Ömürdən keçib tarixə çevrilmiş, yaddaşlara yazılıb xatirələrə dönmüş günlər zaman-zaman xatırlandıqca adamlar xəyalən o günlərə qovuşur. Acılı-şirinli bu xatirələr adamda, hətta sözlə ifadəsi çətin olan qəribə hisslər oyadır.
Peşə xidməti ilə əlaqədar olaraq 1941–45–ci il müharibəsininyüzlərlə iştirakçısı ilə görüşmüş, onların xatirələrini dinləmiş, döyüş şücaətləri haqqında neçə–neçə məqalələr yazmışam. Hər dəfə onların döyüş şücaəti məni heyrətləndirmiş, qəlbimdə sonsuz iftixar hissi doğurmuşdur. Buna görə adamlar haqqında yazıb onların xidmətlərini yeni nəsillərə çatdırmada həmişə qəlbimdə bir rahatlıq tapmışam. Bax elə bu əlamətdar gündə belə adamlardan söhbət açmağı özümə mənəvi bir borc hesab edirəm.
Həsən Məmmədov gənclərə məxsus həyat arzuları ilə yaşayırdı. Orta məktəbi qurtaranda səndələrini tibb institutuna vermək istəyirdi. Təəssüf ki, buna nail ola bilmədi. O zaman kəndlərdə çox peşələrə ehtiyac var idi. Müəllimə də ehtiyac az deyildi. Ona görə sənədlərini Qaryagin (indiki Füzuli rayonu) Pedaqoji Texnikumunda müəllim hazırlayan qısamüddətli kursa təqdim etdi. Kursu qurtaran kimi onu Cambar məktəbinə müəllim təyin etdilər. Ancaq ona heç bir il tam müəllim işləmək nəsib olmadı. Müharibə başlandı.
1941–ci ilin sonunda onu səfərbərliyə alıb Bakı piyada qoşunları məktəbinə göndərdilər. Burada bir neçə ay təhsil aldıqdan sonra Krım cəbhəsinə yola saldılar. Onda Həsən müəllimin 20 yaşı var idi. Beləliklə, o öz gəncliyinin ən gözəl çağlarını düz 4 ilini gecə–gündüz əsgər şinelində Şimali Qafqazdan Berlinə kimi hər dəqiqə ölüm gözlənilən döyüş yolu keçmişdir.
Budur, zamanın saraltdığı əsgəri sənədləri qarşımdadır. İlk döyüş Taman yarmadasında düşmüşdür. Şimali Qafqazda gedən döyüşlərdə 2 dəfə yaralanmış və yenidən müalicə olunub döyüşə getmişdir. İlk təltifi «İgidliyə görə» medalı da elə həmin vaxt almışdır. Sonra minamyot bateriyasında 1 rotanın komandiri kimi Kerçin, Svestopolun, Feodesiyanın azad edilməsində fəal iştirak etmişdir. Onun xidmət etdiyi 383–cü diviziyanın 24 min alman əsgərinin əsir alınmasında xidməti xüsusilə böyük olmuşdur. Krım uğrunda gedən döyüşlərdə fərqlənən bir çox əsgərlər kimi H. Məmmədov da ikinci və üçüncü dərəcəli «Vətən müharibəsi» ordeni ilə təltif olunmuşdur. Həsən müəllimin arxivində 3 nömrəli minamyot rotasının komandiri osetin Quzoyev, 2 nömrəli rotanın komandiri ukraynalı Xlustunovla birlikdə çəkdirdikləri şəkil həmin qanlı–qadalı günləri xatırlamağa imkan verən əvəzsiz bir yadigar kimi saxlanmaqdadır.
Sonra H.Məmmədov Jukovun komandanlıq etdiyi Birinci Belorus cəbhəsinə keçib Belorusiyanın, Polşanın azad olunmasında,Berlinin alınmasında iştirak etmiş, Resytaqın divarlarına öz imzasını atanlardan biri olmuşdur. Bütün bu döyüşlərdən ona 4 orden, 12 medal və komandanlığın bir çox təşəkkür məktubları yadigar qalmışdır.
İndi bu tarixi hünər haqqında o qədər aşağı səviyyədə düşünənlər var ki, adam təəccüblənməyə, təəssüflənməyə bilmir. Hətta bu orden medalları gəzdirənlərə həqarətlə baxanlar da vardır. Ancaq belələri Həsən müəllimin və onun kimi döyüş yolu keçmiş adamların həyatını yaşanmış olsaydılar, nə qədər yanıldıqlarını dərindən dərk etmiş olardılar.
Həsən müəllim 1946–cı ildə təxris olunub qayıtdıqdan sonra öz sevimli müəllimlik peşəsini həvəslə davam etdirmiş, yarımçıq qalmış ali təhsilini başa vurmuş Zəngilan işğal olunana kimi fasiləsiz olaraq Cambar, Bürünlü, Şayıflı məktəblərində direktor işləmiş, 1994–cü ildən sonra məskunlaşdığı Xətai rayonunda Zəngilanını bir qaçqın məktəbində öz pedaqoji fəaliyyətini davam etdirməkdədir.
Öz pedaqoji ustalığına, bacarıqlı, təşkilatçı məktəb rəhbəri kimi Həsən Məmmədov Zəngilanın ən nüfuzlu maarif işçilərindəndir. Onun yüzlərlə yetirməsi həyatda özlərinə fəal mövqe qazanmışdır. Onların arasında hər cür ixtisas sahibi vardır.
Həsən müəllim Maarif Nazirliyinin dəfələrlə təşəkkürünü, fəxri fərmanını almış, metodist müəllim fəxri adına layiq görülmüşdür.
Səkkizinci onilliyin astanasında iki cəbhənin veteranı olan Həsən müəllim özünə nurlu bir ahıllıq qazanmış, nəsillərə nümunə ola biləcək bir ömür yaşamışdır.
Bu ixtiyar çağında doğma yurddan didərgin düşüb qaçqınlıq dərdi ilə yaşamaq çox çətindir. Bu , elə gələn bir dərd olsa da ona dözüb yaşamaq təmkin tələb edir. Müharibə və əmək veteranları rayon şurası adından Həsən müəllimi və onun timsalında bütün veteranlarımızı hərarətlə təbrik edir və ən xoş arzularımızı bildiririk.
Mürsəl QOCAYEV