BU YERLƏRDƏ İZİ QALIB ŞAİRİN

APİ–də oxuduğum 1944–48–ci illərdə mətbuatda gedən bədii yazıları müntəzəm izləyirdim. O zaman şerləri ilə tanış olduğum tələbə gənclərdən biri də ADU–nun şərqşünaslıq fakültəsinin tələbəsi Atif Zeynallı idi. İllər keçdikcə onun yeni–yeni şerlərinə rast gəlirdim. 1958–ci ildə ilk şer kitabı çıxanda, «Müasirlik və Şərq problemi» mövzusunda dissertasiya müdafiə edib filoloji elmlər namizədi daha sonra elmlər doktorualimlik dərəcəsi alanda son dərəcə sevinmişəm. Ancaq institutu qurtarıb rayona getdiyimə görə onunla yaxından tanış olmağa məqam düşməmişdir. Rayon qəzetində redaktor işləyərkən (1970–ci ildə) belə bir imkan düşdü. Şair Zəngilana ezamiyyətə gəlmişdi.

Onun ezamiyyətdə olduğu müddətdə tələbəlik illərimizi, iştirak etdiyimiz kütləvi tədbirləri, xüsusən professor Əli Sultanlının doktorluq dissertasiyasının müdafiəsini, S.Vurğunun «İnsan» pyesinin ilk tamaşasını, onun ədəbi müzakirəsini, APİ–nin 25 illik yubiley tədbirlərini, o zaman bizə dərs deyən hörmətli müəllimlərimizi, akademik Məmmədcəfər Cəfərovu, görkəmli ədəbiyyatşünas Mikayıl Rəfilini, Cəfər Xəndanı, adlı–sanlı dilçi alim Özəl Dəmirçizadəni, pedaqoji elmlər doktorları Əhməd Seyidovu, həmçinin o zaman birgə təhsil aldığımız yoldaşlarımızı – Bəxtiyar Vahabzadəni, Vidadi Babanlını, Əliağa Kürçaylını, İslam Səfərlini, Qabili, Məsud Əlioğlunu və başqalarının yaradıcılığı haqqında xeyli fikir mübadiləsi etdik. 20–25 il əvvəlki bu xatirələr bizə son dərəcə şirin idi.

Bir neçə gün onu Zəngilanın görkəmli yerləri, iqtisadiyyatı, təbiəti, tanınmış şəxsiyyətləri ilə ətraflı tanış etdik.

Arazın qolları olan Bərgüşad, Oxçu, Bəsit çaylarının yaşıl vadiləri, Ağ oyuq, Gəyən düzləri, Arazın sağ sahilindəki Vinə dağları ilə üz–üzə duran sol sahilindəki Zəngəzur dağ silsiləsi, Süsən, Əsgülüm, Top, Leşkər meşələri, dünyada ikinci, Avropada birinci olan Bəsitçay təbii çinarlığı şairi məftun etmişdi.

O, Arazın qıvrıla-qıvrıla axdığı, göz işlədikcə uzanan məcrasına isə baxmaqdan doymaq bilmirdi. Söhbətlərinin birində isə Arazın lap sahilinə getmək arzusunda olduğunu bildirdi. Onun bu arzusunu RPK–nın birinci katibinə çatdırdım. O, məmnuniyyətlə bu işi təşkil etdi. Atif müəllim bir xeyli müddət şair emosionallığı ilə Arazın sağ sahilini  seyr etdi. Qayıdanda qamışlıqdan bir meşə xoruzu qalxdı. Katib ov tüfəngi ilə onu nişan aldı. O, xoruzu mənalı–mənalı çox süzdü, sonra onu özü ilə aparmaq arzusunda olduğunu bildirdi.

Çox–çox sonralar onun «Dünya arxayındır etibarıma» adlı kitabında «Sərhəd boyunda ov» adlı şerini (1990–cı il, səh.38) oxudum. Onda şairin 20 il əvvəl meşə xoruzuna çox mənalı–mənalı baxışını xatırladım. Onun bu qədər gec çap olunması əsassız deyilmiş. Axı, siyasi məzmununa görə o vaxt senzura onun çapına çətin imkan verərdi!

Sonra şairi Arazın sahilində salınmış Mincivan qəsəbəsi ilə tanış etdik. Qəsəbə ilə rayon mərkəzi arasında on kilometrlik şosenin hər iki tərəfində qamətli çinarlar çətirləşib yaşıl tunel əmələ gətirmişdi. Nəinki yayın ən qızmar çağında, hətta qışda belə bu yolla gedib–gəlmək adama ləzzət verir. Onun çəkilməsi, kənarlarının yaşıllaşdırılması haqqında söhbət saldıq. Şair yolu çəkənlər, ağacları əkənlər haqqında çoxlu xoş sözlər dedi. Onun bu səfərdə aldığı təəssürat «Mincivan» və «On min çinar» adlı şerlərində öz əksini tapmışdır:

          Cərgənizlə vidalaşdım.

          Hər yarpaqda gözüm qaldı.

          Hayıf ki, tez vidalaşdım…

          O nəğməli dilinizdə

          Sanki on min sözüm qaldı.

A.Zeynallı sonralar Zəngilana 1979, 1982–ci və sonuncu dəfə isə 1987–ci ildə gəlmişdi. Bu gəlişləri zamanı aldığı təəssürat altında «Koroğlu daşı», «Çinarlıq» və «Zəngilan» şerlərini yazmışdır. Bu şerlərdə şairin rayonun təbiətinə vurğunluq öz ifadəsini aydın tapmışdır. Azərbaycan torpağının gözəl guşəsi kimi Zəngilanı da öz ilhamının bulağı hesab etmişdir.

 

          Gül camalın gözlərimdən getməyib,

          Sərt sözün də könlümü incitməyib,

          Hələ nəğmən yarımçıqdır, bitməyib,

          İlhamımın bulağısan, Zəngilan!

          Azərbaycan torpağısan Zəngilan!

Tanış olduğum dövr ərzində onda müşahidə etdiyim keyfiyyətlər – təvazökarlıq, mehribanlıq, konkretlik mənə son dərəcə xoş təsir bağışlayırdı. Atif müəllim o qədər sadə idi ki, zahirən heç bir cəhətdən diqqəti cəlb etmirdi. Adama elə gəlirdi ki, uzun müddətdir ki, onunla bir yerdə olur. Ancaq görüşlərdə onun intellektual səviyyəsi oxucuları dərhal maqnit kimi özünə cəlb edirdi. Bax, buna görə də, bir oxucu kimi hər görüş məndə dərin məmnunluq hissi doğururdu.

Onunla dördüncü görüşümüz 1987–ci ilin əvvəllərində oldu. Əvvəlki görüşlərimiz kimi, bu görüşümüz də hər ikimiz üçün çox xoş idi. Hava çox soyuq olduğu üçün tez–tez öskürürdü. Həmyaşıd kimi ona papirosu tərgitməyi təkid etdim. Hətta qeyri–təvazökarlıq olsa da, özümü nümunə göstərdim. Axı, mən papirosu tərgidəndən sonra xeyli yaxşılaşmışdım. Söz–söhbətdən sonra zarafatla hansı rayonda isə olarkən bir tütünçü qıza həsr etdiyi şnrdən bir parçanı dedi:

          Abşerona dönüm necə?

          Yanım necə, sönüm necə?

          Pəncərəmin qabağında,

          Bil ki tütün əkəcəyəm

          Papirosu tərgitmişəm,

          Bundan belə çəkəcəyəm.

Söhbət zamanı bildirdim ki, onun nəinki özünün, hətta həyat yoldaşı Səyyarə xanımın, oğlu  Xəzərin də yaradıcılığını izləyirəm. O, bundan çox razı qaldığını bildirdi. Səyyarə xanımın 1982–ci ildə çapdan çıxan «Mənsuriyyə» kitabına, Xəzərin «Ulduz» jurnalında dərc olunmuş bir sıra şerlərinə məmnuniyyətlə avtoqraf yazıb mənə verdi. Atif iki gündən sonra qayıtmalı oldu. Gedərkən dedi:

– Baharda mütləq gələcəyəm. Zəngilana aid yazmalı mövzularım vardır.

Elə bu xoş arzu ilə biz ayrıldıq. Ancaq, doğrudan da, adam taleyin hökmündənxəbərsizdir. Xəyalımıza da gəlməzdi ki, bu, bizim axırıncı görüşümüz və əbədi ayrılığımız olacaqdı. Onda hələ Atif müəllim heç təqaüd yaşına belə çatmamışdı. Xudu Məmmədov, Kərim Rəfizadə, Hafiz Baxış kimi onun da ürəyi xalqımızın erməni təcavüzü nəticəsində düşdüyü faciəyə tab gətirmədi.

Onun haqqında verilmiş nekroloqu oxuyanda xalqımızın istedadlı şair və alim oğlunun vaxtsız vəfatı üçün kədərlənməkdən başqa əlimizdən nə gələrdi?! Ancaq onunla təskinlik tapmaq olardı ki, zəngin yaradıcılıq irsi xalqın qəlbində onu əbədi yaşadacaqdır.

Respublikamızın bir çox bölgələrində olduğu kimi, bizim dağlarımızda da onun izi, könlümüzdə isə sözü qalmışdır. Şairin Zəngilana dair yazdığı altı şerin hər biri isə rayonun sakinləri üçün şöhrət çələngidir. Qoy mənim bu təəssüratım da erməni təcavüzü nəticəsində indi didərgin düşüb respublikamızın müxtəlif yerlərində məskunlaşmış bütün zəngilanlılar adından bu xatirə günündə onun məzarı üstünə qoyulmuş ehtiram çələngi olsun!

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir