İLLƏR VƏ TALELƏR

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha !

                              Söhrab Tahir.

Qohumlar, dost–tanışlar bu gün buraya iki gəncə xeyir–dua verməyə gəlmişlər. Onların şərəfinə sağlıqlar deyilir, xoş arzular dinlənir. Musiqi adamları seyirləyib riqqətə gətirir. Mahnılar, muğamlar qanad açıb onların yaddaşını oyadıb xatirələr aləminə aparır…

24 il bundan əvvəl indi toyunda iştirak etdiyin qızın Jalənin anası Sürəyya xanım Allahverdi Ərqavani qızının toyunda da iştirak etməli olmuşdun. Bax, elə onda da bu günkü kimi mahnılar səslənir, sağlıqlar deyilib arzular dinlənirdi.

Burada qeyri–adi bir şey yoxdur. Bu toylarımıza məxsus bir haldır. Ancaq sürətinin heç bir şeylə ölçmək olmayan xəyal mənim yaddaşımı dolanbaclarına salıb bu toylarla əlaqədar olan tarixi bir hadisəni xatırlatdı…

Təbriz saataltı meydan. Zaman–zaman bu meydanda neçə-neçə oğullar edam edilmiş, görk üçün bəzən dəhşətli şəklə düşənə qədər dar ağacında asılı asılı saxlanılıb, dəfninə icazə verilməzmiş. Bu mənzərəni görənlərin halını təsəvvür etmək asan deyilmiş. Hətta onlar çəkdikləri daxili əzablarını ifadə etməyə söz tapmağa çətinlik çəkmişlər.

Bunlar tarixə dönmüşdür. Nə haqlı sağdır nə haqsız. Nə ittihamçı qalmış nə də iddiaçı. Bunlar belə həyatda heç nə unudulmur, heç nə yaddan çıxmır. Çünki bu cür faciələr nəsilləri narahat edə–edə onun qan yaddaşına keçir….

Nazlı ananın heç ağlına da gəlməzdi ki, onun oğlu da bu meydanda  dar ağacından asılarmış. Hətta bu fikir onun eyninə gələndə onun əti ürpəşirdi. Sən demə nə vaxtsa belə bir faciə onun da həyatından yan keçəməyəcəkmiş!

Budur indi oğlu həbs olunmuş zindana salınmış, sonar isə edama məhkum olunmuşdur. Fərmana görə o görk üçün dar ağacından asılı qalmalı müddət tamam olandan sonra meyid düşürülüb dəfnəaparıla bilərdi. Belə bir ağır edam mənzərəsi haqqında nağıllarda eşidəndə belə adamın ürəyi tab gətirmir. Ana ürəyinin buna necə tab gətirdiyinə təəcüblənməmək olmur! Onun ürəyi bu dözümü hardan almışdır.? O bunu ancaq və ancaq yaradanın qüdrətindən, kədər hissindən qat–qat yüksək olan ədalətsizliyə nifrət, qisasın yerdə qalmayacağına ianm və intiqam hissindən ala bilərdi.

Bəs Nazlı ananın oğlu nə üçün edam olunmuşdur?

Budur, 21 Azər (12 dekabr 1945–46) hərakatı iştirakçılarının həyatına həsr olunmuş “Azadlıq yolunun mübarizləri“ kitabında onun haqqında verilən bəzi məlumatlar:

Allahverdi Ərqavani 1924–cü ildə anadan olmuşdur. Bir müddət təhsil aldıqdan sonar onu davam etdirməyə imkanı olmamışdır. Buna görə də işləmək məcburiyyətində qalmışdır. Ancaq işləmək də onun istədiyi kimi mümükün olmamışdır. 1942–ci ildə Rza xan diktaturasının yıxılması ilə əlaqədar Cənubi Azərbaycanda azadlıq hərəkatı genişlənir. Məmləkətin mütərrəqi qüvvələri Hizbitudə bayrağı altında birləşməyə  başlayır. Allahverdi Ərqavani də onun sıralarına daxil olub siyasi mübarizəyə qoşulur. 1945–ci il sentyabrın 12–də Azərbaycan Demokratik Firqəsi təşkil edildikdən sonra Təbrizdə onun sıralarına daxil olmuşdur. Azərbaycan xalqının ictimai–siyasi və milli məhrumiyyətləri nəticəsində ölkənin daxili şəraiti zəminində baş vermiş 21 Azər hərəkatında Allahverdi Ərqavani fədai dəstələri sıralarında yorulmadan çalışır, Təbriz şəhərinin xalq silahlı qüvvələri tərəfin­dən alınmasında firqənin fəal əsgəri kimi iştirak edir. Siyasi hakimiyyət Milli hökumətin əlinə keçməsindən sonra xidmətlərinə görə “21 Azər“ medalı ilə təltif olunur, baş leytenant rütbəsi verilir. Təbrizin 4–cü nahiyyəsinin rəisi təyin olunur. Məmməd Rza şahın iki­üzlü siyasəti nəticəsində şahənşah ordusu Cənubi Azərbaycana soxulan zaman vətənin minlərlə oğulları kimi Allahverdi də tutulub zindana salınır. Zindanda ona qədər əzab versələr də əqidə və inamından dönmür. Şahidi olanlar onun ölmü necə mərdliklə qarşıladığını və edam qabağı necə vənətpərvər çıxış etdiyini ehtiramla xatırlayırlar. 21 Azər hərəkatının məşhur iştirakçılarından biri olan Xosrov Ruzbehi sonralar məhz belə mücahidləri nəzərdə tutub məhkəmə zamanı demişdir: “Hər halda insan üçün xüsusən ürəkləri parlaq və işıqlı gələcək ümidi ilə dolu əqidə, sahibləri üçün xoşa gələn deyildir. Lakin qiymətlə və şərtlə olur–olsun diri yaşamaq diri yaşamaq da insanlara layiq deyildir. Çünki insan həyat yolunu keçərkən öz məqsədini itirməməlidir. Hissiyyatı əldən vermək, alçalmaq, abırdan düşmək, siyasi–ictimai qayələri ayaq altına salmaq hesabına imkan əldə edilərsə, ölmək yüz dəfə belə yaşayışdan şərəflidir.“

Nazlı xanım öz oğlunu edam meydanından çıxarıb dəfn etdirdikdən sonra onun yeddi yaşlı yeganə qızı Sürəyyanı da götürüb bir çox ailələrlə bərabər Şimali Azərbaycana pənah gətirir. Bu əsrimizin birinci yarısında Səttərxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvarinin rəhbərliyi altında başlanan milli azadlıq hərəkatları hər dəfə boğularkən Cənubi Azərbaycandan üçüncü qaçqın köçü idi.

O zaman Azərbaycan müharibədən yenicə çıxmışdı iqtisadi vəziyyət o qədər yaxşı deyildi. Bununla belə xalq ona pənah gətirmiş minlərlə cənublu qardaşlarına lazım olan köməyi əsirgəmədi.

Allahverdi Ərqavaninin anası nəvəsini böyütmək üçün əsl fədakarlıq göstərdi. Çox təəssüf ki, çəkdiyi qəm–qüssə, vətən həsrəti, oğul dərdi onun dünyasını vaxtından əvvəl dəyişdirdi. Sürəyya isə qohumlarının himayəsi, Azərbaycan hökumətinin qayğısı ilə böyüyüb orta təhsil aldı və Azərbaycan Tibb Universitetinə daxil oldu. Qurtardıqdan sonra isə Əziz Əliyev adına Azərbaycan Həkimlər Təkmilləşdirmə İnstitutunun Tropik Təbabət kafedrasının dossenti Cavanşir Babayevin oğlu, öz qrup yoldaşı Eldarla ailə qurdu. Çox humanist, milli qeyrətli qayğıkeş bir insan kimi tanınan həkimin evi Sürəyya üçün isti və rahat bir yuva oldu. Bu həmin adamdır ki, xalq şairi B.Vahabzadə 1960–cı illərdə şah və bülbül əfsanəsi əsasında yazdığı “Göz yaşları“ şerini, ona ithaf etmiş “Etiraf“ poemasında isə onun simasında Cahangir obrazını yaratmışdır.

Qayınata Sürəyyanı özünə doğma hesab edirdi. Təkcə gəlini olduğu üçün deyil, həm də ona görə ki, onu 1937–ci ildə Azərbaycandan əri ilə zorən İrana köçürülən bacısı Kubra xanımın necə deyərlər, əvəzi bilirdi.

Çox təəssüf ki, ona rahatlıq tapdığı bu ailədə axıra qədər gəlinlik etmək nəsib olmadı. Həyat yoldaşı avtomobil qəzası nəticəsində həlak oldu. İndi toyu olan Jalənin onda bir yaşı var idi. Həkim Cavanşir və onun ömür yoldaşı Rəhimə xanımı kədərləndirən təkcə öz oğlullarının ölümü deyil, həm də ata–anasını itirib didərgin düşmüş, 21 Azər hərəkatının qəhrəmanlarından birinin yeganə yadigarı kimi Sürəyyanın taleyi idi. Bu xeyirxah adamlar indi Sürəyya üçün təkcə qayınata–qayınana deyil, öz çiyinlərinə valideynlik yükü götürməli oldular.

Cənubi Azərbaycan yazıçısı, oxucuların yaxşı tanıdığı “Həcər“ romanının müəllifi Rəhim Dəqiq 1980–ci ildə Bakıya gələrkən əqidə dostu, yazacağı romanın qəhrəmanı olan Allahverdi Ərqəvaninin qızı Sürəyyanı axtarıb tapmış, 21 Azər hərəkatına həsr olunmuş “Azadlıq yolunun mübarizləri“ kitabına, “Mənim əziz və unudulmaz qardaşımdan daha artıq məsləkdaşım qəhrəman Allahverdinin qızı“ Sürəyyaya müraciətində belə bir avtoqraf yazmışdır:

“Hər əsrin öz qəhrəmanları olur. Bu təbiidir. Mənim də böyük yurdum, canımdan artıq sevdiyim Azərbaycanın da tarixlər boyu unudulmaz qəhrəmanları olmuşdur… Məncə müasir dövrün də düşmən qarşısında baş əyməyib, unudulmaz babaları kimi, xalqın azadlığı yolunda varlığını qurban edən cavanlarımız olmuşdur. Onların ən qüvvətlilərindən biri Allahverdi Ərqavani idi. Yazdığım əsərin qəhrəmanının sevimli qızını görəndə böyük hadisə qarşımda canlandı. Qayınatası doktor–ədib Babayevin xalqımızın qəhrəmanına olan məhəbbəti, canlı olaraq onun həyatında mücəssəm edir. Bu məni o qədər təhtri–təsirdə qoyulmuşdur ki, nə yazacağımı bilmirəm.

Nə etmək, yaşamağın sonu bu dünyanı dərk etməkdir. Lakin insanı yaşadan onun xalqa olan xidmətləridir ki, bu da həmin aildə var.

İnsan taleyin hökmü ilə gec–tez barışmaq zəruriyyətində qalır. Qayınata, qayınana yaxşı dərk edirdi ki, bircə il ailəli olmuş gəlinin ömür boyu dul qalması günahdır. Ancaq onu hiss edirdilər ki, körpə qızının gələcək taleyi onu, tərəddüdə qoymuşdu. Qayınata və qayınana valideynlikdən də artıq mənəvi mərdlik göstərdilər. Onlar Jaləni axıra qədər saxlamağa Sürəyyada əminlik yaratdılar. Bu isə onu tərəddüddən çıxartdı, ona yenidən ailə qurmaq ümidi verdi. Bu nigahdan sonra Allahverdi Ərqavaninin Mirzə adlı bir nəvəsi oldu. Hazırda orta məktəbi qurtarmaq üzrədir.

1988–ci ildə qayınata öz dünyasını dəyişsədə Rəhimə nənə, oğulları Sərdar, Elxan, Jaləni böyüdüb ali təhsil alması üçün əlindən gələni əsirgəmədi.O Azərbaycan Tibb Universitetinin sanitariya–gigiyena fakultəsinin son kursundadır. 21 Azər hərəkatı yatırılarkən Azərbaycana pənah gətirmiş bir ailənin oğlu Raufla ailə qurmuşdur. Beləliklə dar gündə öz qardaşına pənah gətirən azadlıq fədaisi Təbrizli Allahverdi Ərqavaninin nəsli öz davamını Bakıda tapmışdır.

Budur çalınan vağzalı məni düşüncələrimdən ayırır. Bəylə gəlinə xeyir–dua verənlərə qoşuluram… Xəyalımda yenidən Cənub həsrətinin dalğaları ləpələnir… Balaş Azəroğlunun, Söhrab Tahirin, Əli Tudənin, Məhəmməd Biriyanın, Hökumə Billurinin, Mədinə Gülgünün könül yandıran həsrətli şerləri yadıma düşür. Qulaqlarımda Xanın səsi ilə Mustafa Payanın səsi havalanır. Elə bil Arazın sahilləri birləşir,  Savalanla Şahdağı, Təbrizlə Bakı bir–birinə qovuşur…

21 Azər hərəkatının 50 ili tamam olur. Onun iztirabları neçə–neçə insanın taleyində iz qoysa da həyat davam etməkdədir. Bu hərəkatın milli özünüdərk baxımından rolu çox ibrətamizdir. Öz canını xalqın səadəti uğrunda qurban verən bu hərəkat iştirakçılarının xatirəsini əziz tutmaq məsələləri vətənpərvərlik tərbiyyəsindən böyük əhəmiyyət kəsb edir. Rəhim Dəqiqinin Allahverdi Ərqavani kimi mücahidi, öz romanına baş qəhrəman seçməsi bu baxımdan diqqətə layiqdir. Ancaq onun Bakıda yaşayan qızı və nəvələrinin həmin romanın taleyindən xəbərləri yoxdur. Şübhəsiz ki, qəzetin bu nömrəsi hörmətli yazıçının əlinə düşəcəkdir.

Qoy o, özünün dediyi kimi, qardaşından artıq məsləkdaşı kimi əziz tutduğu Allahverdi Ərqavaninin Şimali Azərbaycanda kök salmaqda olan nəslinin taleyindən xəbərdar olsun. Bu yəqin ki, onun üçün də çox maraqlı olardı.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir