İNTİZARLA GÖZLƏNƏN GÜN

BİRCƏ GÜNƏ DÖZMƏZDİM…

…Oldum illər ayrısı… 4 il və ya 1450 gün! Elə günlər ki, mübaliğəsiz demək olar hər saniyəsi aylar qədər bizə uzun görünmüşdür.

Səfalı Zəngəzur dağlarının qartallı zirvələri, ağ örpəkli gəlinlərə bənzəyən şəlalələri, Həkəri, Oxçu, Bəsit, Araz vadiləri boyunca uzanıb gedən bərəkətli tarlalar, bağlar-bağçalar, füsunkarlığı vəsfə gəlməyən Leşkər, Süsən, Top meşələri, qoynu cənnət timsallı Bəsitçay qoruğu, qamətli çinarlar nəinki gündüzlər bir an xəyalımızdan çıxmamış, hətta gecələr də yuxumuzda bizi tərk etməmişdir. Lakin gündüz xəyaldan ayrılanda, səhərlər yuxudan oyananda özümüzü o yerlərdən uzaqda görəndə, qaçqın sözünü eşidəndə qəlbimiz qəmdən-qüssədən, həsrətdən, necə deyərlər, soğan qabığı kimi soyulur, duz basılmış yara kimi sızıldayır. Xudaya, Vətən dərdi necə böyük dərd imiş! Müdriklərimiz necə dolğun demişlər:“Yüz il sel oya bilməz, bir gün qəm oyan yeri“

HƏSRƏT NALƏSİ

Arazdan İrana keçəndə sağ sahildən Zəngilanı seyr edərkən xatırladığım ilk mahnı Yaqub Zurufçunun “Aman ayrılıq“ mahnısı oldu. Bu mahnını bizim Azərbaycanda oxuyan az deyildir. Ancaq onların heç birisinin ifası Yaqub kimi yanğılı səslənmir. Çünki bu onun illərdən bəri çəkdiyi Vətən həsrətinin naləsidir!

Bu gün hansı qaçqından soruşsan ki, Vətən həsrətindən ağır dərd varmı? O ürək ağrısı ilə deyər: yox!… yox!… yox!… Çünki artıq neçə illərdi ki, onlar bu dərdi yaşayırlar. Bu gün respublikanın müxtəlif guşələrinə səpələnmiş qaçqınlar kimi, zəngilanlılar da düçar olduqları bu faciəni sonsuz bir kədərlə xatırlayırlar.

İşğal olunmuş bütün rayonlar kimi, Zəngilanın da işğalı haqqında az deyilib yazılmamışdır. Ancaq bu barədə nə qədər deyilib yazılmış olsa da  yenə də demək və yazmaq lazımdır. Çünki bunlar bu günün hadisələri olub tarixə dönmüş olsa da, zaman-zaman gələcək nəsillərin bunları yaddaşlarında  möhkəm saxlayıb nəticə çıxarması üçün çox ibrətamizdir.

EVİMİZ EVLƏRİ OLUB,  DƏRDLƏRİ DƏRDLƏRİMİZ

Sahəsi 707 kvadrat kilometr olan Zəngilan Zəngəzurun 6 bölgəsindən biridir. O, Mehri vəQafan rayonları ilə 160 kilometrdən artıq sərhəddə malikdir. Bakı-Yerevan və Bakı-Qafan  qatarları Zəngilandan keçir. İki rayonun birlikdə əhalisi Zəngilandan 4 dəfə çoxdur. Hər iki rayonun güclü sənaye potensialı vardır. Belə bir strateji mövqeyi olan Zəngilan 1988-ci ildən 1993 -cü il oktyabrın 31-nə kimi ön cəbhə olmuşdu. Bir müddət Qafandan, Mehridən, Ermənistan rayonlarından maşınlar, eşalonlarla gələn qaçqınlar üçün Zəngilan dayaq məntəqəsi olmuşdu. Mincivan qəsəbəsində, onun ətraf kəndlərində, Zəngilan şəhərində qaçqınlar əlindən tərpənmək olmurdu. Rayon sakinlərinin evləri qaçqınların evi, dərdləri də onların dərdləri olmuşdur. Qaçqınları yerləşdirmək, onları azuqə ilə təmin etmək, maşınlarla, qatarla başqa rayonlara yola salmaq üçün rayon əməkçiləri aylarla əziyyət çəkmişdir. Qafandan, Mehridən gələn qaçqınların bir çoxuna ev tikilmək üçün torpaq verilmiş və kəndlər salınmışdır. Onda heç xəyalımıza da gəlmirdi ki, belə bir tale bizə də nəsib olacaqmış. Axı, Zəngilanın Qarabağla bir qarış  sərhəddi də yoxdur!

QARABAĞ HAVASI, KÜRSÜ DAVASI

Şahmatda edilən hər hansı bir səhv gediş hansı bir gedişdə isə sahibinə məğlubiyyət gətirir. Siyasətdə də belədir. Hadisələr başla-nan gündən rəhbər vəzifədə olanlar ermənilərin məkrli gedişlərini, habelə xarici amilləri nəzərə almadan Qarabağ kartını ayrı-ayrı qrup-laşmalar, hakimiyyət, vəzifə kürsüsü üstündə mübarizəyə çevirdilər. Bununla əlaqədar olaraq baş verən hadisələrə bir nəzər salmaq kifayətdir. Bütün bunlar isə ermənilərə 1992 -ci ilin sonuna kimi Ermənistandan və Qarabağdan bütün azərbaycanlıları çıxarmağa, Xocalını yerlə yeksan edib Şuşanı, Laçını alaraq dəhlizi açmağa və nəzərdə tutduqları planın birinci və ikinci mərhələsini başa çatdırmağa nail oldular.

Xalq cəbhəsinin liderləri isə düşmənin gedişlərini lazımınca izləməyib çox səriştəsizlik göstərdilər. Bundan istifadə edən ermənilər havadarlarının köməyi ilə öz planlarının üçüncü hissəsini həyata keçirməyə başladılar. Bu, 1993-cü il aprelin 6-da Kəlbəcərin, sonra Ağdərənin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və nəhayət, oktyabrın 30-da Zəngilanın işğalı ilə başa çatdırıldı.

QAPINI AÇIQ QOYANDA

Müxalifət, xüsusən xalq cəbhəsinin liderləri belə bir iddia ilə özlərinə bəraət qazandırmağa cəhd edirlər ki, guya onların dövründə 2 rayon işğal olunduğu halda, indiki iqtidarın dövründə 6 rayon işğal olunmuşdur. Bu yerdə bir xalq hikməti yada düşür:

Əgər məscidin qapısı açıq qoyulubsa və ora it girmişsə, günah kimdədir? İtdə, yoxsa məscidin qapısını açıq qoyanda? Axı, Kəlbəcər Azərbaycanın qapısı idi. Həmin qapıdan Zəngilana gəlmək çox da çətin deyildi. Bəs onu kim açdı? Hadisələrin gedişini xatırlamaq kifayətdir. Kəlbəcər işğal olunarkən “Komsomolskaya pravda“ yazmışdır ki, ermənilər Horadizin yolunu kəsib Azərbaycanın cənub-qərb rayonlarının əhalisinin İrana keçmək zərurətini ortaya çıxarmaqla İran üçün yeni problemlər yaratmaq niyyətindədir. Həmin vaxt Tehranda çıxan qəzetlərdən birinin siyasi icmalçısı “Qarabağ Tehranın gözü ilə“  (“Ayna“ qəzeti, aprel) bəzi mətləblərə eyham vurur və qonşu ölkələrin siyasi dairələrinin nəzərinə çatdırır ki, ermənilər regionda çox məkrli bir rol oynamaqdadırlar. Həmin dövrdə Keşişyan familiyalı bir “daşnakstyun“çu çıxış edərək demişdir ki, yaxın illərdə Ermənistan üçün heç bir ərazi problemi olmayacaqdır.

Çox qəribədir ki, Kəlbəcər işğal edilərkən T.Petrosyan Moskvada, Zəngilan işğal olunarkən Fransada idi. Bununla o sanki Ermənistanın təcavüzkar olmadığını, həmin rayonları Qarabağ ermənilərinin öz təhlükəsizliyi naminə işğal etdiklərini nümayiş etdirirdi.

Görəsən, nə qədər məkrli bir siyasətçi olmalısan ki, dünya ictimaiyyətini aldatmağa belə bir cəsarət göstərəsən. Bu yerdə istər-istəməz bir el məsəli yada düşür: “Arxalı köpək qurd basar“.

ZƏNGİLAN SÜQUT ƏRƏFƏSİNDƏ

Zəngilan işğal olunan günə kimi ön cəbhə olmuş, Qubadlının işğalından sonra onun müdafiə zonası yüz kilometrdən çox artmışdır. Zəngilan işğal olunana qədər 200 nəfərə yaxın şəhid vermiş, 27 nəfər qətlə yetirilmiş, 32 nəfər itkin düşmüş, tam işğala qədər 1992-ci ilin dekabrında 11 kənd işğal edilmişdir. Rayonun şəhər və kəndlərinə on minlərlə top, qrad, mina mərmiləri atılmış, pulemyot, avtomat və xırda çaplı silahlardan güllə yağış kimi yağdırılmışdır.

Zəngilanda erməni təcavüzünə qarşı rayon əhalisinin, habelə müdafiə batalyonunun fəaliyyəti həmkarlarımdan Nəriman Mikayıl oğlunun “Zəngilanın süqutu“, Akif Kərimlinin “İşğal“, “Zəngilan şəhidləri“, “Hay verin“ kitablarında, “Azərbaycan ordusu“ qəzetinin müxbiri Rəşid Fəxralının “Arazı mən də keçdim, ürəyimdə dərd yükü“ oçerkində, bir çox televiziya verilişlərində öz əksini geniş tapmışdır. Ona görə bu barədə təfərrüata getmək istəmirəm. Ancaq Zəngilanın işğalı başqa rayonlardan onunla fərqlənir ki, o, mühasirə vəziyyətinə düşmüşdür. Horadiz yolu kəsiləndən sonra onun yalnız İranla Araz boyu sərhəddi qalmışdı. Zəngilana ermənilərin hücumu Azərbaycan Hərbi Nazirliyinin və Xarici İşlər Nazirliyinin müvafiq bəyanatlarında ətraflı şərh olunmuşdur. Hətta oktyabrın 26-da Moskva radiosu belə bir xəbər yaymağa başlamışdır ki, ermənilər Zəngilana silahları yerə qoyub, oktyabrın 27-də saat 19-dək təslim olmaq haqqında ultimatum vermişdilər.

Rayonun mühasirəyə alınması Xocalı faciəsinin təkrarına ehtimal yaradırdı. Düşmənə girov düşməmək üçün əhali öz doğma yurdlarını, illərdən bəri əldə etdikləri var-dövlətlərini tərk edib Arazdan İran tərəfə keçdi. Bu faciəli mənzərəni təsvir etmək çox çətindir. Yalnız onu deyə bilərəm ki, milyon-milyon manatlarla vəsait sərf edib onu ekranlaşdırmaq mümkün olsa belə, bu faciəni dolğunluqla əks etdirmək olmaz.

Mağarları qurulu, gərdəyi asılı, xonçaları açılmamış, sevgilisi toy günü şəhid olmuş qızların, Araz sahilində yenicə dünyaya göz açan körpəsini bələməyə əski tapmayan, uşağı qucağında can verən ananın, ölmüş valideynini mərmi atəşi altında əlacsızlıqdan evin həyətində torpağa tapşırıb evini tərk etməyə məcbur olan övladların, gözünün qabağında doğmaları Arazda boğularkən ona kömək etməyi bacarmayan adamların həyəcanını, iztirab və naləsini necə ifadə edəsən?!

Bu yerdə bir xalq deyimi yada düşür:

Əgər insanların kədəri daim tüstülənsəydi, kürreyi-ərz daim duman içərisində olardı…

İNTİZARLA GÖZLƏNƏN GÜN

Nə yaxşı ki, tüstülənmir. Yoxsa kədər dumanı içərisində ədalət də, haqq da görünməz olardı. Nə yaxşı ki, ümid var, inam var. Kədər tüstü-dumanı içərisində insanları azmağa qoymur, onların qəlbini nurlandırır.

Sonuncu qaçqın köçü Arazın sağ sahili boyu İran torpağı ilə İmişli keçid məntəqəsinə məhz ümidin və inamın işığı ilə gəlirdi. İnanır və ümid edirdilər ki, bu dar gündə inanıb prezident seçdikləri H.Əliyev cənablarının köməyi ilə xalq onlara dayaq duracaqdır. Belə də oldu. Əvvəlki qaçqınlar kimi, Zəngilan əhalisi də çadırlarda, qonşu rayonlarda – Sumqayıtda, Bakıda və mümkün olan digər yerlərdə çətinliklə olsa da yerləşdirildi, onlara maddi və mənəvi kömək göstərildi.

Bu gün bütün zəngilanlılar o ağır günlərdə onlara dayaq duranların hamısını dərin minnətdarlıq hissi ilə yada salırlar.

1994-cü ilin mayın 12-dən atəşkəsdidən, habelə dövlətçiliyimizə qəsd cəhdlərinin qarşısının alınmasından sonra əmələ gəlmiş sakitliklə əlaqədar olaraq camaat doğma yurda qayıtmaq ümid və inamı ilə qaçqınlıq dərdinə dözdülər.

Belə bir hikmət var ki, hiyləgərliyin min bir, həqiqətin isə bircə yolu vardır. Hiyləgərliyin bütün yolları asanlıqla tapılsa da, həqiqətin yeganə yolunu tapmaq çox da asan deyildir. Bu yolu dərin zəkanın, inamın, ümidin gücü ilə tapmaq olar. Hörmətli prezidentimiz öz qətiyyəti ilə bu yolu artıq tapmışdır. Onun çox gərginliklə, yorulmadan apardığı diplomatik və əməli səylər bunu sübut edir.

Böyük sənətkar Hüseyn Cavid deyir:

Kim kəssə tökülən qan izini,

Qurtaran dahi odur, yer üzünü.

Bütün Azərbaycan xalqı ilə birgə zəngilanlılar da onun Heydər Əliyev cənablarına nəsib olacağına ümid edir, inanır və bunu arzulayır. Hamı torpaqlarımızın azad edilməsini, qaçqınlar köçünün geri dönəcəyi günü min bir intizarla gözləyir.

Kaş o gün tez gələydi!

Mürsəl Qocayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir