Şükrətaz yaylası Zəngilanda dəniz səviyyəsindən ən hündür nöqtədədir. Buradan baxanda adamın gözü önündə elə bir füsunkar mənzərə açılır ki, təbiətin möcüzəsinə heyran qalmamaq olmur. Dağın ətəyi ilə burula-burula axan Araz rayonu meridian kimi üç zonaya bölüb, Araza qovuşan Həkəri, Oxçu və Bəsit çaylarının yaşıl vadiləri, Avropada yeganə olan təbii çinarlıq,zirvəsi qarlı-qartallı Zəngəzur dağları buradan əl içi kimi görünür. Bartaz kəndi belə bir axar-baxarlı dağın sıldırım sinəsində yerləşir.
Bu yerlərin təbiəti nə qədər şairanə olsa da, sərt dağ şəraiti adamlardan böyük dözüm, hünər tələb edir. Təbiət adamlardan da bu sahədə öz səxavətini əsirgəməmişdi. Öz dözümü, möhkəmliyi, zəruri məqamlarda göstərdikləri şücaətlə fərqlənmiş adamlar bu kənddə az olmamışdır. Onlardan biri haqqında söhbət açmaq istəyirəm.
416-cı Azərbaycan diviziyası 1386-cı polkun birinci batalyonunun siyasi işlər üzrə komandir müavini İsmayıl Sayılov haqqında istər müharibə, istərsə də müharibədən sonra mətbuatımızda az yazılmamışdır. M.Hüseynin «Kürd pəhləvanı», M.Aranlının «Azərbaycan dəyanəti», D.Minkiyeviçin «Əfsanəvi kapitan» oçerkləri, polk komissarı M.Əliyevin «Səadət naminə“, S.Rzayevin «Mənim cəbhə dostum» xatirələri, filoloji elmlər namizədi Rasim Tağıyevin «Süngüyə dönmüş qələm» kitabında verilən materiallar onun şəxsiyyəti haqqında aydın təsəvvür yaradır. Altı ildən bəri davam edən erməni təcavüzkarlığı baxımından yanaşanda İ.Sayılov və onun kimi Azərbaycan oğullarının keçdiyi döyüş yolu bu gün xüsusi ilə ibrətamiz görünür.
İ.Sayılov əsrimizin ilk ilində dünyaya göz açmışdır. İyirminci illərdə ilk məktəblər açılanda onun 23 yaşı var idi. Bu yaşda o, çobanlıqdan gəlib, savadsızlığını ləğv etməklə bərabər, kənddə gedən ictimai proseslərdə də fəal iştirak edirdi. O, 1928-ci ildə Gəncə partiya – sovet işçiləri hazırlayan məktəbdə, sonra isə Bakı Ali Kənd Təsərrüfatı Məktəbində təhsil almış, Zəngilan, Cəbrayıl, Ağcabədi və Culfa rayonlarında partiya – təsərrüfat orqanlarında işləmişdir. 1937-ci ildə isə Naxçıvan MR tədarük müvəkkili vəzifəsinə irəli çəkilmişdir. Bir il sonra «Şərq qapısı» qəzetinə redaktor göndərilmiş, bir neçə aydan sonra isə Muxtar Respublikanın Nazirlər Soveti İncəsənət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
O, işlədiyi yerlərdə yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmişdir. Müxtəlif rayonlarda rəhbər işlərə göndərilməsi məhz bununla əlaqədar idi.
İncəsənət İdarəsinin rəisi işlədiyi illərdə Muxtar Respublikada xüsusilə səmərəli fəaliyyət göstərib böyük nüfuz qazanmışdır. Onun bu sahədəki fəaliyyəti isə təbiətin ona bəxş etdiyi istedadla əlaqədardır. O, gənc yaşlarında şerlər yazardı. Onlar mərkəzi qəzetlərdə dərc olunardı. İstedadının aşkara çıxıb ictimai fəaliyyət dairəsinin genişləndiyi bir vaxtda qələmini süngü ilə əvəz etməli oldu. Müharibə başlanan kimi könüllü olaraq döyüşən orduya getdi.Əvvəlcə İranda olan qoşunlarımızın tərkibində, sonra isə 76-cı atıcı diviziyada xidmət etdi. Tbilisidə siyasi işçilər hazırlayan hərbi məktəbi qurtarandan sonra 1943-cü ilin martında 416-cı Azərbaycan diviziyasının 1386-cı polkunun birinci batalyonuna siyasi iş üzrə komandir müavini vəzifəsinə göndərilir.
Bu dövrdə əsgərləri döyüşə hazırlamaqla bərabər, yaradıcılıqla da məşğul olmağa vaxt tapmışdır. 1942-43-cü illərdə «Döyüşçünün cib dəftəri» seriyasından «Cəbhə səni gözləyir» və «Cəbhədən gələn səslər» adlı iki şer kitabçası da çap olunmuşdu.
Kapitanın yeni təyinat aldığı 416-cı diviziya Taqanroq uğrunda döyüşləri davam etdirirdi. Onun batalyonu isə Taqanroq yaxınlığındakı Primorka kəndində müdafiə mövqeyində idi. Komandanlıq 1943-cü ilin avqustunda düşmən xəttini yarmaq haqqında əmr vermişdi. Mamayev-Kurqan rayonunda Sabur qəbri deyilən tərəfə hücum başlandı.Bu hücumda Sayılovun batalyonu öndə gedirdi. Avqustun 30-da Taqanroq mühasirəyə alındı, buradan Melitopola gedən yol tutuldu. Düşmənə geri çəkilməyə imkan verilmədi. Şəhər işğalçılardan azad edildi. 416-cı diviziyaya onun adını verdilər.
Sentyabrın 22-dən Melitopol istiqamətində şiddətli döyüşlər gedirdi. Oktyabrın 4-də Maloçnı çayını keçmək haqqında əmr verildi. Burada düşmən mövqeləri çox möhkəm müdafiə olunurdu. Bununla belə batalyonun döyüşçüləri çox məharətlə düşmən mövqeyinə daxil ola bildi. Ancaq düşmən hiylə işlətmişdi. Öz əsgərlərinə bizim əsgərlərin paltarlarını geyindirmişdi. İsmayıl bunu dərhal polk komandirinə çatdırdı. Qüvvələrin qeyri-bərabər olduğuna baxmayaraq, son patrona qədər vuruşmağı qərara alır. Bununla bərabər o, komandanlıqdan təkidlə tələb edir ki, döyüş gedən yer uzaqvuran silahlardan atəşə tutulsun. Bir neçə saatdan sonra düşmən mövqeyi alınır. Ancaq əfsanəvi kapitan artıq öz qanına qəltan olmuşdu. Döyüşçülər onu böyük kədər və ehtiramla Melitopolun Qoqol parkı önündə dəfn edib, intiqamını alacaqlarına and içdilər.Diviziyanın qəhrəman döyüşçüləri öz andlarına sadiq qalıb həlak olmuş bütün 416-cı -ların xatirəsinə Reyxstaq qarşısında intiqam rəmzi kimi yaylım atəşi açdılar. İsmayıl Sayılov isə ölümündən sonra yüksək döyüş ordenlərindən biri olan Böyük Vətən müharibəsi ordeninin 1-ci dərəcəsi ilə təltif olundu. Qələbənin 30 illiyi münasibəti ilə 1975 -ci ildə Zəngilanda Azərbaycan EA, «Bilik» Cəmiyyəti Televiziya-Radio Verilişləri Komitəsinin və rayon ictimaiyyətinin təşkil etdikləri xatirə gecəsində Sayılovun Yavəri B.Sadıqov diviziyanın komissar müavini B.Ərdəqanlı, 2-ci batalyonun komsomol təşkilat katibi Ə.Əliyev, polk siyasi şöbəsinin zabiti M.Heydərov, batalyonun əsgəri M.İsmayılov, onun nəsillərə nümunə göstərilməyə layiq olan hünərindən necə hərarətlə danışdıqlarını indi də iftixarla xatırlayıram.
Belə qorxmaz oğulların yurd-yuvasının erməni təcavüzkarlarının tapdağı altında qaldığını xatırlayanda (onun heç unudulduğu an olmasa da) qəlbimizdən elə bir ağrı keçir ki, onu heç bir vasitə ilə kəcmək olmaz. Bu ağrı yalnız və yalnız o torpaqlara dəyəndə bəlkə sakitləşə. Yarası isə sağalmaz.
Kimlər necə mənalandırırsa, mənalandırsın, ancaq 1941-1945-ci il müharibəsində Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıq nümunələri nəinki unudulmazdır, həm də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Zəngilan müharibə və əmək veteranları şurası əfsanəvi kapitan ləqəbi ilə 416-cı diviziyanın salnaməsinə düşən İsmayıl Sayılovun xatirəsini məhz bu baxımdan geniş qeyd etməyi nəzərdə tuturdu. Təəssüf ki, rayonun işğal olması buna imkan vemədi. İndi onun əhalisi respublikanın müxtəlif yerlərində məskunlaşmışdır. Bununla belə, heç şübhə yoxdur ki, İ Sayılovun xatirəsini yad etmək istəyi onları heç zaman tərk etməmişdir. Bu məqalə də məhz həmin arzu və istəklə yazılmışdır. Onun yarım əsr bundan əvvəl cəbhədən yazdığı bu misralar bu gün necə də aktual səslənir.
Qanlı qovğalarda
keçib canından,
Nə isə axtarır
həmişə insan.
Hər xalqın, hər
yurdun mərd oğulları,
Vətənin naminə
nələrdən keçir.
Deyərdim tarixin
ana yolları
Hər zaman cəbhədən,
səngərdən keçir.
Doğrudan da, müstəqilliyimizin taleyi həll olunduğu bu gərgin günlərdə qələbə yolu cəbhədən, səngərdən keçir. Hər birimiz bunu dərindən dərk etməliyik.
Rayon veteranlar şurası rayondan orduda xidmət edən, hərbi xidmətə çağırılan və çağırılacaq gənclərə müraciət edərək, onları viran edilmiş şəhər və kəndlərimizin, şəhid olmuş oğullarımızın intiqamını almaq uğrunda yaşlı nəsillərin nəcib döyüş ənənələrini davam etdirməyə çağırır.
Mürsəl Qocayev, “İki sahil“ qəzeti
N 23, 15.10.1994