Qoltuğunda ağacı, qılçasında və ya qolunda qobru tək qollu, tək qılçalı, əl–ayaq barmaqları kəsilmiş, gözləri qəlpə zədəsindən şikəst olmuş, bu və ya digər bədən üzvü yara almış, bədənində qəlpə gəzdirən neçə–neçə adamlar… 1941–45–ci illərdə yaşayan nəsillərin ürəyini belə adamlar az ağrıtmamışdır. Onların bir çoxu itirdikləri bədən üzvlərinin,aldıqları yaraların fiziki və mənəvi ağrılarını yarım əsrdən çoxdur ki, çəkməkdədirlər. Ancaq özləri ondan təskinlik tapırlar ki, Avropada baş qaldırmış, bütün dünyada ağalıq etmək iddiasına düşən faşizmin məğlub edilməsi, Vətənin müdafiəsi uğrunda mübarizədə əlil olmuşlar.
On il bundan əvvəl Azərbaycan xalqının ağlına da gəlməzdi ki, 1905–1918–20–ci illərdə olduğu kimi, erməni qəsbkarlarının təcavüzünə məruz qalacaq, onun leksikonuna «Qarabağ əlilləri», «Qarabağ şəhidləri», «Şəhidlər xiyabanı», «Şəhidlər bulağı», «Şəhidlər bağı» kimi yeni məfhumlar düşəcəkdir.
Ermənistanın Mehri və Qafan rayonları ilə 160 kilometr sərhəddi olan Zəngilan rayonunda Qarabağ hadisələri dövründə xeyli adam əlil olmuşdur. Respublika Əlillərin Sosial Müdafiəsi Fondunun Zəngilan şöbəsinin müdiri Əli Sobulunun (Seyfulla oğlu Cümşüdlü) «Zəngilan əlilləri» adlı kitabı məhz onlara həsr edilmişdir.
Kitabda Zəngilan rayon şöbəsində qeydiyyatda duran 87 nəfər 1941–45–ci il müharibəsində, Qarabağ döyüşlərində iştirak edən 122 nəfər hərbi və milli münaqişə zəminində və Çernobıl AES–in qəzası zamanı əlil olan 19 nəfərin siyahısı verilmişdir.
Müəllif Qarabağ döyüşlərində əlil olmuş 33 nəfərin döyüş fəaliyyəti ilə oxucuları tanış edir.
Mincivan qəsəbəsindən Elxan Abbasov, Səxavət Babayev, Eldar Muradov, Hüseyn Səfərov, Qıraq Müşlan kəndindən Şahbaz və Şəmsəddin Baxşəliyev qardaşları, Baharlı kəndindən Səxavət Cabbarov, Gəyəli kəndindən Rasim Camalov, Zəngilan şəhərindən Vüqar Cabbarov, Səfər Xəlilov, Gürşad Mehdiyev, Güloğlan Süleymanov, Şayıflı kəndindən Füzuli Cəbrayılov, Oqtay Məmmədov, Ağbənd kəndindən Əlyar Əskərov, Şəfibəyli kəndindən Elşad Əzizov, Məşədi İsmayıllı kəndindən Eldar və Xanlar Həsənovlar, Bartaz kəndindən Məzahir Həsənov, Məlikli kəndindən Əlövsət Həmidov, Nüşrəvan Səmədov, Çöpədərə kəndindən Əşrəf İbadov, Gilatağ kəndindən Salman Quliyev, Yuxarı Yeməzli kəndindən Mürsəl Məmişov, Rəzdərə kəndindən Bəhrəm Musayev, Əzim Nuriyev, Alıbəyli kəndindən Elçin Orucov, Keçikli kəndindən Şəmsəddin Rüstəmov, Məmmədbəyli kəndindən Şamil Teymurov, Hacılı kəndindən Oruc Yusifovun döyüş yolu ilə tanış olarkən göstərdikləri cəsarət və igidlik oxucuda sonsuz iftixar h1issi doğurur. Onların bu fədakarlığı gələcək nəsillər üçün ibrətamiz vətənpərvərlik nümunəsidir.
Əli müəllimin əlillərə ictimaiyyətin diqqətini cəlb etmək üçün göstərdiyi bu təşəbbüs təqdirə layiqdir.
Müəllifin göstərdiyi kimi, müqəddəs amal uğrunda mübarizədə, azadlıq, istiqlaliyyət savaşında əlil olmaq elə yarı şəhid olmağa bərabərdir. Qaçqın olmaq doğma torpağı, isti od–ocağı itirmək nə qədər ağırdırsa, qaçqın olub üstəlik əlil olmaq, əmək qabiliyyətini itirmək ikiqat ağırdır. Bax, buna görə də hər bir əlilə hamı tərəfindən elə qayğı göstərilməlidir ki, bu qayğı onun fiziki və mənəvi əzablarını qismən də olsa yüngülləşdirməy kömək etmiş olsun. Əlillərə «yazığı gəlmək» baxımından deyil, yüksək insanpərvərlik baxımından kömək göstərmək vətəndaşlıq borcudur.
Mürsəl Qocayev