Ay ana, ana!
Günləri sana.
Mən gedirəm Zəngilana
Qal yana-yana!
Vaxtilə məşhur xanəndəmiz Zülfü Adıgözəlovun oxuduğu, indi Azərbaycan radiosunun fondunda saxlanan bu mahnının nə vaxt yarandığını söyləmək çətindir. Mahnının motivində dərin bir kədər duyulmaqdadır. Onun sözlərindən aydın olur ki, Zəngilana getmək sanki gedər-gəlməzə – sürgünə getmək kimi bir gəza imiş. Zəngilan bir zamanlar, doğrudan da, Qarabağ bəylərinin sürgün yeri olmuşdur. Bunu söyləməyə Qarabağın Ca-vanşirlər nəslindən olan Məmmədbəy Aşiqin valideynləri tərəfindən Zəngilana göndərilməsi əsas verir. Məmmədbəy Aşiq Zəngilani təxəllüsünü özünə məhz buna görə götürmüşdür. Necə deyərlər, o vurub-yıxan, at oynadan bəy balalarından deyildi. O, həssas qəlbli, şair təbli bir ziyalı idi. Bu isə heç də atasının xoşuna gəlmirmiş. Deyirlər bu şeri o, ana-sına atasından giley kimi yazmış və onun bir zaman peşman olacağına eyham vurmuşdur.
Əslində isə təbiət Zəngilandan öz səxavətini əsirgəməmişdir. Bura sürgün yeri deyil, Zəngəzurda rahat yaşamaq üçün dağlı-aranlı, hər təbii şəraitə, maddi nemətlər mənbəyinə malik bölgədir.
Onun ərazisindən keçən Araz, Oxçu, Həkəri, Bəsit çaylarının vadiləri boyunca uzanıb gedən münbit torpaqlar, Ağ oyuq, Qara yazı, Gəyən kimi göz işlədikcə uzanan düzənliklər, qoynu əfsanəvi cənnət timsallı hər cür ağac, çöl heyvanları, quşları ilə zəngin olan Süsən, Əsgülüm, Leşkər, Top meşələri, dünyada ikinci, Avropada birinci olan 117 hektarlıq təbii çinarlıq, tut, meyvə bağları, mal-qara otlaqları, tükənməz yerüstü və yeraltı sərvətlər…
1930-cu ildən inzibati rayon kimi formalaşan Zəngilan əllinci illərdən sonra öz simasını elə sürətlə dəyişməyə başlamışdı ki, onun qırxıncı illərə qədərki görkəmi ilə müqayisə etməyə heç bir şeyi qalma-mışdı.
Geniş üzüm, tütün plantasiyaları salınmış, əkinçilik, heyvandarlıq sahələrində xeyli irəliləyiş əldə edilmişdi. Həkəri çayından Ağ oyuq düzünə su çıxarmaq arzusu həyata keçirilmiş, 3500 hektardan çox sa-həni suvarmağa imkan verən güclü hidrokompleks tikilmişdi.
Elə kənd yox idi ki, ora yenidən qurulmasın. Bütün kəndlər təhsil, səhiyyə, mədəniyyət, iaşə, ticarət, nəqliyyat xidməti ilə əhatə olunmuş, elektrikləşdirilmiş, radiolaşdırılmış və telefonlaşdırılmışdı. Xudafərin hidrokompleksinin tikintisi ilə əlaqədar olaraq Tehrandan gələn nümayəndə heyəti Zəngilanda su altında qalmalı olan kəndləri gəzərkən bu kəndlərin abadlığına, gözəlliyinə qibtə edir və bunların su altında qalacağına heyifsilənirdi. Nümayəndələrin kəndlərimizin abadlığı haqqında dedikləri buranın sakini kimi qəlbimdə dərin iftixar doğururdu. Bütün bunlar indi ancaq bizim təsəvvürümüzdə və yazılı mənbələrdə qalmışdır. Düz bir ildir ki, bu yerlər düşmən işğalı altında talan qarət olunub yer ilə yeksan edilmişdir.
Deyirlər ki, insan malik olduğunun qədir-qiymətini onu itirəndə dərk edir. Bu gün respublikamızın müxtəlif guşələrinə səpələnmiş qaçqınlar kimi zəngilanlılar da düçar olduqları bu faciəni sonsuz bir ürək ağrısı ilə yaşayırlar. Çünki onlar on illər ərzində qazandıqları, qurub-yaratdıqları nə varsa, hamısından məhrum olublar.
Cənubi Azərbaycandan olan mühacir Yaqub Zürufçunun oxuduğu «Aman ayrılıq» mahnısını bir sıra azərbaycanlı müğənnilərinin ifasında az eşitməmişəm. Ancaq heç birisi Yaqubun səsindəki təsiri bağışlamır. Mən Arazdan İrana keçib bircə dəqiqə ayrıldığım doğma Zəngilanı sağ sahildən seyr edərkən dərk etdim ki, nə üçün Yaqubun səsi bu qədər qüssəlidir. Xudaya! Görəsən, Vətən dərdindən ağır dərd varmı? Qəlbimdə baş qaldıran bu suala var səsimlə milyon dəfə demək istəyirəm: Yox! Yox! Yox!…
Zəngilanın süqutu haqqında geniş söhbət açmaq istəmirəm. Bu barədə az yazılmamışdır. 1993-cü il martın sonunda Kəlbəcərdən ermənilərin götürdükləri start Ağdamın, Füzulinin, Cəbrayıl və Qubadlının işğal olunması ssenarisinə uyğun olaraq oktyabrın 30-da Zəngilanda başa çatdırıldı. Zəngilan isə qədim Zəngəzurun sonuncu bölgəsi idi. Onun Qarabağla bir qarış da sərhəddi yox idi. Ancaq buranı da işğal etməklə ermənilər Qarabağı Zəngəzurla birlikdə Azərbaycanın İranla olan təxminən 110 kilometrlik sərhəddini Horadiz-Mincivan-Qafan dəmir yolu-nu nəzarət altına almaqla başa çatdırmış oldular. Kəlbəcər işğal olunanda (yeni hücum startında) Ermənistanın prezidenti Ter Petrosyan Moskvada, Zəngilan işğal olunanda (finiş mərhələsində) isə Fransada idi. Bununla da o, dünya ictimaiyyətinin diqqətini yayındırmaq istəyirdi ki, guya bu təcavüz deyil, Qarabağ silahlı qüvvələrinin milli-azadlıq işidir.
Görəsən, nə qədər məkrli bir siyasətçi olmalısan ki, dünya ictimaiyyətini aldatmağa belə cəsarət göstərəsən və beynəlxalq miqyaslı siyasətçi kimi nə qədər sadəlövh olmalısan ki, bu boyda ağ yalana inanıb bir dövlətin digər dövlətə qarşı təcavüzünə etinasızlıq göstərib susasan, hətta onu müdafiə də edəsən?! Bu yerdə istər-istəməz belə bir el misalı yada düşür: «Arxalı köpək qurd basar…»
Kəlbəcər işğal olunandan sonra «Komsomolskaya pravda» qəzeti yazmışdı ki, ermənilər Horadizdən yolu kəsib Azərbaycanın cənub-qərbdə yerləşən rayonlarının əhalisinin İrana keçmək zərurətini ortaya çı-xarmaqla İran yeni problemlər yaratmaq niyyətindədirlər.
Həmin vaxtda Tehranda çıxan qəzetlərin birinin siyasi icmalçısı «Qarabağ Tehranın gözü ilə» adlı məqaləsində («Ayna» qəzetinin aprel nömrəsində) bəzimətləblərə eyhamlar vurur və qonşu ölkələrin siyasi dairələrinin nəzərinə çatdırır ki, ermənilər regionda çox məkrli bir siyasi oyun oynamaqdadır. Elə həmin dövrdə Suriyada Keşişyan adlı bir daşnaq fəalı çıxış edib demişdir ki, yaxın illərdə Ermənistan üçün ərazi problemi olmayacaqdır.
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını sübut etməyə on-larla təkzibedilməz fakt vardır. Qarabağ bəhanədir. Ermənistanın uzun illərdən bəri həyata keçirmək üçün hazırladığı planı və ona kömək edən qüvvələrin səylərini heç bir diplomatik ziqzaqla ört-basdır etmək olmaz.
Qafan və Mehri kimi böyük sənaye potensialına malik 2 rayonun əhatəsində olan Zəngilan kimi kiçik bir rayonun ağır silahların atəşi altında altı il davam gətirməsi çox da asan iş deyildi. Bu müddət ərzində Zəngilanın özündə 160 nəfər şəhid olmuş, 28 nəfər dinc sakin qətlə yetirilmiş, 32 nəfər itkin düşmüşdür.
Zəngilan əhalisi Qubadlı rayonu işğal olunan, hətta ay yarım ondan sonraya kimi inamını itirməyərək doğma yurdunu tərk etmədi. Yalnüz Horadiz yolu kəsilib tam mühasirəyə düşdükdən sonra rayonu tərk etmək məcburiyyətində qaldı, yeganə xilas yolu olan Arazdan İran sərhəddini keçdi. Bu mənzərənin dəhşətlərini təsvir etmək çətindir. Qocaların, qadınların, xəstələrin Arazdan necə piyada keçmələrini, oktyabrın soyuğunda Araz sahilində şiddətli külək və yağış altında, açıq havada necə gecələdiklərini, körpə uşaqların necə dözülməz vəziyyətə düşdüklərini xatırladıqca az qalır adamın ürəyi döyünməkdən qalsın. Bəli, bu inana-inana aldanmağın və aldana-aldana inanmağın nəticəsi idi.
Budur, indi bir ildir ki, digər rayonlardan olan qaçqınlar kimi zəngilanlı qaçqınlar da isti ocaqlarından kənarda olmazın əziyyətlərlə üzləşməli, ən ağır sınaqlara davam gətirməli olublar. Zəngilanlılar doğma yurdlarından ayrı düşdükləri günü ömürlərinin ən qara günü kimi sonsuz kədərlə yada salırlar. (Onun heç yaddan çıxan vaxtı varmı?) Respublikamızın rayonlarında, Bakı şəhərində və onun kəndlərində məskunlaşan zəngilanlılar faciəli bir həyat keçirirlər. Neçə-neçə adamlar ağır məişət şəraitinə, yurd həsrətinə dözməyib dünyasını dəyiş-mişdir.
Bakının rayonlarında, Sumqayıt şəhərində üstü hələ örtülməmiş yarımçıq tikintilərdə, yataqxanalarda, məktəb və bağçalarda, «Çadır şəhərciklərində» dözülməz dərəcədə – ağır bir vəziyyətdə yaşayırlar. Bu gün hər bir zəngilanlının qəlbi vətən həsrəti ilə döyünür, respublikanın rəhbərliyi tərəfindən torpaqların geri qaytarılması istiqamətində görülən tədbirləri böyük ümidlə izləyirlər.
Mürsəl Qocayev, «Sərhəd» Qəzeti, 16 noyabr 1994-cü il