atsaq da o illərə çatmaz ancaq əllərimiz.

                   Ancaq … Ancaq qəlbimizi, ruhumuzum alıb bizim.

                   İllərdə neçə–neçə xatirələrimiz qalıb bizim!

Yarım əsr bundan əvvəl həmin binanın divarları arasında keçən tələbəlik illərinin xatirələri ömrün bu zirvələşən çağında elə hisslər doğurur ki, onu ifadə etməyə söz də tapmaq çətindir. Ancaq yaddaşın köməyi ilə həsrətini çəkdiyim o günlərə qovuşur və elə bil ki, onları yenidən yaşayıram.

Qrupumuza 30 nəfər qəbul olunmuşdu. Bu əvvəlki illərə nisbətən çox idi. Çünki müharibə ilə əlaqədar olaraq qəbul azalmışdı.

Nəhayət dərslər başlandı. Hərəmiz bir rayondan gəlmişdik. Hamımız bir–birimizin kimliyi ilə maraqlanırdıq. Maddi ehtiyac bizi sıxsa dabütün bunlara dözür, yaxşı oxumağa çalışırdıq. Şamaxıdan Baba Xəlilov, Sultanpaşa Vəliyev, Naxçıvandan Əli Məmmədov, Hüseyn Bayramov, Qazaxdan Təyyar Musayev, Sədi Əfəndiyev, Bakıdan Qabil İmamverdiyev, Buzovnadan Əlibala Əliyev, Bakıdan Cəmil Ağayev bir–birimizlə daha yaxın ünsiyyətdə idik.

Bizim Zəngəzur zonasında qardaşa əzizləmə mənasında “qağa“ deyərlər. Mən də onlara  həmişə belə bir müraciət edərdim. Bu söz Qabilin o qədər xoşuna gəlmişdi ki, elə hamımızı “qağa“ deyə çağırırdı. Ancaq elə əslində də bir–birimizə “qağa“ qardaş olmuşduq. Qrupumuzda olan bu mehribançılıq fakültəmizin başqa başqa qruplarına da sirayət etmişdi.

Qabili bizdən əvvəl tanıyanlar ona “şair“ deyə müraciət edirdilər. Təxəllüsü də Nikbin idi. Şer həvəskarı olan Əlibala “Zahir“, Cəmil isə “Valeh“ təxəllüsü daşıyırdı. Masallıdan Qurban adlı bizdən yaşlı, zarafatcıl bir yoldaşımız var idi. Onları birgə görəndə “Vətən şairləri Qabil Nikbinə, Əlibala Zahirə, Cəmil Valehə eşq olsun!“ – deyə salamlaşar və zarafat edərdik. Qabil də belə zarafatlardan geri qalan deyildi. Hətta bu cür zarafatlar üstündə bir dəfə institutun rektoru Ə.Seyidovun məzəmmətinə də düçar olmuşdu. İlk semstr sinfimizin bütün tələbələrinin qabiliyyətini üzə çıxartdı. Bir–birimizlə müqayisədən aydındərk edirdik ki, kim–kimdən hansı cəhətdən üstündür. Bax bu zaman hamımıza elə gəlirdi ki, Qabilin bizdən üstünlükləri çoxdur. Məsələn, biz semestr imtahanlarında müəllimlərin yazdırdıqları mühazilərdən kənara çıxa bilmirdiksə, Qabil mövzunu elə əhatəli danışırdı ki, ona həsəd aparırdıq. Doğrudanda onda yaradıcılıq təbi olduğu aydın nəzərə çarpırdı.

1945–ci  ildə 2 semestrə özümüzə məxsus arzularla qədəm qoyduq. Ən başlıca arzu isə ancaq müharibənin qurtarması idi. Nəhayət 4 ildən bəri gözlədiyimiz gün gəlib çatdı. Bu münasibətlə institumuzda  təntənəli mitinq keçirildi. Çıxış edənlərdən biri də Qabil oldu. Onun çıxışı və qələbəyə həsr etdiyişer çox hərarətlə qarşılandı.

Elə bil biz Qabilin qabiliyyətini yenidən kəşf etdik. Tədris proqramına uyğun olaraq vaxtaşırı tələbələrin bədii əsələrə aid yazdıqları referatlar müzakirə edilirdi. Qabilin L.N.Tolstoyun  “Hacımurad“ povesti haqqında yzdığı referat müzakirə olunarkən gözləmədiyimiz halda rektor Seyidov auditoriyaya daxil oldu. Qabil referatı yenicə oxumuğa başlamışdı. Rektor onun bir–neçə cümləsini elə ayaq üstə dinlədi, sonra keçib oturdu. Doğrusu buna təəccübləndik. Eynimizə belə bir fikir gəldi ki, bəlkə keçən il Qabili məzəmmət etdiyinə görə bura məqsədli gəlib? Qabil özünü itirmədən çox böyük həvəslə referatı oxuyurdu. Referat çox səviyyəli yazılmışdı. Dinlədikcə Ə. Seyidovun üz–gözündən məmnunluq duyulurdu. Professoru referatı axıra qədər dinləməyə də sövq edən məhz bu olmuşdu. Əhməd müəllimin institutda belə bir istedadlıgəncin oxuduğuna necə sevindiyi aydın hiss olunurdu. Buna görə də Qabilə çox səmimi sözlərlə öz xoş arzularını bildirdi. Bütün qrupumuz sevindi. Bu, həm də bizdə Qabilin gələcək uğurlarına inam yaratdı.

İnstitut illəri arxada qaldı. O əziz və unudulmaz tələbəlik illəri xatirələrə çevirildi. Adətən tələbələr belə məqamlarda çox kövrəlir, gələcəkdə tez–tez əlaqə saxlamaq, məktublaşmaq, bir–birini unutmamaq arzusu ilə ayrılırlar. Qabil və Baba ilə mən də bu arzu ilə ayrıldıq. Baba Şamaxıya, mən Qubadlıya, Qabil isə Yardımlıya təyinat aldı. Vədimizə əməl edərək vaxtaşırı məktublaşırdıq.

Bir dəfə “Müəllim“ qəzetində  Qabilin “Kənd müəllimi“ adlı bir şerini oxudum. Hərçənd burada heç bir lirik motiv yox idi, ancaq eynimə gəldi ki, qağamın qəlbinə deyəsən məhəbbət düşüb. qabilin özünə məktub yazıb bu barədə ona bir eyham vurdum. 1949–cu 18 sentyabr tarixli məktubunda Bəyim xanımla nişanlandığını, nişanda da məşhur şair Məmməd Rahimin də iştirak etdiyini yazmışdı. Bu mənim üçün son dərəcə xoş xəbər idi. Mahnılarda deyildiyi kimi, axı dostum evlənirdi!..

1950–ci ildə Qabilin “Səhər açılır“ adlı ilk kitabı çapdan çıxdı. Çox sevindik. Ancaq bu bizim üçün gözlənilməz deyildi. Çünki kitabda verilən “Həyat eşqi“, “Ananın sözləri“, “Yetim segahı“, “Mənim romantikam“, “Qara şanı“, “Ürəyim nəşəlidir“ və s. şerlərin ilk oxucusu kimi onun istedadına inanmışdım. Bunu Qabil istedadının  açılmaqda olan səhərinin rəmzi hesab etmək olardı. İnanırdıq ki, o, nə vaxtsa öz zəhməti ilə istedadının zirvəsini fəth edəcəkdi.

Bakı, Vidadi küçəsi 139.

Birmərtəbəli ikiotaqlı bu mülk 1950–ci illərdəki kimi Qabilin ata evinin ünvanı idi. Qabilin anası Suğra nənənin bu evdə çox nəvazişini görmüşük. Müstəqil həyata başlayandan sonra da ev Baba ilə  mənə iqamətgah idi. bakıya gələn kimi mütləq burada görüşərdik. Bu görüşdən Suğra nənə xüsusi ilə xoşhal olardı. O bizim Qabillə dostluğumuzdan çox razı idi. Çünki Qabil ailənin yeganə övladıidi. Həm də yaxın qohum əqrabası çox deyildi.

1950–ci ilin yayında yenə də Baba ilə Qabilgildə görüşdük. Qabil də evlənmişdi. Hər üçümüz ailə başçısı, dost kimi ailə qayğılarımızdan danışdıq. Tələbəlik illərimizin xatirələrinihəsrətlə vərəqlədik. Xeyli söhbətdən sonra “İnturist“ə getməyi qərara aldıq. Axı tələbəlik illərində bir dəfə də olsun heç bir dəbdəbəli yerdə yeyib–içməmişdik. Baba tez durub hərəmizə bir zənbil verib içini günəbaxan tumu ilə doldurdu.

– Dalımca gəlin. Arxayın olun, sizi tanıyan olmayacaq, forslanmayın. Özüm satacağam hamısını bir yerdən.

Qabilgilin evinin yaxınlığındakı Yəhudilər məhəlləsinə gəldik və tumun hamısını bir yerdən satdıq. Onda başa düşdük ki, bizə sürpriz göstərir, restoranın xərcini özü çəkəcəkdir. Birinci dəfə idi ki, belə ürək açıqlığı ilə üç dost oturub tələbəlik illərində çəkdiyimiz korluğun, necə deyərlər heyfini çıxırdıq.

Bakıya gələndə heç elə bir hal olmayıb ki, Qabilin ailəsi ilə görüşməyim. Elə vaxtlar olub ki, bunu eşidən Baba da Bakıya gəlib. Oğlu Mahirin ad günündə, həmçinin başqa vaxtlarda dəfələrlə Qabilin evinə gəlib görüşmüş, İsa Hüseynov, Salam Qədirzadə, Əliağa Kürçaylı, Məsud Əlioğlu, Abram Plavnik, İsi Məlikzadə, Hüseyn Abbaszadə və başqaları ilə də burada tanış olmuşam.

Rayonların birləşməsi ilə əlaqədar olaraq Zəngilan rayonuna köçmüş və burada rayonlararası qəzetdə redaktor işləyirdim. 1964–cü ilin  sentyabr ayı idi. Səhər işə gəlib təzəcə  materialları oxumağa başla­mışdım ki, mədəniyyət şöbəsinin müdiri Camal Sultanov Qabil və nazirliyin bir nəfər işçisi ilə içəri daxil oldu. Az qala gözlərimə inanmadım. Xeyli vaxt görmədiyin əziz bir dostunu gözlənilmədən birdən–birə öz yanımdagörmək necə də həyəcanlandırıcı olurmuş!

Ailəmiz və bütün qohumlarım da bilirdi ki, biz tələbəlitk illərindən Qabillə necə münasibətdə idik. Ezamiyyətə gəlsə də şəxsi qonağımız  kimi onun ehtiramında necə lazımdısa durduq.

Sonra onun yerli radioda çıxışını verdik. Həvəskarlarla görüşünü təşkil etdik. Bunlar nəzərdə tutulmuş ezamiyyə məsələsinə aid deyildi. Sadəcə mən onu rayon ictimaiyyətinə tanıtmaq istəyirdim. Əməkdaşları­mızdan biri bu tədbirdən razı qalıb qalmadığını soruşduqda çox səmimiyyətlə dedi:

Mən Səməd Vurğun deyiləm ki … Mənə elə bu da bəsdir,bu da xoşdur.

Artıq Qabilin öz yaradıcılıq zirvəsinə doğru irəliləmək üçün daha inamla axtarış aparmaq potensialı diqqəti cəlb edəcək dərəcədə təzahür etməkdə idi. 60–cı illərin ortalarından başlayaraq üzərində işlədiyi və 1970–ci ildə isə kitab halında nəşr olunan “Nəsimi“ poemasının birinci hissəsi buna aydın ümid verirdi. Nəsiminin anadan olmasının 600 illiyi ilə əlaqədar olaraq poemanın 1976–cı ildə Azərbaycan Dövlət Mükafatı Laureatına layiq görülməsi isə şairin çox böyük uğuru idi. Qabil taleyin bəxş etdiyi istedadını ardıcıl axtarışları, gərgin  zəhməti, ilə reallaşdırmış oldu.

Bir dəfə seminara çağrılmışdım. Ona zəng vurub hal–əhval tutdum. Məni təkidlə evə dəvət etdi. İki gündən sonra gələcəyimi söylədim. Bir gün keçəndən sonra bir də gördüm  Baba ilə birlikdə seminar keçirilən yerə gəliblər. Baba əl çəkmədi ki, gərək sizi aparım Şamaxıya. Qabil gedib kursun rəhbərindən mənə icazə aldı. Təbiətin təzə oyanan vaxtı idi. Yol söhbəti isə qəlbimizdə uyumuş xatirələri oyatmağa başlamışdı. Nədən söhbət edirdiksə, yenə də söz tələbəlik illərinin o məsum çağlarının üstünə gəlirdi. Bu yerdə Qabilin sonralar yazdığı rübailərdən birini indi xatırlamalı oldum.

                   Xatirələr ömrə bəzək,

                   İnci–inci, çiçək–çiçək,

                   Yellər əsər, can üşüyər,

                   Xatirəsiz qalsa ürək.

Bizim ürəyimiz isə tələbəlik illərinin xatirəsi ilə dolu idi. Bu xatirələr qəlbimizi isindirir, bizi bir–birimizə daha da yaxınlaşdırır, dostluğumuzu möhkəmləndirir. Fəxr edirdik ki, 1944–cü ildən başlanan dosluğumuzu davam etdiririk. Bir-birimizə ailəlikcə qovuşmuşuq. Baba ilə çalışmışıq ki, aramızdakı dostluq əlaqələri Qabilin yazıb yaratmasına xoş bir ovqat bəxş etmiş olsun. Qabil isə dostluğumuzu rübailərinin birində belə mənalandırırdı:

                   Dostluq – qranit dağı,

                   Dostluq qönçə yarpağı,

                   Dostluq – dözümdə dəvə,

                   Dostluq ürəyin yağı.

Dostluq nə qədər əvəzsiz mənəvi nemətdirsə, onu itirmək bir o qədər  ağırdır. bu ağır kədəri 1982–ci ildə 56 yaşlı, onun 38 ilini isə dostluq etdiyimiz Babanın öz dünyasını dəyişərkən çəkməli olduq. Vəfatından sonra Bakıda Qabillə görüşəndə onun xatirəsini birlikdə yad etdik. Mən son dərəcə kövrəlib özümü saxlaya bilmədim. Məni ən çox təsirləndirən Qabilin bu rübaisi oldu:

                   Baba kimi dostum getdi,

                   Üstündə çox əsdim getdi…

                   Bundan belə Şamaxıya

                   Havalanmaq şəstim getdi!

Dostumuzun vəfatından 14 il keçsə də onun xatirəsini həmişə əziz tutur və bundan təskinlik tapırıq ki, çırağını ömür yoldaşı mehriban Nəzihə bacı və övladları şöləndirir, dostluq ənənəmizi isə etiramla davam etdirirlər.

70 il bundan əvvəl avqustun 12–də Azərbaycanda nə qədər uşaq doğulduğunu stanstik məlumatlardan bilmək olar. Onların hər biri öz taleyini yaşamışdır. Qabil isə şair olmuşdur. Tale onun yerini səhv salmamışdır. Onun Əməkdar İncəsənət Xadimi adına, Dövlət Mükafatı Laureatına layiq görülməsi, görkəmli şair və publisist kimi Atatürk adına Türkiyə Mədəniyyət Linqvistika və Tarix Cəmiyyətinə üzv seçilməsi və ən nəhayət Xalq şairi kimi yüksək fəxri ad alması bir neçə ilin deyil, düz yarıməsrlik yaradıcılıq axtarış və uğurlarının bəhrəsidir.

1980–ci ildən sonra o daha məhsuldar işləmişdir. Bu dövrdə onun ikinci dəfə “Nəsimi“ poeması və “Rübailər“, “Adsız balıqlar“, “Nağaraçı“, “Gülləboran eylədilər“ kitabları, xalq yazıçısı İsmayıl Şıxlının dediyi kimi, şair ürəyinin harayı olan “Ömür həbləri“ romanı, mətbuatda bir çox təsirli şerləri çapdan çıxmışdır.

Qabilin şerlərinin təhlilə ehtiyacı yoxdur.Elə yazmışdır ki,  oxucu onu təhlilsiz də belə aydın dərk edir. Buna görə Qabil sevilə–sevilə oxunur. “Təmizlik“, “Səhv düşəndə yerimiz“ kimi onlarla bu cür şerləri, rübailəri dillər əzbəridir.

Qabilin bu gün Vətənimizin, xalqımızın bu ağır, dözümlü günlərdə öz haqq səsini ucaldıb, şair–vətəndaşlıq borcunu millət harayını unutmur. Bu sətirləri yazan məqamda o mənə lap təzə yazdığı “Hava necə olacaq ?“ şerini oxudu.

                   Həqiqi şairə Vətən möhtacdır,

                   Şair öz xalqının başına tacdır.

                   Şer igidlərə, qəhrəmanlara

                   Bərkdə ürək–dirək, darda əlacdır.

 

Qabilin bu rübaisi onu şəxsi və yaradıcılığı ilə necə də həmahəng səslənir!

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir