ÖMÜR DEDİKLƏRİN  BİR KARVAN YOLU…

Ömür yollarının təəssüratı unudulmaz olur. O illər əlçatmaz olsa da, adam heç olmasa yaddaşın köməyi ilə ona qovuşmaq istəyir. N.Tusi adına APU–nun fizikanın tədrisi metodikası kafedrasının müdiri tələbə yoldaşım, professor, əməkdar elm xadimi Sədi İmanovla görüşə də elə bu xatirələrin sorağı ilə getmişdim.

Mən kafedraya daxil olanda özü hələ gəlməmişdi. Gözləməli oldum. Vaxtdan istifadə edib rəflərdəki kitablara, albomlara, referatlara baxırdım. Rəflərdən birinin şüşəsi arxasına ehtiram əlaməti olaraq Sədi müəllim professor Abasqulu Abaszadənin portretini qoymuşdu. Bu, məni xəyalən 1945–ci ilə qaytardı. Şux qaməti, girdə sifəti, şəvə kimi saçları, daim təbəssümlü çöhrəsi gözlərim önündə canlandı.

Müharibə illərində Abaszadə Bakı neftində reaktiv elementlərin olub–olmaması haqqında tədqiqat aparırdı. 1953–cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan SSR AS deputat seçilmiş, «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri ilə təltif edilmişdir. İlk dəfə olaraq Azərbaycandan Ümumittifaq PEA müxbir üzv seçilmək şərəfi ona nəsib olmuşdur.

1960–cı ilin payızı idi. Mənə xəbər verildi ki, müəllimlərin qurultayı qarşısında Qubadlı müəllimlərinin konfransını keçirmək üçün Bakıdan nümayəndələr gəlib. Rayon qəzetinə material hazırlamaq üçün təhsil şöbəsinə getdim. Burada professor Abaszadə və onun aspirantı Sədi İmanovu gördüm. Çox arzuladığım adamlarla uzun ayrılıqdan sonra gözlənilmədən görüşmək necə də həyəcanlandırıcı olurmuş?!

Müəllimlər konfransının iştirakçıları professoru ehtiramla qarşılayıb, onu sürəkli alqışlar altında müəllimlər qurultayına özlərinin nümayəndəsi seçdilər.

İmkan tapıb rayonun hörmətli ziyalısı, RİK–in sədri Məmməd Salayevlə birlikdə  onu Qubadlının görməli yerləri ilə tanış etdim.

Hörmətli alimimiz öz mənbəyini Zəngəzur dağlarından götürən Həkəri və Bərgüşad çaylarının bərq vuran ilan kimi qıvrıla–qıvrıla axıb Arazla qovuşmasına, rayonu üç tərəfdən qala divarları kimi əhatə edən, zirvələri qarlı–qartallı Zəngəzur dağlarına, qoynu cənnət timsallı meşələrinin füsunkar mənzərələrinə baxmaqdan doymurdu. Bu heç də onun buranı ilk dəfə görməsi ilə deyil, ümumiyyətlə, Vətənin təbii gözəlliyinə vurğunluğun ifadəsi idi… Elə bu an qəlbimdən ağır bir sızıltı keçdi. O zamanlar heç ağlımıza da gəlməzdi ki, sonralar bu yerlər ermənilər tərəfindən işğal edilib neçə–neçə nəsillərin min illər boyu yaşadığı yurdlar talan–qarət olunacaqmış…

Məni bu xəyallardan qapının səsi ayırdı. Sədi müəllim əlində portfel ahıllara məxsus addımlarla içəri daxil oldu. Son görüşümüzdən 35 il keçirdi.

Biz tələbəlik illərimizi, Qubadlıda olarkən Abaszadə ilə keçirdiyimiz görüşləri kövrək hisslərlə xatırladıq. Mənim Sədi müəllimlə görüşməkdə məqsədim də məhz Abaszadə ilə bağlı Qubadlı xatirələrinin təfərrüatlarını dəqiqləşdirmək idi.

Yetirmələrindən biri olan Albert Qılmanla burada görüşdüm. O, 1957–ci ildə Moskva universitetini bitirib. Abaszadənin assistenti olmuş, vəfatından sonra isə 1969–cu ildən 1976–cı ilə kimi onun kafedrasına rəhbərlik etmişdir. Ona belə bir sualla müraciət etdim:

– Görkəmli alimimizin vəfatından 25 ilə yaxın vaxt keçmişdir. Bu müddətdə onun haqqında təəssüratlarınız tam formalaşmışdır. İndi onun haqqında nə deyə bilərsiniz?

– Mübaliğəsiz deyərdim ki, o, sözün tam mənasında güclü adam və yaxşı insan idi. Bu, təkcə mənim fikrim deyil. Əgər onun bütün yetişdirmələri ilə rəy sorğusu keçirilsə, onlar da bunu təsdiq edə bilərlər.

Onun yetişdirmələrinə Azərbaycanın bütün rayonlarında rast gəlmək olar. Əlli nəfərə yaxın isə elmi dərəcəli kadr yetişdirmişdir. Elmlər doktorları Kamal Hüseynov, Zahid Qaralov, Abbas Bəşirov, elmlər namizədləri Məhəmməd Əfəndiyev, Şakir Xəlilov, Əlisa Əhmədov və başqaları çox səmərəli elmi fəaliyyət göstərirlər.

O, otuz il fasiləsiz kafedra müdiri işləmişdir. Onun «Fizika terminləri lüğəti», «İstilik keçirmə», «Molekulyar fizika», «Termodinamika», iki hissədən ibarət «Fizikada hərbi texnika elementləri» kitabları bu gün də dərslik kimi geniş istifadə olunur. XIX əsrin sonu XX əsrin əvvəllərində bir parça çörək qazanmaq üçün çoxları neft Bakısına pənah gətirirdi. Onların arasında Cənubi Azərbaycandan da gələnlər az deyildi. Ağabala kişidə yeganə övladı Abasqulunu 9 yaşında 1915–ci ildə götürüb Təbrizdən Bakıya gəlmişdi. O, burada ADU–nun fizika fakültəsini bitirib, 1930–cu illərdən APİ–də elmi pedaqoji fəaliyyətə başlamışdır. Ömrünün sonuna kimi burada çox səmərəli pedaqoji və elmi fəaliyyət göstərmişdir.

A.Abaszadə Təbrizdə dünyaya göz açsa da, taleyin ona bəxş etdiyi istedadının zirvəsini Bakıda fəth etməyə nail olmuşdur. Təbriz haqqında atası ilə onun arasında olan söhbətləri ilə maraqlandım. Söhbət zamanı Azər müəllim dedi:

– Atam üçün Şimali və Cənubi Azərbaycan coğrafi məhfum olsa da, onun qəlbində vahid məkan idi. Atamın Massalıdan Azərbaycan AS deputat seçilməsi ilə əlaqədar olaraq onu öz şəxsi maşınımızla müəyyən vaxtlarda ora aparardım. Hər dəfə tikanlı sərhəd məftillərini görəndə dərindən köks ötürüb deyərdi:

– Xudaya, görən bu məftillər nə zaman söküləcəkdir.?!

Bu o zamanlar idi ki, sərhəddin tikanlı məftillərinə tərəf baxmağa belə adamlar ehtiyat edirdilər. Onun qəlbinin dərinliklərində necə həsrət çəkdiyinə bu sözlər çox aydın işarə idi…

Ömür dedikləri bir karvan yoludur. Bu yolun uzun və qısa olması şərt deyil, onun mənası əməli fəaliyyətdədir. Görkəmli alim təqaüd yaşına yenicə çatıb 63 yaşında dünyasını dəyişsə də, bu müddətdə zəngin elmi–pedaqoji bir irs və həmçinin təbrizli Abaszadələrin Bakıda yeni bir nəslinin təməlini qoymuşdur.

Bakının mərkəzi küçələrinin biri olan Şeyx Şamil küçəsində yaşadığı 10 nömrəli evin qabağına vurulan lövhə, Səbael rayonunda 1128–ci keçidə onun adının verilməsi təbrizli Abaszadələrin Bakı nəslinin tarixindən xəbər verən ilkin rəmzlərdir.

Hər bir görkəmli alim kimi Abaszadə də yaradanın xalqa bəxşişidir. Onun irsi xalq üçün əvəzsiz maddi və mənəvi xəzinə, keçirdiyi zəhmətli ömür yolu isə nəsillər üçün nümunə ola bilən bir yoldur. Onun gələn ilin aprelində anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq bu yola bir daha geniş nəzər salmaq, nəinki alimə ehtiram, həm də onun irsinin öyrənilməsi və yeni nəsillərə təbliğat baxımından çox diqqətəlayiq tədbir olardı.

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir