Üzeyir Hacıbəyov küçəsi 34. Öz memarlıq elementləri ilə diqqəti cəlb edən bu binada respublikamızda ilk ali təhsil ocaqlarından biri olan Pedaqoji Universitet yerləşir. Özünün 70 ildən çox fəaliyyəti dövründə bu elm ocağı xalq təhsili üçün yüksək ixtisaslı pedaqoji mütəxəssislər hazırlayan bir mərkəz rolunu oynamış və indi də oynamaqdadır. Məzunu olmuş hər kəs kimi mənim üçün də bu elm məbədi müqəddəsdir. Hər dəfə bu məbədin yanından keçəndə tələbəlik illəri haqqında xatirələr qəlbimdə baş qaldırır. Buraya da elə həmin xatirələrin sorağı ilə gəlmişdim. Məqsədim 1944–1948–ci illərdə bir yerdə oxuduğum, yaxın ünsiyyətdə olduğum yoldaşlarımdan biri – APU–nun professoru Sədi İmanovla görüşmək idi.
– Bir az gözləyin, indi gələr, deyə işlədiyi kafedranın müəllimlərindən biri cavab verdi və oturmağa yer göstərdi.
Vaxtdan istifadə edib onun iş otağını nəzərdən keçirdim. Stolun üstündəki şüşənin altına qoyulmuş, ilk baxışda diqqəti cəlb edən şəkil məni kövrəltdi. Bu, 1946–cı ildə ikimizin birlikdə çəkdirdiyimiz xatirə şəkli idi.
Qapı açıldı, gələn Sədi idi. Doğrudan da çox ahıllaşmışdı. Əvvəlki görkəmindən yalnız üz cizgiləri, bir də ki, mehriban baxışları qalırdı. Qıvrım saçlarından əsər–əlamət yox idi. Elə mən də onun kimi. Tərəddüdlə baxdı. Hiss etdim ki, tanımaqda çətinlik çəkir. Ancaq stolunun üstündəki şəklə baxdığımı görüb həyəcanla məni qucaqladı. Düz 50 il bundan qabaq çəkilmiş şəkildən cavanlığımız ahıllığımıza baxırdı…
Sədi müəllimin həyat yolu keşməkeşli və bir qədər də əzablı olmuşdur. İnsitutu qurtarıb Şamaxıya təyinat aldıqdan sonra dəfələrlə aspiranturaya daxil olmaq istəmişdi. Lakin atası represiya qurbanı olduğu üçün “süzgəc“ komissiyasından keçə bilməmişdi. Buna 8 il sonra, yəni atası bəraət alandan sonra nail olmuşdu.
Elmi–pedaqoji axratışları 1963–cü ildə “Orta məktəbdə fizikanın tədrisində kino proyeksiya və digər proyeksiya növlərindən istifadənin metodikası və texnikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etməsi ilə nəticələnmişdir. Elmi axtarışlarını daha inamla davam etdirirərək 1973–cü ildə doktorluq dissertasiyasını da müvəffəqiyyətlə müdafiə etmişdir
Bütün bu illər ərzində şəxsən görüşə bilməsək də, tələbə yoldaşı kimi onun müvəffəqiyyəti məni həmişə sevindirirdi. İndi isə bu sevinci bölüşmək üçün görüşünə gəlmişdim. Bu, həm də anadan olmasının 70 illiyi ilə əlaqədar institutda keçiriləcək tədbirlərlə əlaqədar idi.
Xeyli söhbət edib dərdləşdik. Öyrəndim ki, elmi–pedaqoji kadrların hazırlanmasında xidmətinə görə elmlər doktoru, professor, keçmiş SSRİ PEA–nın müxbir üzvü, 1990–cı ildə həmin akademiyanın Rəyasət Heyətinin üzvü olmuşdur. S.İmanov Azərbaycanın əməkdar elm xadimidir. Müxtəlif illərdə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin, Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.
O, 1976–1993–cü illərdə APİ–də “Pedaqokika və fənlərin tədrisi metodikası“ üzrə elmlər namizədi alimlik dərəcəsi verən ixtisaslaşmış müdafiə şurasının əvvəlcə sədr müavini, sonra isə 10 ildən artıq həmin şuranın sədri kimi fəaliyyət göstərmişdir. 30 –dan artıq namizədlik işinin rəhbəri, 40–dan artıq elmlər doktoru və namizədlik rəsmi opponenti olmuşdur.
Alimin elmi–pedaqoji irsinin statistikası da onun zəhmətindən xəbər verir. Bu irsi 300 çap vərəqi həcmində olan 100 adda elmi əsər təşkil edir. Onların arasında 14 monoqrafiya, 24 tədris vəsaiti, 4 fundamental kitabın tərcüməsi, metodiki göstərişlər, dərslik redaksiyası, çoxlu elmi məqalələr vardır.
Görüşümüz zamanı akademikin 70 illiyi ilə əlaqədar olaraq institutun mətbəəsində çap olunmuş kitabın sinqal nüsxəsi gətirildi. Kitaba belə bir epiqraf verilmişdi:
Bir qocaman alim yaşar öz dünyasında,
Əlləri də beyni kimi qabar–qabardır.
Yerində deyilmiş ifadədir. Sədi müəllim doğrudan da zəhmətkeş alimdir. O, ömrünün yola saldığı illərində hələ neçə–neçə nəsillərin istifadə edə biləcəyi elmi izlər qoymuşdur…
Mürsəl Qocayev