Allahverdi yeni anadan olduğu sonuncu oğlunun muştuluq xəbərini qızmar bir gündə – tarlada traktor sükanı arxasında aldı. Ata kimi qəlbində xoş duyğular oyandı. O, əvvəllər anadan olan uşaqları üçün nə qədər xoş hisslər keçirmiş olsa da, bu xəbərdən də az sevinmədi. Bu təbii idi. El arasında deyildiyi kimi, son beşik istəkli olar. Cəmil də şən, zirək, üzüyola, ehtiramlı, şirin-şəkər bir bala idi.
İllər keçdikcə o da hiss olunmadan yavaş-yavaş böyüyürdü. Uşaqlıqdan isə atasının mexanizatorluq peşəsinə çox böyük maraq göstərirdi. Sən demə bu, ötəri uşaq marağı deyil, sonralar onun peşəyönümü olacaqmış. Məktəbdə oxuduğu illərdə nəinki traktorların markalarını yaxşı tanıyırdı, hətta onları idarə etməyi də bacarırdı. Məhz buna görə də 1983-cü ildə orta məktəbi qurtaran kimi kolxozda traktorçu işləməyə başladı. Bir il sonra isə növbəti hərbi xidmətə çağrıldı və ikiillik xidmətini Almaniyada keçirməli oldu.
Cəmil hələ orta məktəbdə oxuyarkən 1941–1945-ci il müharibəsi haqqında az oxuyub eşitməmişdi. Doğulduğu Sarallı Xəştab kəndindən isə 30 nəfər cəbhəyə getmiş, onların isə yarısı geri dönməmişdi. Bu, onun qəlbində müharibəyə qarşı sonsuz bir nifrət doğurmuşdu. Cəmilin heç xəyalına da gəlməzdi ki, o da nə vaxtsa müharibə görə bilər. Bu, dörd il sonra baş verdi.
Cəmil öz yaşının elə bir vaxtında idi ki, gələcək həyat yolunun ilk cizgilərini cızırdı. Lakin 1988-ci ildə başlanmış erməni fitnəkarlığı onu da mülki işdən imtina edib könüllü surətdə Milli Orduya yazılmağa vadar etdi. Həmin gündən başlayaraq kəndin bütün gəncləri ilə bərabər, Zəngilan işğad olunana qədər gecə-gündüz rayonun Ermənistanla sərhəd olan 70-75 kilometrlik ən mürəkkəb relyefli zonasında ermənilərdən müdafiə edən bölmənin tərkibində vuruşmalı oldu. Vaxtilə orduda xidmət edərkən keçdiyi hərbi təlim onu mətinləşdirmişdi. Buna görə də onun cəsarəti bölmədəki yoldaşlarını da döyüşə ruhlandırırdı. Bölmə yoldaşları onu böyük məhəbbətlə sevirdilər.
Rayon işğal olunandan sonra Cəmil dekabr ayında Füzuli rayonu istiqamətində cəbhəyə göndərildi. O, iki ay fasiləsiz burada gedən döyüşlərdə iştirak etdi. Ancaq Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlər zamanı 1994-cü ilin yanvarın 26-da ömrünün bahar çağında, arzularının çiçək açmağa, məhəbbətinin qığılcım saçmağa başladığı bir vaxtda düşmən gülləsi onun ömrünü yarımçıq qoydu.
Kalbalıyev Cəmil Allahverdi oğlu Sumqayıt Şəhidlər Xiyabanında bir çox şəhid yaşıdları ilə bərabər əbədi uyumaqdadır. Onun məzarı təkcə qohum-əqrəbanın deyil, bütün sumqayıtlıların ziyarətgahına çevrilmişdir.
Mürsəl Qocayev, “Şəhriyar“ qəzeti
N 21, 21.05.1995