DİDƏRGİN QAYĞILARI, DİDƏRGİNƏ QAYĞILAR

Yaşlı nəsillərə ehtiyac olmasa da gənclərə bunu dönə-dönə xatırlamaq zəruridir ki, Qafqazdan Berlinədək 1418 gün əzablı döyüş yolu keçmiş Sovet Ordusu sırasında Azərbaycan  oğulları, o cümlədən, indi bəzilərinin istehzasına məruz qalan, öz yurdlarından didərgin düşməyə məcbur olan rayonların oğulları da böyük hünərlər göstərmişlər. Elə bunu respublikanın ucqar dağ rayonu olan Zəngilanın da timsalında görmək olar. Təkcə 416-cı Taqanroq diviziyasının tərkibində şərəfli döyüş yolu keçmişdir. Onun alaylarından birinin komandiri  İsmayıl Sayılov 1943-cü ildə şiddətli döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Bu dövr mətbuatında «Bakraboçi» qəzetinin müxbirinin «Əfsanəvi kapitan», filoloq alim Rasim Tağıyevin «Süngüyə dönmüş qələm» kitabında onun haqqındakı məqalələri, yazıçı jurnalist Calal Bərgüşadın teleradio oçerkini xatırlamaq kifayətdir.

Melitopolda əbədiyyətə qovuşmuş kapitan İsmayıl Sayılovun necə bir döyüşçü zabit olduğu diviziyanın salnaməsində şərəfli yer tutur.

Marşal Qovrov Zəngilanın Vejnəli kəndindən olan sıravi əsgər, snayperçi Şaban Qocayevin adını dönə-dönə iftixarla çəkmişdir. O, döyüş zamanı 20 faşisti susdurmuşdur.

Partizan dəstələrindən birində xidmət edən Zəngilanın Orta Yeməzli kəndindən olan İslam Niyazağa oğlu Belarusiyada Partizan dəstəsindən birinin döyüş şöhrəti salnaməsində onun uğurlu əməliyyatları haqqında çox faktlar yazılmışdır.

Belarusiya partizan hərəkatı xadimlərindən biri Maşerov onun igidliyini öz çıxışlarında dönə-dönə xatırlamışdır.

Qıraq Müşlan kənd sakini Vəli Quliyevin göstərdiyi igidlik «Şöhrət» ordeninin üç dərəcəsinin üçünə də layiq görülmüşdür. Bu, Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada bərabər bir təltif idi. Latviyada bir məktəbə də onun adını vermişlər.

Alman faşizminə qarşı müharibədə Zəngilandan səfərbərliyə alınmış 3000 nəfərdən yarısı öz doğma yurdundan min kilometrlərlə uzaqda olan döyüş meydanlarında əbədiyyətə qovuşmuşdur. Ermənilərin işğal etdiyi bütün rayonlarımızdan onlarla belə nümunələr göstərmək olar.

Arasında tək-tək qeyrətsiz, qorxaq olsa da bütövlükdə camaata qeyrətsiz demək olmaz. Bu günkü məğlubiyyəti və bunun nəticəsində baş ver-miş qaçqınlıq faciəsinin çox dərin siyasi kökləri vardır. Buna görə də camaata bu damğanı vurmaq onların qaysaqlanmamış yaralarının üstünə duz səpib göynətmək deməkdir.

Qafan və Mehri kimi böyük sənaye potensialına malik olan iki rayonun sərhəddində Zəngilan kimi kiçik bir rayonun 2110 sutka təhlükəyə dözməsini  qorxaqlıqmı hesab etmək olar?!

Rayon işğal oluan kimi onun 15 kəndi dağılmış, yüzə qədər adamı şəhid olmuş, rayona dəyəri milyon manatlarla hesablanan maddi ziyan vurulmuşdur. Rayonun ərazisinə minlərlə mərmi yağdırılmışdır. Bununla  belə camaat Qubadlı işğal olunana kimi, hətta bir ay da artıq inamını itirməyərək doğma yurdunu tərk etməmişdir.

Yalnız tam mühasirəyə düşüb Xocalıdan daha dəhşətli bir faciəyə məruz qalacağını yəqin etdikdən sonra əhali çox əzabla Arazdan İran sərhəddinə keçmək məcburiyyətində qaldı. Həm də elə bir vəziyyətdə ki, on illərlə topladığı az-çox mal-mülkünün çox cüzi bir hissəsini belə götürməyə imkan tapmadı.

Buna görə də öz yurdunu tərk etmək məcburiyyətində qalanlara qeyrətsiz demək, onları alçaltmaq ən azı insafsızlıqdır.

Xalq xeyirxahlardan xali deyil. Bu gün minlərlə adam sözün tam mənasında didərginlərin dərdlərini öz dərdləri, qayğılarını da öz qayğıları hesab edirlər. Hətta respublika prezidentinin çağırışına qoşularaq bəzi imkanlı adamlar didərginləri şəxsi himayəsinə götürürlər.

Bu günlərdə Bakı müəssisələrinin yataqxanalarında – Bilgədə, Sumqayıtda, Qaradağda, Xırdalanda yerləşən bir çox zəngilanlı ilə görüşdüm. Onlara xeyirxahlıq göstərən ayrı-ayrı adamlar, əmək kollektivləri haqqında xoş sözlər eşitdim, zəngilanlılar xeyirxahlıq göstərənlərin hamısına mətbuat vasitəsi ilə öz minnətdarlıqlarını çatdırmağı xahiş edirdilər.

Bütün bunlarla bərabər, onların problemləri, qayğıları hədsizdir. Zəngilan didərginlərinin əksəriyyəti Bakı və onun rayonlarında, Sumqayıtda sığınacaq tapmışlar. Sabirabadda olan icra hakimiyyətinə və fəaliyyətə başlamış bəzi idarələrə gedib-gəlmək üçün nəqliyyat xərclərinin bahalığı maddi cəhətdən onsuz da korluq çəkən adamlar üçün xüsusilə çətinlik törədir.

Didərginlərə alçaldıcı nəzərlərlə baxanlara gəlincə, eybi yoxdur, hələlik buna da dözmək lazım gəlir, ancaq hər şeyi zaman göstərəcəkdir…

Mürsəl Qocayev, “Meydan“ qəzeti

N 24, 03.01.1994

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir