BELƏ QOCALASAN QOCALANDA DA

Peşəmlə əlaqədar olaraq çox adamlarla müxtəlif vaxtlarda, müxtəlif məqamlarda ünsiyyətdə olmuşam. Ömrümün zirvələşən bu çağında yaddaşıma nəzər saldıqda onlar kino kadrları kimi gəlib gözüm önündən keçir. Bu gün onlardan biri – Qubadlının ağsaqqallarından, maarifçi xadimlərindən biri olan Məhəmməd Salayev haqqında söhbət açmağa özümdə mənəvi bir ehtiyac duydum. Axı yaxşı adamların həyat yolu yetişkən gənc nəsil üçün daha əyani, daha ibrətamiz nümunədir.

Məhəmməd müəllimin atası Saleh kişi Boynakər kəndinin mötəbər və maarifpərvər adamlarından biri olmuşdur. O, öz övladlarını təhsilli görmək istəyirdi. Ancaq o vaxt rayonda məktəb yox idi. Buna görə böyük oğlu Məhəmmədi molla yanında təhsil almağa qoyur. İki il oxuduqdan sonra qonşu Məmər kəndində açılmış yeni məktəbin üçüncü sinfində öz təhsilini davam etdirir. Burada onun ilk müəllimi Süleyman Rəhimov olur. Həmin məktəbin beşinci sinfini qurtardıqdan sonra təhsildə fərqlənən bir qrup həmyaşıdı ilə bərabər Şuşa Pedtexnikumuna göndərilir. 1932–ci ildəki  buraxılışın məzunu kimi Qubadlının ilk müəllimlərindən biri olur. Məhəmməd müəllim 1937–ci ilə qədər Gilətağ, Sarallı Xəştab,Yeməzli, Çərəli, Dondarlı məktəblərində müəllim, direktor işləyir. Bu müddətdə özünü bacarıqlı məktəb rəhbəri, pedaqoji işə qəlbən bağlı olan bir gənc kimi göstərir. Məhz buna görə onu əvvəlcə maarif şöbəsinə inspektor vəzifəsinə irəli çəkir, sonra isə maarif şöbəsinin müdiri vəzifəsinə təyin edirlər. 22 yaşlı bir gənc üçün bu, çox böyük etimad idi.

Hər dövrün özünəməxsus çətinlikləri, problemləri olur. Geniş miqyasda maariflənmə həyata keçirildiyi bu dövrün çətinlikləri xüsusi ilə çox idi. 1925–37–ci illər arasında dövlət hesabına yalnız beş kənddə məktəb binası tikilmişdi. Digər kəndlərdə açılan yeni məktəblər müsadirə olunmuş bəy evlərində, yaxud şəxsi evlərdə yerləşirdi. Rayonun bütün uşaqlarını təhsillə əhatə etmək üçün yeni məktəblər açmaq, onları bina, tədris ləvazimatı, yeni müəllimlərlə təmin etmək böyük təşkilatçılıq tələb edirdi. Bundan əlavə, latın əlifbasının yenicə öyrənilməsinə başlanıldığı bir vaxtda kiril əlifbasına keçmək sərəncamı isə qarşıya daha böyük çətinliklər çıxardı. İndi müəllimlərin özləri də şagirdləri ilə bərabər yeni əlifbanı yazıb oxumaq vərdişləri qazanmaq məcburiyyətində qalmışdılar.

Yaşlı əhalinin savadsızlığını ləğv etmək üçün açılan kurslarda dərs deyən müəllimlərin üzərinə böyük məsuliyyət qoyulmuşdu. Məktəblərdə yeganə tədris vasitəsi lövhə və təbaşir idi. Bəzi məktəblərdə heç bunlar da çatışmırdı. Belə şəraitdə xalq maarifi orqanına başçılıq etmək o qədər də asan deyildi. Bu dövrdə xalq maarifi sahəsində rayonda həyata keçirilən tədbirlərin bir çoxunun təşəbbüskarı, təşkilatçısı kimi Məhəmməd müəllim rayon ictimaiyyətinin rəğbətini qazanmışdı.

Çox çəkmədi ki, onu partiya kabinəsinin müdiri, sonra isə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. 1942–ci ilin əvvəllərində isə siyasi rəhbər kimi səfərbərliyə alınır. Bir neçə ay Tbilisi şəhərində zabit kimi hazırlıq kursu keçib Uzaq Şərq hərbi hissəsində bölmə komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə göndərilir. 1944–cü ildə xidmət etdiyi hərbi hissə Qərb cəbhəsinə göndərilir. O, Latviyanın Şauliya şəhərində döyüşlərdə iştirak edir və yaralanır. Tezliklə müalicə olunub Kenizberqdə hərbi hissəyə qayıdır. Onun siyasi rəhbər olduğu  tank bölməsi döyüşlərdə fəal iştirak edir. 1945–ci ilin 9 May Qələbə gününü Kenizberqdə qarşılayır. 1948–ci ilin ortalarına qədər hərbi xidmətdə olur.

Onun beşillik hərbi həyatı hər bir gənc üçün ibrət nümunəsidir. Məhəmməd müəllim intizamlı, qorxmaz bir qvardiya zabiti olmuş, qüsursuz xidmət etmişdir. O, vaxtı ilə öz şagirdlərinə aşıladığı vətənpərvərliyi öz nümunəvi xidməti ilə əyani nümayiş etdirmişdir. İkinci dərəcə “Vətən müharibəsi“ ordeni, “İgidliyə görə“, habelə bir sıra döyüş medalları, Baş komandanlıq tərəfindən verilən təşəkkürlər odlu–alovlu illərdə xidmətinə verilən qiymətin rəmzləri kimi Məhəmməd müəllim üçün əvəzsiz yadigarlardır.

Tərxis olduqdan sonra ona bir sıra vəzifələrdə işləmək təklif olunsa da, bundan imtina edib, öz pedaqoji fəaliyyətini və yarımçıq qalan ali təhsilini davam etdirməyi üstün tutur. O, 1949–1955–ci illərdə Qubadlı, Muradxanlı, Dondarlı orta məktəblərində direktor işləməklə bərabər, qiyabi olaraq APİ–nin coğrafiya və təbiət fakültəsini də bitirir. Onu rayon XMŞ–nin müdiri vəzifəsinə irəli çəkirlər. İki il sonra isə rayon XDS İcraiyyə Komitəsinin sədri seçilir.

Bu dövrdə rayonda abadlıq, mədəni–quruculuq, təsərrüfat sahəsində həllini gözləyən vəzifələr az deyildi. Müharibə dövründə rayon iqtisadi cəhətdən çox zəifləmişdi. Tikinti işləri, demək olar ki, aparılmamışdı. Rayon mərkəzi isə tipik bir dağ kəndi səviyyəsində qalmışdı. Fərdi tikinti aparmaq üçün rayon mərkəzində, kəndlərdə ictimai kolxoz fondundan torpaq ayırmaq müşkül bir iş idi. İcraiyyə komitəsinin sədri, görüb–götürmüş bir ziyalı kimi bu  vəziyyət Məhəmməd müəllimi daim narahat edir və düşündürürdü.

Nəhayət, bu məsələləri həll etmək üçün respublika hökuməti qarşısında dönə–dönə məsələ qaldırıb həm rayon mərkəzində, həm də kəndlərdə abadlıq – tikinti aparmaq üçün torpaq fondu ayrılmasına nail oldu. Bərgüşadın sol sahilində, rayon mərkəzinə bitişik on hektara qədər barsız–bəhrəsiz köhnə bağ yeri tikinti işləri aparmaq üçün ayrılıb evsiz fəhlə–qulluqçulara verildi. İctimai binalar tikmək məqsədi ilə sahələr müəyyənləşdi. İki il içərisində yüzdən çox fərdi və ictimai binanın əsası qoyuldu. Hansı tikintinini yanından keçib ona xeyir–dua verirdinsə, sahibi M.Salayevə öz minnətdarlığını bildirirdi. Bu dövrdə Muradxanlı, Qaracalı, Xocahan, Məmər, Xanlıq və bir çox kəndlərdə camaata fərdi mənzil tikmək üçün torpaq ayrılması kəndlərdə abadlıq işlərinin genişlənməsinə imkan verdi.

Uzun illərdən bəri Həkəri çayı üstündən Xanlıq kəndində dəmir–beton körpü salınması məhz bu dövrdə öz həllini tapdı. Rayonun qərb zonasında yerləşən kəndlərin sakinləri rayonun mərkəzinə gəlmək üçün Bərgüşad çayının Hacallı kəndinin qabağından salınmış ağac körpüdən keçməli olurdular. Hər il baharda çay daşanda körpünün bəndlərini təhlükə altına alırdı. 1957–ci ildə həmin körpünü sel aparandan sonra M.Salayev onun yerini dəyişdirib rayon mərkəzinə daha yaxın və əlverişli yerdən saldırmağa başladı. Dədə–baba qaydası ilə salınan bu ağac körpü də  daşqına davam gətirmədi. M.Salayevlə arası olmayan bəzi adamlar qərəzli məktublar yazdılar. Bu məsələ müzakirə olunarkən smetasız, texniki tələblərə əməl edilmədiyinə görə qərar layihəsində ona töhmət təklif olunur. M.Salayev görür ki, yeni körpü salmaq haqqında layihədə bir kəlmə də yoxdur. Söz alıb deyir:

– Layihə ilə razıyam. Mənə töhmət verilməsini də düzgün hesab edirəm. Ancaq məni bir məsələ düşündürür ki, görən camaat mənim töhmətimin üstündən keçəcək, yoxsa körpüdən?!

Çox məqamında deyilən bu atmaca gülüş doğursa da, rəyasət heyətində oturanları da ciddi düşündürür. Layihəyə dövlət hesabına böyük dəmir–beton körpü salınması haqqında xüsusi bənd əlavə olunur. Bir il sonra körpü tikilib istifadəyə verildi. M.Salayevin sözü isə camaat arasında zərb–məsələ çevrildi.

Həmin körpü salınandan sonra isə sağ sahili – Dəf düzü deyilən böyük bir sahə də tikinti meydançasına çevrildi. Buranın sahəsi rayonun sabiq mərkəzinin sahəsindən xeyli artıq idi. Məhz buna görə Qubadlıya qəsəbə statusu vermək mümkün oldu.

İstehsalat idarəsi yaradılarkən o, Zəngilan və Qubadlı üzrə maarif şöbəsinin müdiri təyin edildi. Rayonlar ayrıldıqdan sonra isə Qubadlı qəsəbə orta məktəbində direktor kimi öz pedaqoji fəaliyyətini davam etdirdi.

Ötən illər onu təqaüd yaşına yaxınlaşdırırdı. Ancaq o, fiziki cəhətdən sağlam olduğu üçün öz əmək fəaliyyətini davam etdirmək iqtidarında idi. Təqaüd illərini isə 1992–ci ilə kimi tarix və diyarşünaslıq muzeyinin təşkilinə və onun işinin qurulmasına sərf etməli oldu.

83 yaşlı veteranın həyat yoluna aid xatırlatdığım bu məqamlar arxa­sında duran ölçü–biçiyə gəlməz sevinc və kədərin, həzz və iztirabların, xüsusən qaçqınlıq illərinin əzablarını ifadə etmək çətindir. Mədəni–maarif, gənc nəslin tərbiyəsi, müəllim kadrlarının hazırlanması sahəsindəki xidmətini, rayonun ictimai həyatındakı fəaliyyətini xatırlamaq çətin deyildir. Mən hələ adamların arzu və təkliflərinə, məişət problemlərinin həllinə göstərdiyi saysız–hesabsız köməyini demirəm. Çünki bunlar camaatın gözü qarşısında olmuşdur. Məhz buna görə də Məhəmməd müəllim rayonun ən işgüzar ziyalısı, el ağsaqqalı kimi rəğbət qazanmışdır.

Bu günlərdə onunla “Xalqlar dostluğu“ metrosu yaxınlığında yerləşən bir ünvanda görüşdük. Qədim Zəngəzurun füsunkar guşələrindən biri olan Qubadlıda keçən ömrümüzün yaddaşımıza yazılan səhifələrini kövrəkliklə, həsrət və ürək ağrısı ilə vərəqləməli olduq. Onunla söhbət adamda həyata inam–ümid hissini yüksəldir. Torpaqlarımızın işğalı, özümüzün qaçqınlıq faciəmiz haqqında danışarkən dedi:

– Bu ədalətsizlik heç zaman belə qalmaz. Necə deyərlər, hər insanın bir yas günü, hər xalqın isə bir qisas günü var. Xalqımız bu qisası yerdə qoymamaq üçün gec–tez özündə qüvvə tapacaqdır.

Onun nurani çöhrəsi, təmkinli və pirani davranışı, sadə və təvazökarlığı, nikbin əhval-ruhiyyəsi adamda xoş ovqat oyadır. Öz–özünə düşünürsən ki, kaş qocalanda da belə qocalasan. Məhəmməd müəllim kimi. Gəncliyi gənclərə, ahıllığı ahıllara, qocalığı da qocalara nümunə olan müdrik bir qocalıq!

Mürsəl QOCAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir